“Fransa mediasına məktublar göndərmişik” Siyasət

“Fransa mediasına məktublar göndərmişik”

Azərbaycanın Fransadakı səfirliyi Tuluza şəhərində yaşayan azərbaycanlı Rahim Namazovun (Şəkinski) güllələnməsi ilə bağlı istintaqın gedişi ilə daim maraqlanır və məsələni diqqətdə saxlayır.
Bu barədə Azərbaycanın Fransadakı səfirliyindən bildirilib.
Açıqlamada deyilir ki, səfirlik Fransa Xarici İşlər Nazirliyi, istintaq orqanları və Tuluza şəhərinin hüquq-mühafizə orqanları ilə sıx təmasdadır: "Məsələnin araşdırılması və daha dəqiq məlumat əldə edilməsi vaxt apardığı üçün səfirliyin baş verənlərlə bağlı münasibəti bir az gecikdi".
Məlumatda qeyd edilir ki, səfirlik də bu məsələ ilə bağlı istintaqın obyektiv araşdırılması və həqiqətin tezliklə ortaya çıxmasında maraqlıdır: "Çünki məsələni artıq fərqli məcraya yönəldiblər. Fransa mediası Rahim Namazovu jurnalist kimi təqdim edib, çünki o, Fransada oturum almaq üçün özünü jurnalist kimi qələmə verib, sosial şəbəkələr vasitəsilə çıxış edərək Azərbaycanda guya siyasi təqibə məruz qaldığını, həyatı üçün təhlükə olduğunu, buna görə ölkədən qaçdığını deyib.
Biz media orqanlarına onun jurnalist olmadığı barədə məktublar ünvanlamışıq. Səfirliyin müdaxiləsindən sonra 15-ə yaxın media orqanı səfirliyin mövqeyini işıqlandırıb. Sosial şəbəkələr vasitəsilə də bu cür açıqlamalar yayırıq.
Tuluza Jurnalistləri Assosiasiyası da açıqlamasında belə bir jurnalist haqqında məlumatlı olmadığını bildirib".
Qeyd edək ki, martın 30-da R. Namazov həyat yoldaşı ilə avtomobildə gedərkən naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan atəşə tutulub.
Hadisə nəticəsində R. Namazovun həyat yoldaşı yerində ölüb, özü isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Fransa mətbuatı və saytları R. Namazovu jurnalist kimi təqdim etsə də, o, uzun müddətdir, sosial şəbəkələrdə Rahim Şəkinski adı ilə tanınıb və kriminal aləmin məşhur simalarını, xüsusilə Nadir Səlifovu (Lotu Quli) ağır təhqir edən video və səs yazıları yayıb.