Ağdam, Füzuli və Xocavəndə 15 mindən çox sakin qayıdıb Cəmiyyət

Ağdam, Füzuli və Xocavəndə 15 mindən çox sakin qayıdıb

Ağdam, Füzuli və Xocavənd rayonlarında ümumilikdə 4 041 ailə olmaqla 15 933 nəfər sakin məskunlaşıb.

APA xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Ağdam rayonunda 2 076 ailə (8 059 nəfər), Füzuli rayonunda 827 ailə (3 175 nəfər), Xocavənd rayonunda isə 1 138 ailə (4 699 nəfər) yaşayır.

E. Seyidov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması məqsədilə mina təmizləmə işləri də davam etdirilir. Son beş il ərzində Ağdam, Füzuli və Xocavənd rayonlarında ümumilikdə 115 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb.

Bildirilib ki, hazırda Ağdam ərazisinin təxminən 60 faizi, Füzulinin 78 faizi, Xocavəndin isə 16 faizi minalardan təmizlənib.

Xüsusi nümayəndənin müavini, həmçinin rayonlarda yaşıllıq sahələrinin artırılması və parkların salınması istiqamətində görülən işlərdən danışıb. Ağdam Meşə Parkı, Ağdam şəhər Mərkəzi Parkı, Füzuli şəhər Mərkəzi Parkı, Xıdırlı, Sarıcalı, Qərvənd, Eyvazxanbəyli, Pirəhmədli, Dövlətyarlı və Hadrut parklarının bu layihələr sırasına daxil olduğunu bildirib.

Qeyd edilib ki, hazırda Xıdırlı, Sarıcalı və Kəngərli kənd parkları mövcuddur, digər parkların tikintisi davam etdirilir.