Türkiyənin Azərbaycandakı səfiri Gəncədə olub Siyasət

Türkiyənin Azərbaycandakı səfiri Gəncədə olub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib. Görüşdə Azərbaycanla Türkiyə arasındakı dosluq və qardaşlıq münasibətlərindən söz açılıb, mövcud əlaqələrin günü-gündən daha da möhkəmləndiyi diqqətə çatdırılıb.
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələrinin sarsılmaz təməl üzərində qurulduğu, bu münasibətlərin hər zaman başqa dövlətlərə nümunə olduğu dilə gətirilib. Qeyd olunub ki, tarixi dostluq, qarşılıqlı etimad və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim inkişaf edir. Bu münasibətlərin genişləndirilməsində Gəncə də əhəmiyyətli rola malikdir. Son vaxtlar Gəncədə xarici sahibkarlar, o cümlədən qardaş Türkiyənin iş adamları üçün əlverişli şərait və geniş imkanlar yaradılıb. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin "bir millət - iki dövlət" prinsipinə əsaslandığı vurğulanıb. Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
****
Daha sonra Gəncədə şəhər icra hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə əlillərin əl işlərindən ibarət satış-sərgi təşkil olunub. Məhsəti Gəncəvi Mərkəzində baş tutan sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və şəhər ictamaiyyəti iştirak edib.
Sərgidə 10-a yaxın istedadlı əlilin 100-ə yaxın əl işi sərgilənib. Nümayiş olunan əl işləri sırasında Azərbaycanın tarixini, bu gününü, milli mənəvi dəyərlərini özündən əks etdirən müxtəlif rəsm əsərləri, dekorativ tətbiqi sənət və toxuculuq nümunələri yer alıb.
Təşkil olunan satış-sərgi əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimayyətə təqdim etmək, onların cəmiyyət tərəfindən tanınmasına şərait yaratmaq, gələcək fəaliyyətlərinə stimul vermək və maddi rifah halının yaxşılaşmasına dəstək olmaq məqsədi daşıyıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral adından sərgi iştirakçılarına müxtəlif hədiyyələr təqdim olunub.

****
Gəncə Şəhər Uşaq Evində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram şənliyi təşkil edilib. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhər ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Gəncə Uşaq Evinin sakinlərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub. Uşaq evinin sakinləri tədbiri " Cırtdanın Yeni il sərgüzəştləri " adlı səhnəciklə açıblar. Şaxta Baba və Qar qızın tədbirə qatılması bayram şənliyini daha da maraqlı edib. Balaca fidanlar milli və xarici musiqilərin fonunda çıxış edib, müxtəlif rəqs nümunələri nümayiş etdirib, şeir parçaları səsləndiriblər.
Bədii hissədən sonra uşaqlar üçün bayram süfrəsi açılıb, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Uşaq Evinin sakinlərinə müxtəlif bayram hədiyyələri təqdim edilib.