Pakistan Senatının sədri Milli Məclisdə olub Siyasət

Pakistan Senatının sədri Milli Məclisdə olub

Sentyabrın 20-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Oqtay Əsədov Azərbaycanın və Pakistanın dost və qardaş ölkələr olduğunu qeyd edib. Bildirib ki, müxtəlif səviyyəli nümayəndə heyətlərinin səfərləri, keçirilən görüşlər və aparılan danışıqlar ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da möhkəmlənməsinə təkan verir. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olan Pakistanla əlaqələr bir çox sahələrdə yüksələn xətlə inkişaf edir.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun ağır fəsadları barədə də danışıb. O, BMT-də münaqişənin həlli ilə bağlı qəbul edilən sənədlərdən söhbət açıb və Pakistanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini yüksək qiymətləndirib. Oqtay Əsədov Pakistan Senatında Xocalı soyqırımı ilə bağlı qəbul olunan sənədin önəmini xüsusilə vurğulayıb.
Senatın sədri Məhəmməd Sadiq Səncari yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Bildirilib ki, qarşılıqlı səfərlər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir. Yüksək səviyyəli nümayəndə heyətlərinin, o cümlədən deputatların görüşləri, müxtəlif beynəlxalq tədbirlərdə səmərəli əməkdaşlığı çox önəmlidir.
Söhbət zamanı tərəfləri maraqlandıran bir sıra aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.