“Rusiya-Azərbaycan: 2019-cu il üçün gündəlik” Siyasət

“Rusiya-Azərbaycan: 2019-cu il üçün gündəlik”

Bu mövzuda multimedia dəyirmi masası keçirilib

"Trend" İnformasiya Agentliyinin mətbuat mərkəzində "Baku Network" və "Şimal-Cənub" Mərkəzinin iştirakı ilə "Rusiya-Azərbaycan: 2019-cu il üçün gündəlik" mövzusunda multimedia dəyirmi masası keçirilib.
Azərbaycan tərəfindən dəyirmi masada "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov, "Trend" İnformasiya Agentliyinin baş direktor müavini Lina Vaytkyaviçene, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov, "Sputnik - Azərbaycan" İnformasiya Agentliyinin mətbuat mərkəzinin rəhbəri İlqar Vəlizadə iştirak edib.
Rusiya tərəfindən isə videokörpü vasitəsilə Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Tədqiqatlar İnstitutunun Postsovet Araşdırmalar Mərkəzinin direktoru Stanislav Çernyavski, "Avrasiya İdeyaları Emalatxanası" Elmi Tədqiqatlara Dəstək Fondu Ekspert Şurasının sədri, Rusiya Mərkəzi Seçki Komissiyasının nəzdində Ekspert-Məşvərət Qrupunun üzvü Qriqori Trofimçuk, Sosial və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti Georgi Fyodorov və Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov iştirak edib.
Videokörpü zamanı "Baku Network"un rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov bildirib ki, Azərbaycan və Rusiya gələcəkdə də beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri inkişaf etdirməlidir:
"Qarşılıqlı məsləhətləşmələr, ölkələrimiz üçün vacib olan birgə qərarların qəbulu ilə bağlı gündəliyin hazırlanması ikitərəfli fəaliyyət sahəsinə daxildir. BMT, Aİ, İƏT kimi nüfuzlu beynəlxalq təşkilatların qərarlarının reallaşdırılmasına nail olmaq lazımdır".
"Baku Network"un rəhbəri həmçinin Xəzəryanı ölkələrin əməkdaşlığı mövzusuna da toxunub:
"Xəzər Konvensiyasının imzalanması onu ifadə edir ki, Xəzəryanı ölkələr çətin məsələlər barədə razılığa gələ bilər. Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya geoiqtisadi nəqliyyat layihələrinin davam etdirilməsinin əsasını qoydu".
E.Ələsgərovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması Rusiya üçün də aktual mövzudur, çünki, Rusiya cənubda münaqişə vəziyyətlərinin olmamasında maraqlıdır:
"Azərbaycan müntəzəm olaraq sülh təşəbbüsləri irəli sürür, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına tərəfdar çıxır. Hətta Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyət statusu verməyi təkif edir ki, bu da çox böyük kompromisdir".
"Trend" İnformasiya Agentliyinin baş direktor müavini Lina Vaytkyaviçene deyib ki, Azərbaycan Xəzər regionunda təkcə Rusiyanın yox, həm də Avropanın və istənilən digər ölkənin strateji tərəfdaşıdır:
"Bu ilk növbədə özünü etibarlı tərəfdaşı qismində təsdiq etmiş Azərbaycan rəhbərliyinin nüfuzu sayəsində mümkün olub. Bu gün Azərbaycan sürətlə inkişaf edən, sabit və təhlükəsiz ölkədir".
Onun sözlərinə görə, Azərbaycanın iqtisadi nailiyyətlərinin əsası iri investisiyalar və enerji sektorudur. 2018-ci ildə Azərbaycan qazının Cənubi Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin açılışı olub: "Bu, böyük tarixi nailiyyətdir və regionun enerji xəritəsini dəyişməklə Azərbaycan xalqını uzun illər sabit gəlirlə təmin edəcək".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov bildirib ki, Rusiya və Azərbaycan ikitərəfli elmi-texniki imkanlardan və müəssisələrimizin texnoloji potensialından istifadə etməlidir: "Bu, o deməkdir ki, ikitərəfli səylərin birləşdirilməsi, yüksək texnologiyalar sahəsində yeni mühitin formalaşdırılması barədə düşünmək lazımdır. Ölkələrimizin idxalı yerli məhsulla əvəz etmək, eləcə də müasir yüksək texnologiyalı bazarın yaradılması üçün bütün imkanları var".
"Sputnik - Azərbaycan" İnformasiya Agentliyinin mətbuat mərkəzinin rəhbəri İlqar Vəlizadə qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri əsrlərdən gəlir və uzaq perspektivləri var, bu gün söhbət bu münasibətlərin hazırki reallıqlar fonunda optimallaşdırılması və yeni məzmunlarla zənginləşdirilməsindən gedir: "Təkcə 2018-ci il ərzində regionlararası əməkdaşlığın intensivləşməsi bir sıra yeni birgə layihələrin yaranmasına gətirib çıxardı. Azərbaycanlı investorlar Şimali Qafqaz, Aşağı Volqayanı regionlarının infrastrukturuna investisiya yatırmağa maraq göstərməyə başladılar. Rusiya tərəfi, öz növbəsində Azərbaycanın nəqliyyat infrastrukturunun istifadə olunmasına maraq göstərdi".
Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Tədqiqatlar İnstitutunun Postsovet Araşdırmalar Mərkəzinin direktoru Stanislav Çernyavski deyib ki, Azərbaycan iqtisadiyyatın inkişafı və sabitliyin möhkəmlənməsiü üçün planlı iş aparır və yanvarın 29-u Azərbaycan Prezidenti növbəti dörd il üçün regionların inkişafına dair yeni fərman imzalayıb ki, bu da vacib addımdır.
"Avrasiya İdeyaları Emalatxanası" Elmi Tədqiqatlara Dəstək Fondu Ekspert Şurasının sədri, Rusiya Mərkəzi Seçki Komissiyasının nəzdində Ekspert-Məşvərət Qrupunun üzvü Qriqori Trofimçukun sözlərinə görə, Azərbaycan Rusiyanın digər yaxın tərəfdaşlarından fərqli olaraq heç vaxt siyasətdən qaçmayıb.
Sosial və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti Georgi Fyodorov əlavə edib ki, Azərbaycan və Rusiya ikitərəfli əməkdaşlığı müxtəlif istiqamətlərdə inkişaf etdirir və iqtisadi əlaqələri daha da artırmaq lazımdır.