“Türkiyə üçün əsas olan odur ki, stabillik davam etsin” Siyasət

“Türkiyə üçün əsas olan odur ki, stabillik davam etsin”

Fikrət Sadıqov: "Sərhədləri təhlükəsizlik kontekstində müdafiə olunsun"

ABŞ Müdafiə Nazirliyi ordunun Suriyadan qrup şəklində tərk etməsi prosesini başladıb. Bunu Anadolu Agentliyinə adının açıqlanmasını istəməyən Pentaqon nümayəndəsi deyib.
Mənbə Suriyadan çəkilən qrupun tərkibi və hansı bölgəni tərk etdiyi haqda detallı informasiya verməyib.
CNN televiziyası isə ABŞ Mərkəzi Qüvvələr Komandanlığına istinadla bildirib ki, ordunun Suriyadan çıxması üçün istifadə olunacaq gəmi və təyyarələr müəyyən edilib.
Lakin ABŞ dövlət katibi Mayk Pompeo Misirdə fərqli açıqlama verib. O deyib ki, Donald Tramp Suriyada hərbi təsirini yenidən gücləndirməyi düşünür: "Lakin ümid edirəm, buna ehtiyac qalmaz".
O əlavə edib ki, ABŞ Yaxın Şərqdə həmişə sülh yaradıb, işğalçı olmayıb. ABŞ hərbçiləri olduğu ərazilərdən çıxdığı zaman isə xaos ortaya çıxıb.
Baş verən proseslər, eyni zamanda bu proseslər fonunda Türkiyə-ABŞ münasibətlərini hansı formada inkişaf edəcəyi maraq doğurur.
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Con Bolton bəyan etmişdi ki, guya ABŞ qoşunları regiondan çıxandan sonra da onlar kürd dəstələrinə dəstək verəcək. Hətta bildirmişdilər ki, Türkiyə hökuməti PKK və YPG-yə çox diqqətlə yanaşmalı və onlara qarşı ciddi bir addım görməməlidir. Təbii ki, bu rəsmi Ankaranın narazılığına səbəb oldu. Ona görə də faktiki olaraq onlar Boltondan görüşməkdən imtina etdilər".
O bildirib ki, bu proses özü-özlüyündə Amerika-Türkiyə münasibətlərinin daha da gərgin şəklə gətirilməsinə səbəb ola bilər: "PKK və YPG birmənalı şəkildə Türkiyənin stabilliyinə, sərhədlərində təhlükəsizliyinə böyük bir zərbədir. Bu təhlükəni aradan qaldırmaq üçün Türkiyə ancaq öz qoşunlarından, Silahlı Qüvvələrindən istifadə etməlidir. Ankara heç vaxt bunu sirr saxlamır, həmişə də bundan istifadə edib. Boltonun dediklərinə baxmayaraq yenə də bunu etməyə davam edəcək. Ona görə də Türkiyə üçün əsas olan odur ki, stabillik davam etsin və sərhədləri təhlükəsizlik kontekstində müdafiə olunsun".
Siyasi analitik Oqtay Qasımov deyib ki, ABŞ indi həm Suriyada İŞİD problemini həll etmiş kimi görünməyə çalışır, həm də Türkiyə və bölgə dövlətlərinə təhdid yaradan PYD/PKK-nı müdafiə etmək xətti yürüdür. Təbii ki, bölgə dövlətlərini bu, razı sala bilməz. Onun sözlərinə görə, mövcud situasiyada ən ciddi narahat olan ölkə Türkiyədir: "Bu, başa düşüləndir. Nəzərə almaq lazımdır ki, ABŞ PYD/PKK vasitəsilə Suriya-Türkiyə sərhədinin böyük qismini nəzarət altında saxlayır. Bu, ABŞ və PKK-nın gələcək planlarının reallaşması üçün bir mərhələ ola bilər. Ankaranı ciddi narahat edən və onun ərazi bütövlüyünü təhdid altında saxlayan bu məsələdir.
Odur ki, Türkiyə ABŞ-ın indiki mövqeyi ilə razı deyil. Öz narazılığını həm rəsmi, həm də qeyri-rəsmi şəkildə ABŞ-ın diqqətinə çatdırır".
Oqtay Qasımov əlavə edib ki, hazırda Suriyada durum qeyri-müəyyəndir: "ABŞ-ın Suriyada nə etmək istədiyi özündən başqa heç bir mərkəzə məlum deyil. Türkiyəni də narahat saxlayan bu qeyri-müəyyən vəziyyətdir.
Ankara öz dövləti maraqlarını nəzərə alaraq incə siyasət yürütməlidir. ABŞ həm Suriyada xoşməramlı görünmək, NATO-dakı müttəfiqi olan Türkiyə ilə əlaqələri düzəltmək, həm də Ankaranı Rusiyadan ayıraraq özünə yaxınlaşdırmaq istəyir. Suriyada ABŞ, Rusiya və İsrailin də maraqları var. ABŞ-ın addımlarına bu prizmadan yanaşmaq lazımdır.
Digər tərəfdən, Rusiyanın mövqeyi də maraqlıdır. Açığı, indiyə qədər Rusiya qəti mövqeyini ifadə etməyib. Fikrimcə, ABŞ bir mərhələdə PYD/PKK məsələsini Rusiya ilə uzlaşdıra bilər.
PYD ilə bağlı Rusiyanın da müəyyən maraqları var. PYD Rusiyanın bölgədə maraqlarını həyata keçirməsi üçün vasitə ola bilər".
Analitik xatırladıb ki, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun açıqlamaları Türkiyə tərəfindən ciddi etirazla qarşılanıb: "Hesab edirəm ki, PYD məsələsi ABŞ-Türkiyə münasibətlərində gərginliyi artıracaq. Yəni bu iki ölkə arasında sərt açıqlamalar, diskussiyalar davam edəcək".

Əli