
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib, “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb.
Millət vəkili bildirib: “Son zamanlar hökümət tərəfindən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımlar atılır. Bəzi qanunlara biz dəyişikliklər edirik. Yeni qanun layihələri gəlir. Əlbəttə bu təqdir olunmalıdır.
Müzakirə etdiyimiz qanun layihəsini konseptual baxımdan əlbəttə, qəbul olunandır, amma mən bir neçə məsələyə diqqət cəlb etmək istəyirəm. Komitə iclasında mən bu barədə geniş danışmışam.
Söhbət ondan gedir ki, onsuz da Cinayət Məcəlləsinin 307-ci maddəsində cinayəti bilib xəbər verməməyə və əvvəlcədən vəd etmədən cinayəti gizlətməyə görə ayrıca məsuliyyət nəzərdə tutulur. Yəni onsuz ağır və xüsusilə ağır cinayətlər barədə xəbər verməməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur.
Bu qanunla biz stimullaşdırırıq ki, vətəndaşlar bu barədə məlumat versinlər, amma burada nə öz əksini tapmayıb? Korrupsiya cinayətləri ölkənin inkişafı qarşısında ən böyük problemlərdən biridir, bu bütün dünyada belədir. Bunun üçün də vətəndaşlar maraqlı olmalıdırlar ki, korrupsiyaya qarşı ölkədə effektiv mübarizə aparılsın. Bu sonda onların birbaşa öz həyatlarına, rifahına təsir edən, hüquqlarının qorunmasına xidmət edən məsələdir.
Korrupsiya cinayətləri bir çox hallarda vəzifəli şəxslərin, xüsusilə də dövlət hakimiyyəti orqanlarında təmsil olunmuş şəxslərin iştirakı ilə törədilir. Bu çox məxfi həyata keçirildiyi üçün az sayda şəxs bu cinayət barədə məlumatlı olur.
Yəni vətəndaşın şikayətinin araşdırılması üçün gərək o hansısa bir mötəbər sübutlar, məlumatlar təqdim eləsin. Bunu da çox vaxt cinayətin iştirakçıları bilir. Ona görə də mən komitə iclasında məsələ qaldırmışdım ki, əgər cinayətin iştirakçısı tərəfindən bu barədə məlumat verilirsə, onun müdafiəsi hansı formada təşkil olunacaq? Bu qanunvericilikdə öz əksini tapmalıdır. Yaxud cinayətin iştirakçılarından təşkilatçı, hansı ki, bu cinayəti təşkil eləyib, yaxud cinayətdə təhrikçi qismində iştirak eləyən şəxs, yəni başqalarını buna inandırıb, bu cinayətin törədilməsinə sövq eləyib və məlumat verirsə, onlara münasibətdə qanun hansı formada tətbiq olunacaq?
Mən hesab edirəm ki, bu qanunun effektliliyinin təmin olunması üçün əgər korrupsiya cinayəti nəticəsində onlar əldə etdikləri vəsaitləri geri qaytarırlarsa cinayət məsuliyyətindən azad olunmaları qanunda öz əksini tapmalıdır.
Düzdür, onlara daha mükafat da verilməməlidir, yəni bu qanunda öz əksini tapmalıdır. Amma cinayət məsuliyyətindən o cinayətin iştirakçılarından kimsə məlumat verirsə, dediyim kimi, onun məsuliyyətdən azad olunması qanunda birbaşa öz əksini tapsa, doğru olar.
Bir də burada Arzu Nağıyev o rəqəmi ifadə eləmədi. Əgər korrupsiya cinayəti haqqında məlumat verən şəxs bu cinayətə görə öldürülürsə, həyatını itirirsə, 20 min manat kompensasiya nəzərdə tutulur. Mən komitə iclasında da dedim ki, bu çox az vəsaitdir və heç kim, xüsusilə də böyük, iri korrupsiya cinayətləri barədə məlumat verirsə və öz həyatını təhlükə hiss edirsə, 20 min manata görə öz həyatını riskə atmayacaq. Ona görə də bu məbləğin də artırılması barədə düşünmək lazımdır.
Bir də korrupsiya cinayəti haqqında əgər şəxs öz müdirinə nə məlumat verməlidir? Müdirin məlumatı olmadan korrupsiya cinayətinin baş verməsi mümkünsüz bir məsələdir. Ona görə də bu barədə məlumatlar ya korrupsiyaya qarşı mübarizə komissiyasına verilməlidir. Bu qədər şikayətləri araşdırmağa imkanları yoxdursa o zaman Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə bu barədə məlumat verilməlidir. Çünki bu cinayət Məcəlləsi ilə onun üzərinə qoyulmuş bir öhdəlikdir”.