AŞPA-da Azərbaycana münasibətdə qərəzli fəaliyyət göstərməyə çalışırlar Siyasət

AŞPA-da Azərbaycana münasibətdə qərəzli fəaliyyət göstərməyə çalışırlar

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana münasibətdə qərəzli fəaliyyət göstərməyə çalışırlar.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Sergey Lavrov deyib: "Biz (Azərbaycan və Rusiya) MDB, BMT, eləcə də ATƏT və Avropa Şurası strukturlarında yaxşı əməkdaşlıq etmişik. AŞ PA-da Azərbaycana münasibətdə də yetərincə qərəzli fəaliyyət göstərməyə və Azərbaycan parlamentarilərinin hüquqlarını sıxışdırmağa çalışırlar".
Sergey Lavrov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Yerevan və Bakının iradəsi ilə və ATƏT-in Minsk qrupu həmsədrlərinin timsalında beynəlxalq ictimaiyyətin dəstəyi ilə tamamilə həll oluna bilər: "Ötən il Ermənistanda rəhbərliyin dəyişdiyi il oldu. Ona görə də, Dağlıq Qarabağ nizamlanması ilə bağlı ATƏT Minsk qrupunun işinə verdiyimiz töhfə ilə əlaqədar onlar yalnız tanışlıq məqsədli görüşlərlə kifayətləndilər. Bu ay Ermənistan və Azərbaycan XİN rəhbərlərinin həmsədrlərlə növbəti görüşü planlaşdırılır. Fikrimcə, bu istiqamətdə də artıq köhnəlmiş xüsusiyyətləri alan, amma Yerevan və Bakının xoş məramlarının olduğu təqdirdə və həmsədrlər qismində beynəlxalq ictimaiyyətin dəstəyi ilə həll oluna biləcək münaqişənin nizamlanmasına kömək göstərə biləcəyik. Fikirləşirəm ki, həll yollarının axtarışına hazırlıqla bağlı səslənmiş bəyanatlar, o cümlədən Bakıdan verilmiş bəyanatlar hər cür dəstəyə layiqdir və ümid edirik ki, erməni dostlarımız buna qarşılıqlı cavab verəcək".
Lavrov Rusiya Azərbaycan və İranla yeni üçtərəfli sammitin hazırlanması ilə bağlı da məlumat verib.
Sergey Lavrov qeyd edib: "Sizi əmin edirəm ki, Rusiya-İran-Azərbaycan sammiti baş tutacaq".
Azərbaycanın da iştirakı ilə digər mümkün formatlara gəlincə, nazir vurğulayıb ki, bu barədə hələ danışıqlar aparılmayıb.
Sergey Lavrov bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər kifayət qədər dayanıqlıdır və irəliləyir: "Bizim iqtisadi qurumlarımız da sıx əməkdaşlıq edirlər. Ötən il Prezidentlər Vladimir Putin və İlham Əliyevin himayəsi ilə növbəti dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Bir çox rəsmi tədbirlər keçirilib, həmçinin Rusiyada çox populyar olan "Jara" festivalı kimi tədbirlər bizi bağlayır".