Gözlər Milli Məclisdə Siyasət

Gözlər Milli Məclisdə

Bu gün Baş nazirin kimliyi açıqlanacaq

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək.
İclasda Azərbaycanın yeni Baş nazirinin təsdiqlənəcəyi gözlənilir.
Xatırladaq ki, aprelin 11-də keçirilmiş Prezident seçkilərinin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 % səs toplayaraq qalib gəlib. Aprelin 18-də İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində and içərək vəzifəsinin icrasına başlayıb. Andiçmə bitəndən sonra Azərbaycan Nazirlər Kabineti istefaya gedib. Prezident İlham Əliyevin aprelin 18-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.
Azərbaycan Respublikası Konstitusiyasının 118-ci naddəsinə əsasənAzərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.