Oqtay Əsədov Moskvada görüşlər keçirib Siyasət

Oqtay Əsədov Moskvada görüşlər keçirib

"Təəssüflər olsun ki, dünyada ikili, hətta üçlü standartlar mövcuddur"
Rusiya və Azərbaycan parlamentləri spikerlərinin görüşündə Ukrayna böhranı barədə də danışılıb.

Moskvada Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin arasında görüş keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Dövlət Dumasında keçirilən görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin komitə sədrləri Arif Rəhimzadə, Əli Hüseynli, deputatlardan Ülvi Quliyev, Mixail Zabelin, Muxtar Babayev, parlament aparatının rəhbəri Səfa Mirzəyev və rusiyalı deputatlar iştirak ediblər.
Görüş zamanı parlamentlər səviyyəsində iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, deputatların qarşılıqlı səfərləri, ölkələrimiz arasında həyatın müxtəlif sahələrində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu söyləyib: "İki ölkə arasındakı münasibətlər yüksək sürətlə inkişaf edir. Biz də ölkələrimizin parlamentarları olaraq dövlətlərarası münasibətlərə mühüm töhfə verə bilərik".
S.Narışkin Dövlət Dumasının Azərbaycan parlamenti ilə münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib: "Münasibətlərin səviyyəsini il ərzində hər iki ölkənin parlamentarlarının qarşılıqlı səfərləri açıq-aydın göstərir. Biz Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətini yüksək qiymətləndiririk. Parlamentlərarası qarşılıqlı fəaliyyət ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün yaxşı atmosfer yaradır. Parlamentlərarası qarşılıqlı fəaliyyət ölkələrimiz arasında mövcud olan siyasi dialoqun əsasını təşkil edir. Ümid edirik ki, Azərbaycan Milli Məclisi ilə Rusiya Dövlət Duması arasında münasibətlər bundan sonra da inkişaf edəcək. Bu gün sizinlə görüşümüzdə də parlamentlərimizin qarşılıqlı fəaliyyətini, qarşımızda duran vəzifə və tapşırıqları müzakirə edəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, Rusiya Azərbaycanla strateji münasibətlərin genişlənməsində, dərinləşməsində və inkişafında maraqlıdır".
Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyən Oqtay Əsədov hər iki ölkənin parlamentlərinin qarşılıqlı fəaliyyətinin bu münasibətlərə müsbət təsir etdiyini bildirib: "Azərbaycanda Rusiya ilə münasibətlərə böyük əhəmiyyət verilir. Bu ayın sonunda Bakıda ATƏT Parlament Assambleyasının yaz sessiyası keçiriləcək. Sizi də Bakıda böyük məmnuniyyətlə qəbul edəcəyik".
Milli Məclisin spikeri Rusiya Federasiya Şurası sədri Valentina Matviyenko ilə də bir araya gəlib. Matviyenko görüşdə Rusiyanın Ukraynada sülhün bərqərar olmasının tərəfdarı olduğunu bildirib: "Ukrayna bizim qardaş ölkəmizdir. Bu ölkədə növbəti rəngli inqilab keçirilməsi cəhdi böhrana səbəb oldu. Ölkədə silahlı hərbi çevriliş oldu və siyasi böhran yaşandı. Biz Ukraynda siyasi böhranının diplomatik danışıqlar yolu ilə həll olunmasının tərəfdarıyıq. Dəfələrlə Kiyev hakimiyyətinə ölkənin cənub-şərq regionlarında yaşayan insanlarla dialoq aparmağa çağırmışıq. Ümid edirdik ki, Ukraynada keçirilən prezident seçkisindən sonra ölkənin cənub-şərq regionlarında yaşayan insanlarla bir masa arxasına oturacaq. Lakin bunun əksini gördük. Kiyev hakimiyyəti silahlı müdaxiləni daha da gücləndirdi. Bu yolla Ukrayna problemini həll etmək mümkün deyil, əksinə bu böhranın eskalasiyasına gətirib çıxaracaq".
Valentina Matviyenko bildirib ki, Rusiya bir daha Ukraynın cənub-şərqində hərbi əməliyyatların dərhal dayandırılmasını, Kiyev hakimiyyətinin yerli əhali ilə danışıqlar masasına oturmağını təklif edir: "Bu prosesdə bütün siyasi qüvvələr iştirak etməlidir. Bununla yanaşı biz Ukrayna xalqının seçiminə hörmətlə yanaşırıq. Biz Ukrayna hakimiyyəti ilə dialoqa hazırıq. Rusiya Ukrayna böhranının həllində vasitəçi olmağa hazırdır".
Milli Məclisin sədri Oqtay Əsədov beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də ikili standart nümayiş etdiridiyini söyləyib: "Artıq 22 ildir ki, problem mövcuddur. Azərbaycan da Qərb ölkələrinin ikili standartları ilə üzləşib. Biz başa düşürük ki, yeganə çıxış yolu dilaoqdur. Ona görə də AŞPA-da Rusiya əleyhinə qətnamə qəbul olunan zaman Azərbaycan nümayəndə heyəti bunun əleyhinə çıxdı. Biz əminik ki, Rusiya-Ukrayna münasibətləri normallaşacaq. Çünki Rusiya-Ukrayna qardaş ölkələrdir. Təəssüflər olsun ki, dünyada ikili, hətta deyərdim ki, üçlü standartlar mövcudur. Biz bunu başa düşürük. Bu gün biz özümüz də beynəlxalq hüquqa hörmət edilməməsinin şahidi oluruq. Ümid edirik ki, yaxın zamanlarda Ukraynda qanlı müharibə sona çatacaq".