Azərbaycan prezidentinin Böyük Britaniyaya səfəri Siyasət

Azərbaycan prezidentinin Böyük Britaniyaya səfəri

■ Prezident İlham Əliyev Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Görüşdə "Şahdəniz" layihəsi üzrə görülən işlər, həmçinin bu ilin iyununda TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi aparılıb. "Şəfəq-Asiman" strukturu üzrə imzalanmış hasilatın pay bölgüsü sazişi əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

■ Azərbaycan prezidenti İlham Əliyevin Londonda Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycan ilə dostluq qrupunun sədri Bob Blekmen, Lordlar Palatasının üzvü, Azərbaycanın Leyborist dostları qrupunun sədri Lord Devid Evans və İcmalar Palatasının üzvü, Şimali İrlandiya üzrə dövlət nazirinin müavini Devid Morris ilə birgə görüşü olub.
Görüşdə Britaniya parlamentinin üzvləri dövlət başçısını prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik ediblər.
Lord Devid Evans və Devid Morris ölkəmizdə səsvermə prosesini müşahidə etdiklərini və seçkilərin yüksək səviyyədə təşkil olunduğunu deyiblər.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçısı seçkilər zamanı səsvermənin azad, şəffaf və demokratik keçirilməsi üçün hər cür şəraitin yaradıldığını deyib.
Görüşdə Azərbaycanda davamlı inkişafın təmin edildiyi qeyd olunub. Britaniya parlamentinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla dostluq qrupları ilə əməkdaşlıq məsələləri müzakirə olunub.


■Prezident İlham Əliyev Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri ilə görüşüb
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ilə görüşüb.
Görüşdə Baronessa Rona Feyrhed prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. O, Bakıya səfərini məmnunluqla xatırlayıb.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı, xüsusilə investisiya, biznes əlaqələri, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

■ Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan ilə görüşüb.
Görüşdə Alan Dunkan dövlət başçısını yenidən Prezident seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, prezident İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanın sürətli inkişafının davamlı olmasını təmin edəcək.
Söhbət zamanı ikitərəfli və regional əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.