Azərbaycan-Pakistan: hərbi sahədə getdikcə güclənən əməkdaşlıq Siyasət

Azərbaycan-Pakistan: hərbi sahədə getdikcə güclənən əməkdaşlıq

Azərbaycan müsəlman ölkələrilə ikitərəfli əməkdaşlığı gücləndirməkdə maraqlıdır. Bakının artıq bu arzusuna çatdığını söyləmək olar. Çünki Azərbaycanla Pakistan arasındakı siyasi və iqtisadi əlaqələr müsəlman ölkələrinin necə sarsılmaz münasibət qura biləcəyinin bariz nümunəsidir.
"EurAsiaAz" beynəlxalq ekspert klubunun aparıcı eksperti Kərim Sultanov "National Herald Tribune"də iki dövlət arasında münasibətlərdən bəhs edib.
Kərim Sultanov yazır ki, Bakı ilə İslamabad müxtəlif sahələrlə yanaşı, daha bir vacib sahədə əməkdaşlıq edir. Sphbət hərbi sahədən gedir.
Qeyd edək ki, Pakistan Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdəndir. Ümumiyyətlə, pakistanlılar Azərbaycana hər zaman dəstək olub. Odur ki, bu gün Azərbaycan xalqı və dövləti Pakistan xalqına minnətdardır.
1988-1994-cü illərdə baş vermiş Qarabağ müharibəsi zamanı qonşu Ermənistan Azərbaycanın tarixi torpaqlarına qarşı təcavüzə başlayıb. Lakin beynəlxalq ictimaiyyət Azərbaycanı Ermənistan və havadarları qarşısında yalnız buraxıb. Azərbaycanın 1991-ci ildə müstəqilliyini elan etməsindən dərhal sonra Pakistan onu dəstəkləməyə başlayıb. Həmin dövrdə Azərbaycanın müstəqilliyi belə, təhlükədə idi.
Azərbaycan bu gün də işğalla üz-üzədir. Onun ərazisinin 20%-i qonşu Ermənistanın işğalı altındadır. Bu üzdən Azərbaycan hökuməti üçün hərbi sahənin inkişafı prioritetdir. Başqa sözlə, Bakının bu sahənin inkişafına böyük diqqət ayırması təsadüf deyil.
İslamabad Bakının ikitərəfli əlaqələrin bütün sahələrində etibarlı tərəfdaşıdır. Hərbi sahədə əməkdaşlıq da istisna deyil. Azərbaycanla Pakistan arasında hərbi-texniki əməkdaşlıq gündən-günə genişlənir. İki ölkənin müvafiq işçi qrupları arasında dialoq yüksək səviyyədədir. Nəticədə 2014-cü ildə Azərbaycanla Pakistan arasında hərbi və müdafiə sahəsində əməkdaşlığa dair müqavilə də imzalanıb. Üstəlik, 2015 və 2017-ci illərdə müqavilə yenilənib.
Bu yaxnlarda Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi məqsədilə Pakistanın yüksək rütbəli hərbçilərilə görüşüb. Nəticədə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın gücləndirilməsinə dair razılaşma imzalanıb.
Son 10 ildə təxminən 100 azərbaycanlı əsgər Pakistanın müxtəlif hərbi müəssisələrində hazırlıq keçib. Pakistan ordusunun rəhbərliyi isə tez-tez Bakıya səfər edir. Bununla yanaşı, Azərbaycan Pakistandan "JF-17" qırıcı-bombardmançılarının tədarükündə maraqlıdır. Bununla bağlı danışıqlar artıq sona çatıb. "JF-17"lərin tədarükünə dair müzakirələrsə son mərhələdədir.
Azərbaycanın maraq göstərdiyi bu qırıcıların sınağı çoxdan başa çatıb. Pakistan Hərbi Hava Qüvvələri özü artıq onlardan istifadə edir. Azərbaycan rəhbərliyi onları almaq üçün məhz bunu gözləyirdi.
Beləliklə, "JF-17" Azərbaycan Hərbi Hava Qüvvələrinin bazasına daxil olmağa real namizəddir. Bu razılaşma da münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir.
Qeyd edək ki, "JF-17" qırıcı-bombardmançıları "KLJ-7A" yeni radar sistemilə təchiz olunub. Bu, düşmənə məxsus sistemləri və hərbi obyektləri 170 kilometrlik məsafədən aşkar etməyə imkan verir.
"JF-17" qırıcılarının Pakistandan tədarükü Azərbaycan hökumətinin müdrikliyinin və Azərbaycan prezidenti İlham Əliyevin uzaqgörən, effektli siyasətinin göstəricisidir. Bu, Azərbaycan xalqının maraqlarına uyğundur.
Məhz Azərbaycan hökumətinin dost münasibəti onun ən etibarlı tərəfdaşlarından olan Pakistan da daxil olmaqla, müxtəlif ölkələrlə ikitərəfli əlaqələrinin güclənməsilə nəticələnib.