Rusiya Dumasından Xocalı ilə bağlı ilk addım Siyasət

Rusiya Dumasından Xocalı ilə bağlı ilk addım

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev təkcə azərbaycanlıların deyil, eyni zamanda, bütün bəşəriyyətin, insanlığın hüquqlarını dilə gətirib.
Bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevin Xocalı soyqırımı ilə bağlı açıqlamasına münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, Savelyevin cəsarətli bəyanatı və Xocalı soyqırımı ilə bağlı səsləndirdiyi fikirlər təqdirəlayiqdir:
"Təəssüflər olsun ki, Rusiyada əksər hallarda həqiqəti etiraf etmirlər və bu işdə oradakı ermənipərəst siyasətçilər xüsusi rol oynayır, öz düşüncələrini korporativ maraqlar üzərində qururlar. Bu baxımdan da düşünürəm ki, Savelyev kifayət qədər ciddi bəyanat səsləndirib. Onun fikriləri əslində vicdanlı bir şəxsin vicdanının səsidir. Rusiyalı deputat həqiqətləri etiraf etməklə tarix qarşısında öz missiyasını yerinə yetirmiş oldu. Beləliklə, Xocalı soyqırımına ən yüksək səviyyədə hüquqi qiymət verilməkdədir. Dünyanın bir sıra parlamentləri artıq Xocalı soyqırımını tanıyıb. Bu prosesin davamlı olacağına və gələcəkdə Rusiyada da Xocalı soyqırımı ilə bağlı daha uca səslə danışılacağına şübhə etmirəm".
Analitik qeyd edib ki, bu, Rusiya Dövlət Dumasının deputatı səviyyəsində atılan ilk addımdır:
"Xocalı soyqırımı ilə bağlı həqiqətləri dilə gətirmək birbaşa bəşəri cinayətlərin qarşısının alınmasına xidmət edən bir addımdır. Çünki insanlıq əleyhinə törədilən cinayətlər sadəcə olaraq konkret bir dövlətə qarşı deyil, bütün bəşəriyyətə qarşıdır. O üzdən də Rusiya Dövlət Dumasının deputatı təkcə azərbaycanlıların haqlarını deyil, eyni zamanda, bütün bəşəriyyətin, insanlığın hüquqlarını dilə gətirib. Əslində, Rusiya cəmiyyəti bu faciənin nə qədər qlobal, genişmiqyaslı olduğunu yaxşı başa düşməli idi. Çünki ruslar, keçmiş SSRİ-dəki bütün xalqlar faşizmdən ziyan çəkiblər. İndiki şəraitdə də Ermənistanın timsalında faşizm Azərbaycan ərazilərində təzahür edir. Həm işğal edilmiş ərazilərimizdə, həm də insanlarımıza qarşı ermənilər tərəfindən soyqırım həyata keçirilib. Bu baxımdan da hesab edirəm ki, vicdanlı insanlar bu məsələyə susqun qalmalı deyillər".
Qeyd edək ki, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev Türkiyənin Kayseri şəhərində Xocalı Parkının açılışında Xocalıda Azərbaycan xalqına qarşı edilənləri soyqırım adlandıraraq, bu vəhşiliyi törədənlərin hələ də cəzasız qaldığını bildirib.