“2017-ci il qarşıdurmaların artmasının müşahidə olunduğu il kimi yadda qaldı” Siyasət

“2017-ci il qarşıdurmaların artmasının müşahidə olunduğu il kimi yadda qaldı”

"2017-ci il dünya iqtisadiyyatında bir tərəfdən müsbət dinamikanın (Avropa Birliyi, ABŞ iqtisadiyyatında ÜDM-in artması), digər tərəfdən isə müxtəlif ölkələr arasında qarşıdurmaların (Rusiyaya yeni sanksiyaların tətbiqi, Qatar böhranı, Suriya münaqişəsinin davam etməsi, Şimali Koreya böhranı) artmasının müşahidə olunduğu bir il kimi yadda qaldı. Konfliklərin artması iqtisadi münasibətlərə təztiqləri daha da artırmış və kapitalın sərbəst hərəkətində çətinliklər yaradıb. 2017-ci il ərzində neftin qiyməti orta hesabla 25% artıb. Bununla yanaşı bu il ərzində də dünya sürətlə informasiya və texnologiyalar dövrünə daxil olmaqda davam edib". Bunu fikirləri deputat Tahir Mirkişili səsləndirib. O bildirib ki, bu il Azərbaycan üçün iqtisadi cəhətdən əlamətdar hadisələr ili kimi yadda qalacaq: "Bu ilin ilk 9 ayının göstəricilərinə uyğun olaraq son iki ildə ilk dəfə olaraq tədiyyə balansının cari əməliyyatlar hesabında 1.1 milyard dollar profisit yaranıb. 2015-ci ildə defisit 222.5 milyon dollar, 2016-ci ildə isə 1.363 milyard dollar təşkil edib. 2017-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında defisit 200 mln dollar və ya 5% azalıb. 2017-ci ildə ölkədə makro iqtisadi sabitlik təmin olunub, manatın məzənnəsi sabit olmuş və manat məzənnəsinə olan iqtisadi təhlükələr aradan qaldırılıb. 2017-ci ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 26.5% artıb. İxracın həcmində isə 50% artım müşahidə olunub. Xarici ticarət dövriyyəsində ixracın payı 61%-ə çatmış, ixrac idxalı 4.7 milyard dollar üstələyib. Keçən dövr ərzində ölkədə qeyri-neft sektoru 2.4%, qeyri-neft sənayesi 3.5%, kənd təsərrüfatı məhsulları istehsalı isə 4% artıb".