“Vidadi İsgəndərli kimilər qanun qarşısında cavab verməlidirlər” Siyasət

“Vidadi İsgəndərli kimilər qanun qarşısında cavab verməlidirlər”

"Azərbaycanı xarici ölkələrdə istəməyən qüvvələr, ayrı-ayrı çevrələr var. Onların müəyyən hissəsi də Fransada yerləşir. Nəyə görə məhz Fransa? Bildiyiniz kimi Fransa erməni diasporunun çox olduğu dövlətlərdən biridir. Fransa erməni diasporunun bir çox hallarda təsiri altına düşür. Hətta bu xarici siyasətdə də belədir. Məlumdur ki, Fransanın bir sıra şəhərlərinin merlərinin, Fransa parlamentinin bəzi senatının üzvlərinin işğal altındakı Dağlıq Qarabağa səfəri baş tutub. Bütün bunlar hamısı ondan xəbər verir ki, Fransada böyük ermənipərəst qüvvələr var". Bunu açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.
Partiya sədrinin sözlərinə görə, həmin çevrələr Azərbaycana qarşı zaman-zaman iş aparıblar və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olublar: "Azərbaycan dövlətinin inkişafını əngəlləmək, dövlətimizi gözdən salmaq və artan nüfuzunun qarşısını almaq üçün çoxçeşidli işlər görürlər. Onlar Azərbaycana müxtəlif yalan adlar altında guya "siyasi sığınacaq" adı altında xaricə gedən bəzi dönüklərə də bunlar sahib çıxırlar. Təbii ki, onları da öz məqsədləri üçün istifadə edirlər. Həmin şəxslərdən biri də Vidadi İsgəndərlidir ki, o da bir çoxları kimi Fransaya gedib və orada sığınacaq alıb. Bu insan ağzına gələn danışır və ölkəmizə qarşı hər cür cinayət çağırışlarında bulunur. Ona görə də düşünürəm ki, bunun qarşısı alınmalıdır. Azərbaycan mötəbər beynəlxalq qurumların, interpolun üzvüdür. Bu Azərbaycan dövlətinə təhdid və ölkə xalqına təhqir deməkdir. Onların hərəkətlərində təbii ki, cinayət tərkibi vardır. Ona görə də düşünürəm ki, Azərbaycan üzvü olduğu interpol vasitəsilə onları axtarışa verməlidir və ölkəmizə ekstradisiya etməlidirlər. Bu insanlar Azərbaycanın Konstitusiyası, qanunları qarşısında cavab verməlidirlər".