“Növbəti peykin orbitə çıxarılması...” Siyasət

“Növbəti peykin orbitə çıxarılması...”

Sədaqət Vəliyeva: "Azərbaycanın daha da inkişafına, təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək"

Azərbaycan bu gün üç peyki, kosmik sənayenin inkişafına dair uzunmüddətli proqramları, infrastrukturu ilə dünyanın kosmik klubunun üzvüdür və qlobal kosmik sənayedə öz mövqelərini möhkəmləndirir.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, son beş ildə Azərbaycan orbitə 3 peyk çıxarıb: "Ötən illər ərzində Azərbaycanın "Azerspace-1" və "Azərsky" adlı 2 peykə sahib olub. Ötən gün isə "Azerspace-2" adlı 3-cü peykimizin orbitə buraxılması bir daha dövlətimizin gücünü və Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan inkişaf siyasətinin yüksək səmərəsini göstərir. Əlbəttə ki, biz bunu həm də ölkəmizin iqtisadi uğuru kimi də qəbul etməliyik. Çünki peyklərimiz vasitəsilə Afrika, Yaxın Şərq, Mərkəzi Asiya, Avropa və Qafqaz regionunda telekommunikasiya sahələri üçün yüksək keyfiyyətli xidmətlər təqdim edilir. Hətta Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti bütün dünya üzrə, o cümlədən "Google" da daxil olmaqla, bir çox ABŞ şirkətlərinə telekommunikasiya və digər xidmətlər göstərir".
Azərbaycan peyklərinin orbitə çıxarılmasının respublikamız üçün siyasi, iqtisadi-sosial və elmi baxımdan olduğu kimi, strateji prizmadan da böyük əhəmiyyət kəsb etdiyini deyən millət vəkili əlavə edib ki, müasir dövrdə kosmik sənaye təkcə kosmosu fəth etmək vasitəsinə deyil, həm də qlobal və regional sosial-iqtisadi məsələlərin, elmi-texniki problemlərin həlli üçün əsas vasitəyə çevrilib.
S.Vəliyeva diqqətə çatdırıb ki, peyklərimizin kosmosa çıxarılması Azərbaycanın etibarlı informasiya təhlükəsizliyi sisteminin formalaşmasını təmin etməklə yanaşı, ümumən telekommunikasiya sisteminin inkişafına ciddi təkan verir: "Telekommunikasiya peykinin fəzaya buraxılması ölkənin bütün ərazisində internet, beynəlxalq telefon danışıqları, televiziya yayımı və peyk xidmətlərinin keyfiyyətini daha da yüksəldir. Eyni zamanda, peyklər vasitəsilə xəritəçəkmə, hidrometeorologiya, yerin təkinin öyrənilməsi, geodeziya işlərinin yüksək səviyyədə aparılması mümkün olacaq. Bir sözlə, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq orbitə çıxarılmış peyklərimiz Azərbaycanın daha da inkişafına, ən əsası, daha etibarlı müdafiəsinə, təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək".