Deputat Əflatun Amaşov QDİƏT komitəsinin iclasında iştirak edib Siyasət

Deputat Əflatun Amaşov QDİƏT komitəsinin iclasında iştirak edib

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İqtisadi, ticarət, texnologiya və ekologiya məsələləri uzrə Komitəsinin Ukraynanın paytaxtı Kiyevdə keçirilən 51-ci iclasına qatılıb. Sentyabrın 26-27-i tarixlərində gerçəkləşdiriləcək tədbir üzv dövlətlərdə kiçik sahibkarlığın inkişafina və dəstəklənməsinə həsr edilib. Gündəlikdə həmçinin bir sıra təskilati məsələlərə də baxılması nəzərdə tutulur.
İclasda çıxış edən Əflatun Amaşov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafına ciddi önəm verilməkdədir. Bu baxımdan qeyri-neft sektoruna göstərilən diqqət xüsusi vurğulanmalıdır. Deputat Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" üzərində dayanaraq sənədin biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün maliyyə resurslarının ayrılması, onların xarici bazarlara çıxışının təmin edilməsi və sair vəzifələrindən söz açıb.
Əflatun Amaşov çıxışında həmçinin "Kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı"ndan da bəhs edib O, sənədin stimullaşdırıcı tərəflərini sadalayıb, eyni zamanda ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilməkdə olan tədbirləri diqqətə çatdırıb və bildirib ki, dövlət başçısının 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində yaradılmış "ABAD" publik hüquqi şəxsin fəaliyyəti son illər bu istiqamətdə yeni müsbət tendensiyaların müşahidə ediləcəyindən xəbər verir.
Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilməkdə olan geniş miqyaslı tədbirlərin ölkənin ixrac potensialını gücləndirməyə xidmət etdiyini vurğulayan Əflatun Amaşov onu da bildirib ki, QDİƏT-ə daxil olan ölkələrdə kiçik sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirməyə də ehtiyac duyulmaqdadır. O bunun üçün zəruri olan məsələlərə diqqət çəkib.