Nazirlər Kabinetinin iclasını keçirilib Siyasət

Nazirlər Kabinetinin iclasını keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub müşavirədə qaldırılan məsələlərlə əlaqədar Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun yanında Nazirlər Kabineti Aparatının iclası keçirilib.
Baş nazir Novruz Məmmədov 2018-ci ildə ölkəmizin əldə etdiyi uğurlu nəticələrdən, aparılan iqtisadi islahatlardan, yeniliklərdən bəhs etdi və müşavirə zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi istiqamət və hədəflərin hökumət üçün əsas meyar olduğunu bildirdi. Keçən ildə atılan addımlar iqtisadi rəqabət qabiliyyətinin artırılması baxımından ölkəmizin dünya miqyasında reytinqinin yüksəlməsinə səbəb olub. Xüsusən də, vergi və gömrük sahələrində institusional dəyişikliklər, şəffaflıq və sağlamlaşdırma tədbirləri müsbət dəyişikliklərlə nəticələnib. Ölkədə bütün iqtisadi göstəricilər üzrə davamlı inkişaf müşahidə olunur, icra edilən böyük investisiya və infrastruktur layihələri iqtisadiyyata öz töhfəsini verir.
Eyni zamanda, əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemləri daim dövlətin diqqət mərkəzindədir. İlin mühüm hadisələri olan "Azerspace-2" peykinin orbitə çıxarılması, Cənub Qaz Dəhlizinin, TANAP qaz kəmərinin, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Türkiyədə ən böyük layihələrdən olan "STAR" Neft Emalı Zavodunun açılışları, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması Dövlət başçısının apardığı məqsədyönlü siyasətin əməli nəticələridir.
Baş nazir vurğuladı ki, 2019-cu ildə də ölkəmizdə mühüm işlərin həyata keçirilməsi, idarəetmədə yeni yanaşmanın tətbiq olunması nəzərdə tutulub. Bu il yeni Sumqayıt-Rusiya sərhəd yolunun tikintisi gözlənilir. Həmçinin 100-dən çox məktəbin tikintisi, 10-a yaxın mərkəzi rayon xəstəxanasının, 3 Olimpiya İdman Kompleksinin, beş "ASAN xidmət" mərkəzinin, Bakı şəhərində "DOST" mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Baş naziri aqrar sahəsinin inkişafına nəzər salaraq, ötən ildə aparılan meliorativ tədbirlər nəticəsində əkin dövriyyəsinə cəlb edilmiş torpaqların səmərəli istifadə edilməsi ilə bağlı tədbirlər barədə də danışdı.
Yekunda sosial-iqtisadi inkişafın nəticələrinə dair ətraflı fikir mübadiləsi aparıldıqdan sonra, Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müşavirədə verdiyi tapşırıqların icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verdi.