ABŞ senatorları azərbaycanlıları təbrik etdi Siyasət

ABŞ senatorları azərbaycanlıları təbrik etdi

ABŞ-ın İllinoys ştatından olan senatorlar Temmi Dakuort və Riçard Durbin Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 27-ci ildönümü münasibətilə İllinoys Azərbaycan icmasının üzvlərinə təbrik məktubları göndəriblər. Təbrik məktubları ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan mərkəzinə ünvanlanıb.
Məktublarda vurğulanıb ki, bu təşkilatın fəaliyyəti, onun həyata keçirdiyi təhsil və xeyriyyə tədbirləri Çikaqonun ictimai həyatını zənginləşdirir. Təşkilatın üzvləri Amerika gənclərini Azərbaycan xalqının tarixi ilə, bu xalqa xas olan dəyərlərlə tanış edirlər. Məktublarda qeyd olunub ki, bütün dünyadakı 50 milyondan çox azərbaycanlı, o cümlədən ABŞ-dakı 400 minlik Azərbaycan icması müstəqil Azərbaycanı quranların bu işə töhfəsini xatırlayırlar.
Onu da qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhəri 2018-ci il 18 oktyabr tarixini "Azərbaycanın Müstəqillik Günü" elan edib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, bununla bağlı şəhər meri Səm Likkardo və Şəhər Şurasının üzvləri tərəfindən müvafiq bəyannamə imzalanaraq qəbul olunub. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı olan Azərbaycan Respublikasının yaradılması ilə ölkəmizin azadlığının və müstəqilliyinin bərpa edildiyi vurğulanır.
Sənəddə müstəqilliyin bərpasından sonra ölkəmızin öz suverenliyini və azadlığını gücləndirdiyi və hazırda ABŞ-ın strateji müttəfiqi və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu bildirilir. Bəyannamədə, həmçinin qeyd olunur ki, Azərbaycan beynəlxalq səviyyədə müsəlman, xristiyan və yəhudilərin birgə sülh və harmoniya şəraitində yaşadığı uğurlu ölkə modeli kimi tanınır. Sonda 18 oktyabr tarixi San-Xose şəhərində "Azərbaycanın Müstəqillik Günü" elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət olunur.
Qeyd olunmalıdır ki, Şimali Kaliforniyanın ən böyük şəhəri olan San-Xose yüksək texnologiyalar, innovasiya və sosial media üzrə qlobal mərkəz hesab olunan Silikon Vadisinin (Silicon Valley) əsas siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. "Silikon Vadisinin paytaxtı" adlandırılan şəhər ABŞ-ın və dünyanın ən zəngin şəhərlərindən biridir və nüfuzlu Brukinqs İnstitutunun (Brookings Institution) araşdırmasına əsasən, adambaşına düşən ÜDM-in həcminə görə dünya şəhərləri arasında üçüncü yeri tutur.