Altı ölkənin qadınları TÜRKAP-da birləşdilər Siyasət

Altı ölkənin qadınları TÜRKAP-da birləşdilər

Türkiyənin qadın radiosu olan "Lady Radio"nun təşkilatçılığı ilə 6 ölkədən olan dövlət və hökumət nümayəndələri, QHT fəalları Türk Dünyası Qadın Platformunun (TÜRKAP) İstanbulda keçirilən I Forumunda bir araya gəliblər. Modern.az-ın məlumatına görə, Türkiyədən Foruma Avcılar Bələdiyyəsinin sədri Handan Toprak, millət vəkilləri Jale Nur Süllü, Aylin Cesur, Qırgızıstan millət vəkili Elvira Surabaldiyeva, azərbaycanlı parlamentarilər Jalə Əliyeva, Kamilə Əliyeva, Hesablama Palatasının auditoru Mehriban Alışanova, Şimali Kiprin millət vəkili Jale Refik Rogers, eləcə də Qazaxıstan və Özbəkistandan gələn 50-ə yaxın fəal qadın qatılıb.
Türk Dünyası Qadın Platformunun qurucuları İlhamə Novruzova və Zaid Nəhmətov iştirakçıları salamladıqdan sonra, Ankara Klubu Qadın Qolları başkanı Handan Kayakökünün təqdimatı ilə üzv ölkənin aktual qadın mövzularına dair informasiya paylaşımı olub. Çıxışçılar Platforumla bağlı gözləntilərini bildirdilər. Forumun davamında 6 ölkə təmsilçisinden ibaret olan İdarə Heyəti seçilib. Avcılar Bələdiyyə başkanı Handan Toprak Türkiyə adından İH-yə qəbul edilib. 30 iştirakçı qurucu üzv, millət vəkilləri isə fəxri üzv olarak niyyət protokolu imzalayıblar.
Sonra KaDer Başkanı Nuray Karaoğlu və "Qadın Cinayətlərini Dayandıracağıq" Platformunun baş təmsilçisi Gülsüm Kavın moderatorluğu ilə "Qadın lobbiçiliyi" ve "Qadına şiddət" panelləri başlanıb. Ankara Barosunun ilk qadın başkanı Sema Aksoy, Prof.Dr. Aygün Attar, "Lady Radio"nun PR meneceri Ayşe Gönen, Lefkoşa Lions Klub başkanı Anıl Meryem Bilir, Prof.Dr. Nodira Latipova, "Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalova və digərlərinin iştirakı ilə faydalı müzakirələr aparılıb.
TÜRKAP-ın bundan sonrakı hədəflərinə gəlincə, ortaq sosial-mədəni tədbirlərin təşkili, qadın dayanışmasının sərhədlərini genişləndirmək, türk dünyası qadınları arasında dialoqu artırmaq, tarixdən gələn qardaşlıq bağlarını daha da gücləndirməkdir.

TÜRKAP-ın qurucu başkanı İlhamə Novruzovanın açıqlamasına görə, 5 dekabr 2018- ci il tarixində Qadın Haqları günündə Türk dünyasının bütün ölkələrindən olan 200 qadının iştirakı ilə Genel Forum reallaşacaq və möhtəşəm mərasimdə "İlin qadını" mükafatları sahiblərini tapacaq.