“Azərbaycan Ermənistanın şıltaqlığına uzun müddət dözməyəcək” Siyasət

“Azərbaycan Ermənistanın şıltaqlığına uzun müddət dözməyəcək”

Aydın Quliyev: "Ordumuz ən mürəkkəb vəzifəni icra etmək gücündədir"

"26 iyunda nümayiş olunan Azərbaycanın hərbi gücü dünyanın və ilk növbədə, təbii ki, düşmənlərimizin diqqətlə izlədiyi təsirli tarixi hadisəyə çevrildi. Dostlar və düşmənlər üçün çox maraqlı idi ki, ordu quruculuğuna illərdən bəri böyük maliyyə, maddi və insan resursları sərf edən Azərbaycan nəyə nail ola bilib. Hər kəs hər şeyi gözləri ilə gördü və əmin oldu ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin "torpaqlarımızın azad olunmasında son sözü qüdrətli ordumuz deyəcək" bəyanatı çox ciddi əsaslara söykənir". Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, cənab Prezident paraddakı çıxışı ilə Ermənistan rəhbərliyinə, regionumuzda maraqlı olan bütün beynəlxalq dairələrə və Qarabağ danışıqlarında vasitəçilik edən ölkələrə konkret mesajlar verdi: "Bu mesajların yaratdığı ümumi və qiymətli effekt budur ki, Azərbaycan Ermənistanın şıltaqlığını uzun müddət dözməyəcək, Azərbaycan Ordusu ən mürəkkəb vəzifəni icra etmək gücündədir, ordumuzun qüdrəti daim artan dinamik proses içindədir və ordu ilə xalqın birliyi hər bir azərbaycanlı üçün qürur mənbələrindən birinə çevrilib.
Cənab Prezidentin Cocuq Mərcanlı və Naxçıvan əməliyyatları barədə fikirləri ordumuzun "qalibiyyət ordusuna" çoxdan çevrildiyini nümayiş etdirdi. Xalqımızın bu iki əməliyyatı tarixi qələbə kimi qəbul etdiyi barədə cənab Prezidentin bəyanatı həm də srtateji əhəmiyyət daşıyır. Üst-üstə 13 min hektardan çox ərazimizin azad edilməsi ordumuzun öz gücünə və xalqımızın orduya güvənini misilsiz gücləndirən qiymətli faktorlardır. Cocuq Mərcanlı və Naxçıvan əməliyyatları cənab Prezidentin liderliyi altında ordu-xalq birliyinin pozulmazlığına möhkəm təminat verən uğurlardır. Hərbi paradın və cənab Prezidentin mesajlarının təsirləri bundan sonrakı proseslərdə özünü daha qabarıq göstərəcək".
Millət vəkili Musa Qasımlı vurğulayıb ki, millətimizin bağrından çıxan ordumuzun dünyanın 50 ən güclü ordusundan biri olması ilə hamımız fəxr edirik: "Son bir neçə ilin təcrübəsi göstərdi ki, əsgər və zabitlərimiz istənilən tapşırığı ən az itki və böyük məharətlə yerinə yetirməyə, düşmənin başını əzməyə qadirdir".
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı ölkəmizdə keçirilən hərbi paradı xatırladan millət vəkili bildirib ki, paradda qismən də olsa nümayiş olunan hərbi sursat, texnika ordumuzun nə qədər güclü olduğunu bir daha ortaya qoydu: "Son 15 ildə Azərbaycanın ordusu xeyli inkişaf edib. Azərbaycan Prezidenti İlham Əliyevin hərbi sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində ordumuz ən güclü orduya çevrilib. Azərbaycan modern silah, hərbi texnikalar malik olmaqla yanaşı, artıq ölkəmiz özü bu cür silahlar istehsal edir".
Dövlət başçısı İlham Əliyevin hərbi paradda söylədiyi nitqdən sitat gətirən M. Qasımlı vurğulayıb ki, Ali Baş Komandanın "Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək" fikirləri xalqımızın iradəsini nümayiş etdirməklə yanaşı, dünyaya ünvanlanan növbəti mesaj idi: "Ölkə başçısının da söylədiyi kimi düşmən ordumuzun qarşısında qətiyyən tab gətirə bilməz. Ordumuzun işğal edilmiş Dağlıq Qarabağ regionunu və ətraf rayonları tezliklə işğalçılardan azad edəcəyinə inanıram".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc bildirib ki, iyunun 26-da Azərbaycanın müstəqilliyinin əldə olunmasında mühüm məkan olan Azadlıq meydanında ölkəmizin təkcə ötən 100 illik tarixinin deyil, gələcək əsirlərini, həyatını idarə edəcək, müəyyənləşdirəcək hadisənin şahidi olduq: "90-cı illərin əvvəllərində Azadlıq meydanında keçirilən hər hansı hərbi paradlarla dövlətimizin hazırda gəlib çatdığı səviyyə və ordumuzun durumunu müqayisə etmək o qədər də çətin deyil. Açıq demək lazımdır ki, indi bizim Silahlı Qüvvələrimiz 5, 7 hətta 10 il əvvəlki ilə müqayisədə qat-qat irəliyə gəlib".
Deputat bildirib ki, o gün Azadlıq meydanında nümayiş olunan silahlar heç şübhəsiz ki, ordumuzun sərəncamı altında olan texnikanın cüzi bir hissəsidir və müəyyən qədər silahlar o məkana çıxarılmadı.
Z.Orucun sözlərinə görə, hərbi paradda nümayiş olunmayan silahlar mühüm anlarda, döyüş şəraitində sınanılacaq: "Paradda nümayiş olunan silahların hər kəsdə Azərbaycan ordusunun artan gücü fonunda siyasi mövqelərinin nə qədər irəliyə gedəcəyini düşünməyə imkan verdi. Müxtəlif texnikalar, müasir tanklar, toplar, o cümlədən yaxın məsafəli hədəflərə hesablanan "Spayk" raketlərin hər biri öz növbəsində çox mühüm modifikasiyalı silahlardır. Bunlar Sovet dövrünün metallom kimi qalığı olan, bu gün müxtəlif dövlətlərin, hətta Şərqi Avropa ölkələrinin özünün belə istifadəsində olan silahlar deyil. Biz hava məkanını əhatə edən uzaq məsafəli raketlərdən danışmasaq belə, deməliyik ki, dövlət başçımızın qətiyyətli iradəsi bu illər ərzində ordumuzun, əsgərimizi, zabitimizi formalaşdıra biləcəyimizə şübhə edənlərə tamam əks reallığı təqdim etmək imkanı verdi. Azərbaycan Prezidenti yeni ordu qurub. Ordumuzun o gün meydana çıxan canlı hərbi texnikası sübut etdi ki, Azərbaycan həqiqətən də Cənubi Qafqazdan daha üst subregionlara gücü yetəcək hərbi imkanlara malikdir".
Deputat qeyd edib ki, bu gün müasir orduları 500 kilometr hədəfləri vuran raketlərsiz təsəvvür etmək çox çətindir: "Bu o demək deyil ki, Azərbaycan qarşısına məhz uzaq məsafələr qədər yeni-yeni ərazilər ələ götürmək məqsədi qoyub. Qətiyyən. Bu günə qədər Azərbaycan ordusu sülhpərvər imici Əfqanıstandan, Kosova və İraqa qədər bir məkanda formalaşıb".
Azərbaycan prezidentinin hərbi paradda söylədiyi nitqi xatırlayan deputat qeyd edib ki, Dövlət başçısının ordumuzun hərbi siyasi imkanlarının gücü ilə bağlı çıxışı ən başlıca hədəf Ermənistan idi: "Azərbaycan prezidentinin hərbi paraddakı çıxışındakı hədəfi ölkənin gələcək həyatı fonunda hərbi diplomatiyanın güclü şəkildə istifadə olunacağını ortaya qoymaq idi. Bu gün Azərbaycan ordusu danışıqlarda iştirak edir. Zəif, silahlı gücünü yarada bilməyən, kreditlərdən asılı olan, yalnız kənar dövlətlərin himayəsinə göz tikən, sərhədlərini onların əsgərləri tərəfindən qorunmasını istəyən dövlət nə paradlar keçirməz, nə də o cür ötkəm bəyanatlar verə bilməz. Biz paradda Cənab Prezidentin, Ali Baş komandana xas olan qətiyyətli, son dərəcə sanballı, dəqiq hədəflərə yönələn çıxışının şahidi olduq. Mənə görə, Azərbaycan Prezidenti bu illər ərzində çox çətinliklərə, xarici müqavimətlərə, təzyiqlərə, təhdidlərə sinə gərərək ordu qurduğunu çox böyük iftixar hissi ilə təqdim etdi. Amma ordu yalnız hakimiyyətin, dövlətin, dövlət rəhbərliyinin deyil. Ordu bütövlükdə millətə, onun bütün siyasi qüvvələrinə, partiyalarına, hərəkatlara məxsusdur. Ordu bütövlükdə Azərbaycanın gücünü artıran böyük qüvvədir".
Z. Oruc hesab edir ki, işğalı kürəyimizə bir damğa kimi yazmaq istəyənlər o gün Azadlıq meydanında göstərilən, Naxçıvanda Qızılqaya yüksəkliyinə taxılan, o cümlədən Cocuq Mərcanlıda nümayiş olunan o silahın bir rəmzi mənası var: "Azərbaycan prezidenti hərbi paradda çıxışında onu mesaj etdi ki, bu bayraqlar bir gün mütləq Xankəndində dalğalanacaq. Bu gün Azərbaycanın müstəqil mövqeyi həm də ordumuzun hesabınadır. Ordusu olmayan heç bir dövlət təsir imkanına malik olmaz. Silahlı gücü olan dövlətlə hər kəs hesablaşmağa çalışır. Belə olan halda, Azərbaycan bu gün Cənubi Qafqazda güclü ordu qurmaqla ilk növbədə işğalı aradan qaldırmağa çalışacağıq. Ermənilər özü də bunu bilir. Son dövrlər Azərbaycanın növbəti hücumlarından danışırlar. Cənab Prezident də bildirdi ki, hazırda müharibənin yalnız bir hissəsi sona çatıb. Hər kəsə məlumdur ki, qanlı savaş itkilərlə nəticələnir. Əgər başqa vasitələr səmərə vermirsə, o zaman başqa alternativ qalmır. Ona görə də hesab edirəm ki, Azərbaycan Prezidenti bu millətin gələcək həyatı üçün ordunu, öz siyasətində önəmli yerə qoymaqla, onu göstərir ki, vətəndaş öz əsgərinə və zabitinə güvənir".
Deputat əlavə edib söyləyib ki, bu gün informasiya məkanında qarşı tərəfin verdiyi reaksiyalar bir tərəfdən hökumətlərinə təhdid olmaqla yanaşı, digər tərəfdən də onlara mənəvi-psixoloji təsir edir: "Onlar aprel döyüşlərində mövqelərini itirəndə Sarkisyan etiraf etmişdi ki, onlar 80-ci illərin metallomu ilə vuruşurlar. Bu günlərdə Ermənistan ordusunun rəhbərlərindən biri və Qarabağda özünü Azərbaycan xalqına qəddarlığı ilə seçilən, rütbə qazanan Manvel Qriqoryanın silah cəbbəxanası, maşın kolleksiyası, əsgərlər yönələn yeməklərin necə mənimsəməsi və aprel döyüşlərindəki kədərli məktublara münasibətinin şahidi olduq. Mənim qətiyyətli inamım var ki, Azərbaycanın oğulları erməni əsgərlərindən qat-qat güclüdür. Azərbaycanın ordusu ərazi bütövlüyümüzü bərpa edərək, hər kəsin müqəddəs amallarla yanaşdığı qibləgaha çevrilməlidirlər və çevriləcəklər də. Paradda təqdim olunan silahlar təkcə nümayiş üçün alınmayıb, həmin silahların təyinatı, hədəfləri var. Kim Azərbaycan torpaqları əleyhinə mübarizəyə girərsə, o silahlar onlar üzərində sınanacaq. Buna heç kimin şübhəsi olmasın. Ümumilikdə götürsək isə, ordumuzun 100 illiyi ilə bağlı keçirilən hərbi parad təkcə tariximizə verilən qiymət deyildi, 100 il bundan sonra qazanılacaq nailiyyətləri xalqa və xarici aləmə göstərmək idi".