“Bu işğala dünya göz yumur, beynəlxalq təşkilatlar lal olub” Siyasət

“Bu işğala dünya göz yumur, beynəlxalq təşkilatlar lal olub”

"Belə qanunsuz səfərlər qəribə səslənsə də, əslində bizi təəccübləndirməməlidir. Azərbaycan ərazisini işğal edib 25 ildən artıqdır onu işğalda saxlayan bir dövlətə qarşı hər hansı bir beynəlxalq sanksiya yoxdursa, beynəlxalq hüquq norması çərçivəsində cəza görülmürsə və dövlət işğalçı adlandırılmırsa onda bu addımları işğaldan daha ciddi və cinayətkar addım hesab etmək olmaz. Əvvəlcə düşmən tərəfi işğalçı adlandırılmalıdır, işğal olunmuş ərazilər elan edilməlidir, işğal etdiyi ərazi beynəlxalq sənəddə öz əksini tapmalıdır".
Bu fikirləri millət vəkili Fəzail İbrahimli deyib.
O bildirib ki, dünya ictimaiyyəti, bütün Avropa dövlətləri, Avropa Şurası, beynəlxalq təşkilatlar, Fransanın meri də, prezidenti də hər biri çox yaxşı bilir ki, Azərbaycanın 20 faiz torpağı Ermənistan tərəfindən işğal edilib: "Elə bir sənəd göstərilsin ki, orda Ermənistan işğalçı dövlət kimi qələmə verilsin və Ermənistana qarşı hansısa bir sanksiya tətbiq olunsun. Necə ola bilər ki, Krımın işğalından sonra dünya oyandı, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladı. Yaxud Sovet dönəmində İraq tərəfindən Küveytin işğal olunmasından bir gün sonra Amerika ora qondu. Amma 20 faiz torpaqlar işğal olunur, dünya göz yumur, beynəlxalq təşkilatlar lal olub, ikili standartlar davam edir, heç kəsə də heç bir cəza verilmir. Belə olan təqdirdə, cəzasızlıq mühitində ora mer də gələ bilər, hələ Fransanın prezidenti də gələcək, digər Avropa dövlətlərindən də səfərlər olacaq. Sadəcə Azərbaycan tərəfi hüquq müstəvisində belə adamları arzuolunmaz əcnəbi kimi qara siyahıya salıb, Azərbaycana gəlişinə məhdudiyyətlər qoya bilir".