“Xarici İşlər Nazirliyi parlamenti məlumatlandırmalıdır” Siyasət

“Xarici İşlər Nazirliyi parlamenti məlumatlandırmalıdır”

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu açıqlamasında bildirib ki, seçkilərdən sonra əslində heç bir real dəyişiklik gözlənilmir:
"İllərdir hər iki dövlət arasındakı danışıqlarda hər hansı irəliləyiş nəzərə çarpmır, əksinə yerimizdə sayırıq. Azərbaycanın haqlı tərəflərini Ermənistan gözardına vurur, yerinə yetirmir.
Onu da vurğulamaq lazımdır ki, artıq Azərbaycan prezidenti Ermənistandakı seçkilərdən sonra həmin dövlətin prezidenti ilə deyil, baş naziri ilə danışıqlara gedəcək. Çünki Ermənistanda konstitusiya artıq dəyişib və bu seçkilərdən sonra orada əsas fiqur prezident yox, baş nazir olacaq. Doğrudur, böyük ehtimalla yenə də Serj Sarkisyan prezident kürsüsündən baş nazir kürsüsünə keçəcək və dövlət başçımız eyni şəxslə görüşəcək.
Amma fərqli statusda danışıqlar davam edəcək. Bunun da hər hansı dəyişikliyə səbəb olacağını gözləmirəm. Ermənistanda hakimiyyəti məhz separatçılığa başlayan qüvvələr idarə edir. Robert Koçaryan və Serj Sarkisyan cütülüyü 20 ildir hakimiyyətdədirlər. Nə qədərki vəziyyət belədir, seçkilərdən sonra da danışıqlarda real irəliləyiş gözləmirəm".
Politoloq qeyd edib ki, bununla belə seçkilərdən sonra müəyyən dəyişiklik müşahidə edilə bilər:
"Serj Sarkisyan prezident olan zaman onun parlament qarşısında elə bir məsuliyyəti yox idi. Lakin baş nazir olandan sonra yəqin ki, Qarabağla bağlı danışıqların gedişatı barədə mütəmadi olaraq parlamenti məlumatlandırmaq məcburiyyətində qalacaq. Ona görə düşünürəm ki, artıq Azərbaycan parlamentində Qarabağ məsələsinin rolunun artırılması vacibdir.
Əgər Ermənistan parlamentində bu, mütəmadi olaraq müzakirəyə çıxarılacaqsa, düşünürəm ki, Azərbaycan Xarici İşlər Naziri parlamentin qapalı toplantılarında danışıqların gedişi haqqında bizim parlamenti də məlumatlandırmalıdır".