“Qorbaçov bu səhvini başa düşmədi...” Siyasət

“Qorbaçov bu səhvini başa düşmədi...”

Təxminən 30 ildir ki, müstəqil Azərbaycan Respublikası keçmiş ittifaq dövlətinin miras qoyduğu Dağlıq Qarabağ münaqişəsinə cəlb edilib.
Bu sözlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri" adlı məqaləsindəndir. Akademik məqaləsində Dağlıq Qarabağ probleminin Sovet İttifaqına vurduğu zərbədən də bəhs edib:
"Keçmiş SSRİ-nin rəhbərliyi anlamalı idi ki, Ermənistanın "səpdiyi" separatçılıq və işğalçılıq toxumu ittifaqın digər respublikalarını və regionlarını da əhatə edəcək və bu, gələcəkdə idarəolunmaz prosesə gətirib çıxaracaq. Lakin ittifaq rəhbərliyinin, şəxsən Qorbaçovun Dağlıq Qarabağ probleminin həllində qətiyyətli və ədalətli mövqe tutmaması nəticəsində separatizm meyilləri dərinləşdi və münaqişə zəncirvarı prosesə çevrildi.
Ermənistan ayrı-ayrı xarici dövlətlər tərəfindən "bəslənildiyi" və himayə olunduğu halda, Azərbaycan heç bir xarici dəstək olmadan inkişaf edərək özünü müstəqil bir dövlət kimi təsdiq etməkdədir. Ölkəmizdə dövlət quruculuğu Ermənistandan fərqli olaraq, həmişə milli xarakter daşıyıb. Yəni, Azərbaycan öz müstəqil dövlətini yalnız öz gücü və daxili potensialı hesabına qurub və bu gün də ölkənin siyasi rəhbərliyi müstəqil dövlət quruculuğunu milli əsaslar üzərində və milli maraqlarımıza uyğun olaraq həyata keçirir".