“Ermənistanda baş verən proseslər kifayət qədər mürəkkəbdir” Siyasət

“Ermənistanda baş verən proseslər kifayət qədər mürəkkəbdir”

Fəzail İbrahimli: "Vətəndaş müharibəsinin əlamətləri görünür"

"Hazırda Ermənistanda baş verən proseslər kifayət qədər mürəkkəbdir. Həmçinin region üçün problem yarada bilən, erməni xalqı üçün qeyri-müəyyənlik yaradan problemdir". Bu fikri millət vəkili Fəzail İbrahimli deyib. O bildirib ki, Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasında əsas mahiyyət 25 illik Sarkisyan və Köçəryan hakimiyyəti, diktator rejimi və özgə torpaqlarını işğal edərək bu işğal üzərində öz hakimiyyətini bərqərar edən bir mifin darmadağın edilməsi idi: "Sarkisyan hakimiyyəti bu hadisələr üzərində xalqa ideoloji yem verirdi. Guya xalq aclığa, səfalətə hər şeyə dözür və uğurlu bir qələbə kimi prosesləri qəbul edir. Ancaq yalan ayaq tutar yeriməz. Bunların hamısının absurd, yalan, uydurma olduğu məlum oldu. Xüsusən 2016-cı ildə baş verən aprel hadisələri Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasına rəvac verən başlanğıc oldu. O vaxta qədər hakimiyyətə inanan erməni xalqı bu işğalın əbədi, əzəli olmadığını başa düşdü. Anladı ki, bu müvəqqətidir, Azərbaycanın gücü, qüdrəti var, lakin hüquq normaları daxilində hərəkət edir. Onlar gördü ki, Azərbaycanın zərbəsi, hərbi gücü var, istənilən vaxt vura bilər və qalib gələr. Bununla da Sarkisyan hakimiyyətinin mahiyyəti açıqlandı və yalanı üzə çıxdı".
Deputat qeyd edib ki, erməni xalqı bu yalanları gördükdən sonra ayağa qalxdı, hakimiyyətinin işğalına dözməyib Sarkisyanı devirdilər: "Həmin devirmə prosesində də bir insan lazım idi ki, bu hadisələrin qabağına düşə bilsin. O adam bugünkü baş nazir Paşinyan oldu. Bu, görünməz bir deputat idi, xüsusi çəkisi və beynəlxalq arenada yox idi. Sadəcə olaraq həmin məqamda qabağa düşən bir insan kimi erməni xalqının istəyinə təkan verə bildi. Paşinyan xalqa vəd verib. O, "sizi fırıldaq, işğalçı, çörək, su verməyən hakimiyyətdən mən xilas edəcəyəm" şüarı ilə hakimiyyətə gəlib. İndi sual yaranır ki, Paşinyan xalqa vəd etdiklərini verə bilərmi? Bu mümkün deyil, qeyri-mümkündür. Çünki Sarkisyan və Köçəryanın qida mənbəyi Rusiyadan gəlirdi. Artıq Rusiya ilə münasibətlər yerində deyil. Ölkə özəlləşdirilib. Bunlar qeyri-müəyyənliklərdir. Belə olan halda heç bir erməni lideri hakimiyyətə gəlib xalqı xoşbəxt edə bilməz. Bunun üçün yeganə yol işğaldan əl çəkmək, regiondakı layihələrə qoşulmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaqdır. Yalnız bundan sonra iqtisadi proseslərə qoşulub xalqın iqtisadi durumuna rəvac vermək. Bunu da Paşinyan edə bilməz. Bir ağıllı, düşüncəli və dünyanı dərk edən insan Ermənistana rəhbər təyin olunanda bu dediyim mərhələlərdən keçdikdən sonra erməni xalqı hər hansı uğuru əldə edə bilər".
F. İbrahimli əlavə edib ki, orada qəbul edilən qərarlar da daxili auditoriyaya hesablanıb və bu gün Ermənistandakı siyasi hadisələrin vətəndaş müharibəsinə gedəcəyinə ehtimal verən əlamətlər görünür.