“Ermənistanda siyasi fəalın öldürülməsi ciddi qanun pozuntusudur” Siyasət

“Ermənistanda siyasi fəalın öldürülməsi ciddi qanun pozuntusudur”

Qabil Hüseynli: "Bu fakta Avropa ölkələri, digər beynəlxalq təşkilatların münasibət göstərməməsi təəssüf hissi doğurur"

"Avropa Parlamentinin Ermənistanda baş verənlərə susması çox təəccüblüdür. Çünki, bu ölkədə həbsxanada ölən şəxs sosial şəbəkənin fəalı, siyasi partiyalardan birinin sədr müavinidir. Onun həbsxanaya atılmasının ciddi səbəbinin olmaması barədə məlumatlar dolaşmaqdadır. Xüsusilə gənc və kifayət qədər sağlam olan bir şəxsin həbsxanada öldürülməsi, ona qarşı işgəncə buna bənzər hadisələrin olduğunu göstərir. Baş verənlər həqiqətən də hakimiyyət tərəfindən işlədilən suç kimi qəbul edilə bilər". Bu fikirləri politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, ən azından baş verən hadisələrin araşdırılması üçün beynəlxalq təşkilatlar, Avropa tərəfindən bəyanat formasında fikir ifadə edilməli idi: "Çünki burada söhbət insan həyatından və bu şəxsə qarşı şübhəli davranışlardan gedir. Bəzən Avropanın ikili standartlardan yaxa qurtardığını, dünyada baş verən bütün hadisələrə eyni mövqedən yanaşdığını düşünmək istəsək də, Ermənistanda baş verənlərə göz yumulmasına gəldikdə burada fərqli mənzərənin şahidi oluruq".
Onun sözlərinə görə, Ermənistanda siyasi fəalın öldürülməsi ciddi qanun pozuntusu olmaqla yanaşı, hakimiyyət üçün siyasi məsuliyyət yaradan faktdır: "Bu fakta Avropa ölkələri, digər beynəlxalq təşkilatların, BMT-nin insan haqları ilə bağlı komitəsinin münasibət göstərməməsi ciddi təəssüf hissi doğurur".
Q. Hüseynli söyləyib ki, Avropa Parlamentinin Mehman Hüseynovla bağlı əsası olmayan məsələni şişirtsə də, Ermənistanda ölümlə nəticələnən hadisəyə reaksiya verməməsi riyakarlığın göstəricisidir: "Ermənistanın hüquq mühafizə təşkilatları da məsələyə zəif formada reaksiya verdilər. Zənnimcə, beynəlxalq təşkilatlar bu işə müdaxilə etməsə, siyasi şəxsə qarşı işgəncə faktlarının, buna bənzər zorakılıq hallarına siyasi qiymət verməzsə, bu, Avropanın ayıbı olaraq yaddaşlarda qalacaq".
Politoloq vurğulayıb ki, Avropa Parlamenti Ermənistana qarşı münasibətdə həddindən artıq riyakarlıq nümayiş etdirməsini xristian təəssübkeşliyi, kimi qiymətləndirməkdən başqa əlacı qalmır: "Ermənistan işğalçı, təcavüzkar ölkədir. Nədənsə bəzi təşkilatların bunu söyləməyə cəsarəti çatmır. Ermənistan Azərbaycana külli miqdarda ziyan vurub, işğal olunan ərazilərdə tarixi və mədəni abidələri dağıdıb, ekologiyaya, yer quruluşuna ciddi zərbə vurub, toponimləri dəyişdirib. Bəzi ərazilərdə məskunlaşma siyasəti aparır, azərbaycanlıların tarixən yaşadığı ərazilərə uzaq Suriyadan ermənilər köçürülür. Bütün bunlar beynəlxalq səviyyədə cəzalandırılmalı, ciddi siyasi mövqe ortaya qoyulmalıdır. Amma təəssüf ki, nə siyasi aktivin öldürülməsi, nə də digər məsələlərə münasibət bildirilmir. İkili standartlılıq Avropa dəyərlərinə etinasızlıq, tarixən mədəniyyətlərin daşıyıcısı olan Avropanın gözdən salınması siyasətidir".
Millət vəkili Elşən Musayev deyib ki, Avropanın demokratiya, insan hüquq və azadlıqlarından danışan təşkilatları buyurub baxsınlar: "Ermənistandakı biabırçılığı, hüquqi nihilizmi görsünlər və ortaya mövqe qoysunlar. İkili standartlarını tərgitsinlər, öz qətnaməmələrini yalnız özlərinə sərf edəndə, öz maraqları təmin olunanda qəbul etməsinlər. Anlasınlar ki, qeyri-obyektiv yanaşma ilə, dünyanın bir tərəfində qarışqa boyda faktı şişirdib fil eləmək, digər yanda isə fil boyda faktı görməzdən gəlməklə öz imiclərinə ciddi xələl yetirirlər. Mger Yegiazaryanın kimliyini, necəliyini təftiş etməyəcəm. İlanın qarasına da, ağı da... Amma adam aclıq aksiyası keçirib və həbsxanada vəfat edib".
Deputatın sözlərinə görə, Avropa Təşkilatları üçün bu cür məsələlər önəm kəsb etsə idi bir maraq göstərərdilər, siyasi qərar verərdilər: "Niyə vermirlər? Biz illərdir bu cür nüanslardan danışırıq, buna görə məlum təsisatları ikili standart yürütməkdə günahlandırırıq, qınayırıq. Ermənistanda despot rejimi fəaliyyət göstərir, burada illərdir qeyri-demokratik bir mühit var. Avropanın "demokratiya aşıqləri" ilk öncə həmin mühiti təftiş etsinlər, ondan sonra kiməsə məsləhət vermək həvəsinə düşsünlər".
"Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası" İctimai Birliyinin sədri, internet-media ekspert Səbuhi Abbasov isə hadisə ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb.
Ermənistanda partiya sədrinin müavini, siyasi məhbus Mher Yeğizaryan 52 günlük aclıq aksiyasından sonra 26 yanvar tarixində həbsxanada ölüb. Hadisə ilə bağlı beynəlxalq təşkilatlardan heç biri bu dəhşətli hadisəyə reaksiya verməyib. Bəyanatda deyilir: "Məlum olduğu kimi, Ermənistanda partiya sədri Mqer Yeqiazaryan 52 günlük aclıq aksiyasından sonra həbsxanada dünyasını dəyişib. Lakin onun keçirdiyi aclıq aksiyası nəticəsində ölməsinə nə AŞPA, Avropa Parlamenti, nə ATƏT, nə Amerika Senatı, nə də digər beynəlxalq qurumlar reaksiya veriblər. Hətta bu fakta dünyanın populyar KİV-lərinin də münasibəti yoxdur. Fakt budur ki, M.Yeqiazaryanın həbsi sırf siyasi motivdə olub və o, həbsxanada aclıq edən siyasi məhbus kimi ölüb.
Bu da Ermənistanda siyasi mənzərənin xaos içində olduğunun göstəricilərindən biridir. Beynəlxalq qurumlar isə bunu görməzliyə vururlar. Qeyri-siyasi motivlərə, daha doğrusu, məişət məsələsinə görə həbs edilən Mehman Hüseynovun həbsini gündəliyə çıxaran, onu "siyasi məhbus" elan edərək qətnamələr qəbul edən Avropa Şurası, ABŞ Senatı, eləcə də digər qurumlar görəsən Ermənistanda baş verən siyasi olaya niyə susqunluqla yanaşırlar?Ümumiyyətlə, beynəlxalq təşkilatlar Ermənistanda baş verən bu dəhşətli hadisəni pisləyən müvafiq qətnamə qəbul etmək əvəzinə susurlar.
Həbsxanada ölən partiya sədrinin ailə üzvləri, oğlu dəfələrlə beynəlxalq qurumlara müraciət ediblər, bu məsələ ilə əlaqədar mətbuat konfransı keçiriblər. Buna baxmayaraq hadisəyə, fakta heç bir reaksiya verilməyib. M.Yeqiazaryanın cinayətkar olmadığı, siyasi motivlərə görə həbs olunduğu da artıq təsdiqlənmişdi. Bu cinayət işinə dəfələrlə Paşinyanın müdaxilə etməsini istəyiblər, lakin hər hansı bir formada bu işə müdaxilə olunmayıb. Bütün bu proseslər faktın özünün nə qədər siyasi motivli olduğunu sübuta yetirib və belə olduğu təqdirdə, beynəlxalq təşkilatların susması sadəcə təəssüf hissi doğurur.
Biz vətəndaş cəmiyyətinin üzvü olaraq Sizin kimi mötəbər təşkilatın ikili standarta yol verməsini təəssüf hissi ilə qarşılayır, nə qədər ki, gec deyil, ədalət naminə hadisəyə hüquqi-siyasi qiymət verilməsini tələb edirik. İrqindən, dinindən, milliyətindən asılı olmayarq hər kəsə, hər bir xalqa, hər bir dövlətə yanaşma eyni olmalıdır. Bu Vətəndaş Cəmiyyətinin təməl prinsipidir"