“Gəncə hadisələrni xarici xüsusi xidmət orqanları planlaşdırıb” Siyasət

“Gəncə hadisələrni xarici xüsusi xidmət orqanları planlaşdırıb”

Hərbi prokuror: "Gəncədə dövlətçiliyimizə və ölkədəki sabitliyə yönəlmiş qanlı terror hadisələri törədib"

"İyunun 26-da keçirilən möhtəşəm hərbi paradda Azərbaycanın hərbi qüdrətinin dünyaya nümayiş etdirilməsini və ölkəmizin bütün sahələrdə surətlə inkişaf edərək əksər dövlətlərdən üstün olmasını gözləri götürməyən radikal müxalifət və dini-ekstremist təşkilatların üzvləri ölkəmizə qısqanc və düşmən münasibət bəsləyən dövlətlərin xüsusi xidmət orqanları ilə birgə respublikamızda sabitliyi, əhalinin sakit həyatını pozmaq və qarşıdurma yaratmaq məqsədilə iyulun 3-də və 10-da Gəncədə dövlətçiliyimizə və ölkədəki sabitliyə yönəlmiş qanlı terror hadisələri törədib, şəhər İcra Hakimiyyətinin başçısına və onun mühafizəçisinə qarşı sui-qəsd edib, asayişin kobud şəkildə pozulmasının qarşısını almağa çalışan yüksək rütbəli iki polis zabitini qətlə yetiriblər".
Bu sözləri Respublika Hərbi Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində çıxış edən hərbi prokuror Xanlar Vəliyev deyib.
Xanlar Vəliyev bildirib ki, prezident İlham Əliyevin qətiyyətli və müdrikliklə atdığı addımların nəticəsində bütün bü təxribatların qarşısı sərt şəkildə alınıb: "Azərbaycan Respublikası Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 214.2.1-ci, 214.2.3-cü, 214-2-ci, 281.1-ci və digər maddələri ilə başlanmış cinayət işinin istintaqını aparan Respublika Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu tərəfindən cinayəti törətmiş şəxslər müəyyənləşdirilib, onlardan bir qismi həbs edilib, axtarışa verilib, digər iştirakçıların da müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Həmin hadisələrin təhlili və istintaqı əminliklə deməyə əsas verir ki, bu, sadəcə özlərini hansısa dini təşkilat adlandıranların deyil, xarici ölkələrin xüsusi xidmət orqanlarının əvvəlcədən planlaşdırdığı və ölkənin daxilində, habelə Azərbaycandan kənarda olan, lakin ölkəmizə düşmən münasibət bəsləyən Azərbaycan vətəndaşlarının həyata keçirməyə cəhd etdikləri cinayətlərdir. Bunlar adi cinayətlər deyil, ölkəmizdə hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının Konstitusiya qurluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönəlmiş hərəkətlərdir. Lakin Azərbaycan Respublikası prezidentinin qətiyyəti və müdrikliyi, habelə hüquq-mühafizə orqanlarının səyi nəticəsində bütün bu təxribatların qarşısı sərt şəkildə alınıb. Həmçinin iyulun 15-də Sumqayıtda radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının Gəncədə baş vermiş hadisələri Sumqayıtda təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş hərəkətlərinin qarşısı hüquq-mühafizə orqanlarının peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində alınıb".

"Əlverşili yüksəkliklər düşməndən geri alınıb"

Hərbi prokuror bildirib ki, 2018-ci ilin mayında düşmənin növbəti təxribatının qarşısının alınması zamanı Naxçıvan Muxtar Respublikası ərazisində aparılan Günnüt əməliyyatı zamanı Əlahiddə Ümumqoşun Ordusu müdafiə zolağının Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirib. İyirmi altı kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverşili yüksəkliklər düşməndən geri alınıb, ümumilikdə 11 min hektar ərazi düşməndən azad edilib.
Xanlar Vəliyev deyib ki, bu, 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan Ordusunun düşmənin növbəti təxribatına verdiyi qətiyyətli cavabı və növbəti əzmli qələbəsidir: "Günnüt əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi gələcək qələbələrimizin müjdəçisi olan bu hadisə təcavüzkar Ermənistanda böyük rezonans doğurmaqla ölkə əhalisinin torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunacağına ümidlərini artırıb, dövlət və ordu quruculuğu sahəsində Prezidentimiz tərəfindən həyata keçirilən ardıcıl tədbirlərin nə dərəcədə səmərəli və məqsədəmüvafiq olduğunu bir daha sübut edib".

"Cinayətlərin açılması təmin olunub"

Hərbi prokurorun sözlərinə görə, ötən illə müqayisədə hərbi cinayətlərin sayı azalıb.
Xanlar Vəliyev deyib ki, 2017-ci ilin birinci yarımili ilə müqayisədə hesabat dövründə qeydə alınmış ağır cinayətlər 3,6 faiz, xüsusilə ağır cinayətlər 14,3 faiz, qeyri-hərbi cinayətlər 19 faiz, şəxsiyyət əleyhinə olan cinayətlər 4 dəfə, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər 28,6 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 5,9 faiz, tabelik qaydası əleyhinə cinayətlər 23 faiz, hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 24,5 faiz azalıb. Azalma fərarilik cinayətlərində 50 faiz, silahla və ya ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətlərində 33,3 faiz, rüşvət alma və rüşvət vermə cinayətlərində 34,4 faiz, qəsdən adam öldürmə cinayətlərində 14,3 faiz, özünü öldürmə həddinə çatdırma cinayətlərində 66,7 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərin 33,3 faiz, mülkiyyət əleyhinə olan cinayətlərində 12,8 faiz təşkil edib.
Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub.
Diqqətə çatdırılıb ki, 2017-ci ilin birinci yarısı ilə müqayisədə hesabat dövründə birləşmələr üzrə qeydə alınmış cinayətlərin sayı azalıb.