“Regional əməkdaşlıq həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir” Siyasət

“Regional əməkdaşlıq həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir”

Sentyabrın sonunda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər edəcəyi gözlənilir. Politoloq Sədrəddin Soltan, bu səfərin ikitərəfli və regional əməkdaşlıq baxımından mühüm rol oynadığını vurğuladı:
"Rusiya prezidentinin ölkəmizə səfəri ikitərəfli münasibətlərlə yanaşı, həm də regional münasibətlərlə bağlı olan bir məsələdir. Həmin gün Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda görüşü planlaşdırılır. Azərbayacn regional əlaqələrin inkişafına əhəmiyyət verir. Bu baxımdan Bakıda keçiriləcək görüş Azərbaycanla yanaşı, digər ölkələr üçün də əhəmiyyətlidir.
Azərbaycan üçün bu sayaq tədbirlər, həm də işğal altındakı torpaqların azad edilməsi baxımından əhəmiyyətlidir. Çünki Azərbaycan belə tədbirlərdə Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi məsələsini önə çəkir. Regional iqtisadi inkişaf və təhlükəsizlik həm də bölgədəki işğal faktının aradan qaldırılmasından asılıdır. Azərbaycan, İran və Rusiya münasibətlərinin inkişafına da bu konteksdən yanaşmaq lazımdır.
Həm İranın, həm də Rusiyanın Ermənistanla hərtərəfli münasibətləri var. Rusiya həm də bu münaqişənin həllində beynəlxalq vasitəçilərədn biridir. Azərbaycan işğaldakı torpaqların azad edilməsində Rusiya və İranın da fəallıq göstərməsini istəyir. Hər iki ölkənin bu istiqamətdə konkret addımlar atmasını gözləyir.
Regional əməkdaşlıq yalnız iqtisadi maraqlar deyil, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir. Çox güman ki, sentyabrın sonunda keçiriləcək görüşdə Azərbaycan bir daha Qarabağın işğalı məsələsini gündəmə gətirəcək və bu ölkələrdən problemin həllində öz səylərini artırmalarını istəyəcək".