12:53
392
“Süni intellektin tətbiqi xərclərin optimallaşdırılması baxımından mühüm üstünlüklər yaratsa da, bu proses əmək bazarında yeni çağırışlar da formalaşdırır”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov “Xalqcebhesi.az”a açıqlaması zamanı deyib.
O qeyd edib ki, xərclərin azaldılması bir çox hallarda məhsul və xidmətlərin daha münasib qiymətlərlə təklif edilməsinə şərait yaradır:
“Süni intellekt xərclərin optimallaşdırılmasına, xüsusilə də xidmət sektorunda xərclərin minimallaşdırılmasına gətirib çıxara bilər. Bu isə biznesin səmərəliliyinin artırılması ilə yanaşı, istehlakçılar üçün də müsbət nəticələr vəd edir. Hazırda Azərbaycanda daha çox dövlət sektorunda süni intellektdən istifadənin genişləndirilməsi müşahidə olunur və bu istiqamətin inkişafı ölkənin prioritetləri sırasındadır. İnkişaf edən süni intellekt fonunda əsas çağırışlardan biri əmək bazarının strukturunda baş verən dəyişikliklərdir.* Bu kontekstdə əmək bazarının alternativ alətlərlə dəstəklənməsinə ehtiyac var. Qlobal meyllər göstərir ki, süni intellekt bir sıra iş yerlərinin, hətta bəzi ixtisasların sıradan çıxmasına, əmək bazarında xüsusilə müəyyən ixtisaslar üzrə tələbin azalmasına səbəb ola bilər.”*
Deputatın sözlərinə görə, Azərbaycanda da bu məsələlər diqqətlə qiymətləndirilir:
“Süni intellektin inkişafı prioritet istiqamətlərdən biridir. Bununla yanaşı, əmək bazarına mümkün təsirləri də ayrıca təhlil edilir. Bütün hallarda süni intellekt dövrün tələbidir və növbəti illərdə qlobal iqtisadiyyatda ondan daha geniş istifadə olunacağını müşahidə edəcəyik. Azərbaycan da bu prosesdən kənarda deyil. Lakin paralel olaraq əmək bazarına təsirlərin minimallaşdırılması və məşğulluğun təmin edilməsi istiqamətində fəaliyyətlərin daha da genişləndirilməsi zəruri olaraq qalır.”
Günel Elxan