“Ali məktəblərə qəbul sadələşdirilməlidir” Siyasət

“Ali məktəblərə qəbul sadələşdirilməlidir”

Qüdrət Həsənquliyev: "Tam orta təhsilin icbari olması məsələsinə də yenidən qayıtmalıyıq"

"Dekabrın 12-də Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycan diplomatiyasının böyük uğuru və qələbədir. Biz indiyə qədər müşahidə edirdik ki, keçmiş sovet respublikalarındakı bu tipli münaqişələrlə bağlı həmişə Gürcüstanın, Moldovanın Ukrtaynanın ərazi bütövlüyü tanınırdı və münaqişəni yalnız bu dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunması qeyd olunurdu".
Bu fikirləri Bütöv Azərbaycan Xalq CəbhəSi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili "amma Azərbaycanla bağlı bizə deyirdilər ki, "gedin Ermənistanla dil tapın, danışın, sizin razılaşdığınız variantı biz də müdafiə edəcəyik, dəstəkləyəcəyik". Bununla da dolayısı ilə Ermənistanı dəstəkləyirdilər", - deyə əlavə edib: "Amma Avropa Parlamenti ilk dəfədir qərar qəbul edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər və bu qətnamənin qəbul olunmasında sözsüz ki, Azərbaycan parlamentinin də rolu çox böyükdür. Mən həm də deputat həmkarım Cavanşir Feyziyevə fəaliyyətinə görə təşəkkür edirəm. Həqiqətən də son zamanlar Azərbaycan diplomatiyasının ikinci bir qələbəsi ondan ibarətdir ki, Ermənistan özünün hətta müttəfiqləri arasında belə təklənib, öz nüfuzunu itirib. Lukaşenkonun mətbuata verdiyi açıqlamalar bunu təsdiqi idi. Hesab edirəm ki, Azərbaycan tərəfi Ermənistana təzyiqlərini artırılmalıdır və 2019-cu il Dağlıq Qarabağın azad edilməsi ili olmalıdır. Yəni biz 2019-cu ili bu istiqamətdə ciddi qərarların qəbul olunması ili kimi görməliyik. Mən hesab edirəm ki, həqiqətən də Azərbaycan hökuməti artıq Ermənistana təzyiqləri ciddi şəkildə artırmalıdır. Əgər Ermənistan 2019-cu ildə güzəştə getməyəcəksə, Azərbaycan ordusu nəhayət ki, öz gücündən istifadə etməli və güc yolu ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etməldir. Bu barədə artıq Minsk qrupunun həmsədrləri də məlumatlandırılmalıdır və onlardan da tələb olunmalıdır ki, artıq torpaqlarımızın işğaldan azad olunması üçün onlar da öz qəti sözlərini söyləsinlər".

"Tam orta təhsilin icbari olması məsələsinə yenidən qayıtmalıyıq"

Millət vəkili həmçinin "Ümumi təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı da fikirlərini bölüşüb. O, bildirib ki, bu yaxınlarda biz Dünya Bankının bir açıqlaması ilə tanış olduq: "Orada qeyd olunurdu ki, Azərbaycan əhalinin təhsillə əhatə səviyyəsinə görə, region dövlətlərindən 2 dəfə geridə qalır. Amma bu mənim üçün şəxsən yenilik olmadı. Düşünrəm ki, sizin üçün də yenilik deyil. Ona görə ki, bu məsələni ən azı mənim özüm bir neçə dəfə Milli Məclisdə hökumət üzvlərinin diqqətinə çatdırmışdım. Konseptual baxımdan, əlbətə mən bu qanunun lehinə səs verəcəyəm. İsa Həbibbəyli və onun komandasına minnətdarlağımı bildfirirəm. Həqiqətən də bizim müvafiq komitə elm və təhsillə bağlı bir neçə sanballı qanun layihələri hazırlayıb ki, bu da onlardan biridir. Amma burada təhsilin, xüsusilə də ümumi təhsilin əsas problemləri öz həllini tapmır. Bu gün Azərbaycanda ümumi təhsilin əsas problemi repetitorluqdur. İsa müəllim, yəqin ki siz bunu bilirsiniz. Amma bu barədə, bunun aradan qaldırılması ilə bağlı bu qanunda hər hansı bir tənzimləyici rolu biz görmürük. Dəfələrlə söyləmişəm ki, Azərbaycanda təhsilin əsas problemlərindən biri də budur. İstənilən ali məktəbdə gedək, auditoriyaya girib sorğu keçirək ki, kim repetitor yanına getməyib və ali məktəbə qəbul olub? Patokda bir-iki nəfər belə adam ola bilər. Amma bu həm də açıq deyək ki, valideynlərin büdcəsinə ciddi ziyan vurur. Bəzi valideynlər hətta uşaqlarını lazımınca qidalandırmırlar, amma istəyirlər ki, övladları ali təhsil ala bilsin. Buna görə də repetirorlara pul ödəyirlər. Ona görə də bax bu qanunda öz əksini tapmalıdır ki, orta məktəb müəllimlərini əmək haqqı ən azı orta aylıq əmək haqqından az ola bilməz - yəni minimum həddi. İkincisi, repetitorluq əgər hökumət, dövlətimiz tərəfindən qəbul olunursa demək bu qanunvericiliklə tənzimlənmir. Yox, qəbul olunmursa, deməli bunun aradan qaldırılması istiqamətində hansısa addımlar atılmalıdır. Bu da birbaşa hökuməıtin borcudur. İkinci mühüm məsələ hesab edirəm ki, təhsildə iki növbəli tədrisdir. Bu ən ciddi problemdir. Dünyada çoxdan bu yığışdırılıb".
BAXCP sədri əlavə edib ki, bunun üçün Azərbaycanda yeni məktəblər tikilməlidir və məktəb tikintisi vergi güzəştləri yolu ilə dövlət tərəfindən stimullaşdırılmalıdır: "Qanunda bu öz əksini tapmalıdır. Xeyriyyəçilik stimullaşdırılmalı və qanunla tənzimlənməlidir. Hesab edirəm ki, bu tipli məsələləri fundamental baxımdan biz qanunvericilik səviyyəsində həll etmədən ciddi dəyişikliklərə nail ola bilməyəcəyik. Başqa bir mühüm məsələ - hesab edirəm ki, biz həm alimlərin sayına, həm də ali təhsil alanların sayına görə, region dövlətlərindən çox gerdiə qalırıq.
Baxın, Fransada sarı gödəkçəlilərin ən böyük tələblərindən biri odur ki, ali məktəblərə qəbul sadələşdirilməlidir. Bilirsiniz ki, orada həm də tələbələr nümayişlərə çıxıblar. Azərbaycanda da bu edilməlidir və ali məktəblərə qəbul sadələşdirilməlidir. Ali məktəblərə qəbul yalnız orta məktəbin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq aparılmaldıır. Bu bütün sivil dünyada belədir. Niyə biz bu addmı ata bilmirik? Doğrudan da mən bunu başa düşə bilmirəm. Bu addımı ata bilsək, sizi əmin edirəm, repetitorluğun qarşısı alınacaq. Bax bu fundamental məsələləri biz həll etməsək düşünürəm ki, nə qədər başqa mükəmməl qanunlar qəbul etsək də, bu ümumi təhsilin inkişafına öz töhfəsini verə bilməyəcək. Biz onsuz da geriyə doğru bir addım atmışıq. Mərhum prezident Heydər Əliyevin dövründə, 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya görə, ali təhsilə qədər olan təhsilin mərhələsi icbari idi. Sonradan biz özümüzdən təhsil haqqında qanuna bir müddəa daxil elədik və tam orta təhsil yaratdıq. Yəni bunu elə etdik ki, artıq uşaqlar 9-cu sinifdən təhsili yarımçıq saxlayıb gedə bilərlər. Bu da artıq geriyə doğru böyük bir addım idi və çox təəssüf ki, biz bunu atdıq. İndi hesab edirəm ki, heç olmasa bu qanunda biz ümumi təhsilin, yəni bütünlüklə, tam orta təhsilin icbari olması məsələsinə də yenidən qayıtmalıyıq".

Əli