Rizvan Nəbiyev: “Dövlət hesabına hüquqi yardım müdafiə hüququnun təminatıdır” Cəmiyyət

Rizvan Nəbiyev: “Dövlət hesabına hüquqi yardım müdafiə hüququnun təminatıdır”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev Azərbaycanda dövlət hesabına hüquqi yardım mexanizminin yeni qanun layihəsindən əvvəl də mövcud olduğunu bildirib.

O, bu barədə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi ilə bağlı çıxışı zamanı danışıb.

Deputatın sözlərinə görə, dövlət hesabına hüquqi yardımın hüquqi əsasını Konstitusiyanın 61-ci maddəsi və qüvvədə olan qanunvericilik təşkil edir. Yeni qanun layihəsi isə mövcud təminatların daha sistemli təşkilinə xidmət edir.

R.Nəbiyev Azərbaycanın beynəlxalq öhdəliklərinə də diqqət çəkərək Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndi və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 3-cü bəndində hüquqi müdafiə ilə bağlı konkret təminatların müəyyən edildiyini vurğulayıb.

Bildirib ki, cinayət ittihamı ilə üzləşən şəxsin kifayət qədər vəsaiti olmadıqda və ədalət mühakiməsinin maraqları bunu tələb etdikdə ona ödənişsiz hüquqi yardım göstərilməlidir. Məhkəmədə istifadə olunan dili bilməyən şəxsin tərcüməçi ilə təmin olunmaq hüququ isə maddi vəziyyətindən asılı deyil.

Deputat Bakı Hərbi Məhkəməsində ağır cinayətlərdə ittiham olunan şəxslərin müdafiə hüququnun təmin edilməsini buna nümunə göstərib.

O, Ruben Vardanyanın dövlət hesabına vəkillə, həmçinin bildiyi rus dilində tərcüməçi ilə təmin olunmasını qeyd edərək bildirib ki, müdafiə hüququ ittihamın ağırlığından asılı deyil.
R.Nəbiyev vurğulayıb ki, hüquqi dövlətçilik modelinin əsas mahiyyəti qanunun hər kəsə eyni şəkildə tətbiq olunması, zərərçəkmişlərin ədalət tələbi ilə təqsirləndirilən şəxslərin müdafiə hüququnun paralel şəkildə qorunmasıdır.
O, Prezident İlham Əliyevin Bakı Hərbi Məhkəməsində keçirilən prosesi “ikinci Nürnberq” kimi xarakterizə etməsinə də toxunub.
Deputat, həmçinin ittiham olununan şəxslərdən birinin prosessual hüquqlarının pozulması və ədalətli məhkəmə hüququ ilə bağlı BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupuna müraciət edildiyini xatırladıb.

O, İşçi Qrupunun 2024-cü ilin noyabrında 46/2024 saylı rəyinə istinad edərək həmin sənəddə onun azadlıqdan məhrum edilməsinin özbaşına həbs hesab edilmədiyini bildirib.

R.Nəbiyev qanun layihəsinin tətbiq dairəsinə şəhid ailələri və müharibə veteranlarının daxil edilməsini də xüsusi vurğulayıb.

Onun sözlərinə görə, bu yanaşma postmünaqişə dövründə dövlətin cəmiyyət həmrəyliyinə verdiyi önəmin göstəricisidir.
Deputat Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycanın tarixi qələbəsini şərtləndirən amillərdən biri kimi cəmiyyət həmrəyliyini qeyd etdiyini xatırladıb.

O, müzakirəyə çıxarılan qanun layihəsini konstitusion və beynəlxalq təminatların daha əlçatan və davamlı həyata keçirilməsinə xidmət edən mühüm addım kimi qiymətləndirib.

Günel Elxan