“Radikal müxalifətin məqsədi ictimai-siyasi sabitliyi pozmaqdır” Siyasət

“Radikal müxalifətin məqsədi ictimai-siyasi sabitliyi pozmaqdır”

"Radikal müxalifətin mitinq keçirmək məqsədi nə Məhəmməd Əmin Rəsulzadəni, nə də 20 Yanvar şəhidlərini anmaqdır. Onların məqsədi iğtişaş yaratmaq, ictimai-siyasi sabitliyi pozmaqdır". Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin iclasında deyib. O bildirib ki, 2008-ci ildə "Sərbəst toplaşmaq haqqında" qanuna bununla bağlı dəyişiklik edilib. Və bu dəyişikliklər qanunsuz toplaşmaqla bağlı halların qarşısının alınmasına xidmət edir: "Hüquq mühafizə orqanları da asayişi pozmaq istəyənlərlə bağlı məsələnin öhdəsindən gəlir. Bundan başqa 2016-cı ilin payız sessiyasında Cinayət Məcəlləsinin 148-1 maddəsinə edilən dəyişikliklərə əsasən, internetdə saxta profillərdən istifadə edənlər üçün cəza tədbirləri müəyyənləşib. Hətta burada saxta profil istifadəçilərinə qarşı azadlıqdan məhrum etmə cəzası da tətbiq edilib. Lakin təcrübə göstərir ki, edilən dəyişikliklərin tətbiqi ilə bağlı müəyyən boşluqlar var".
Komitə sədri ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə görüşünün xalqımız tərəfindən yüksək qəbul olunduğunu da söyləyib. O bildirib ki, buna baxmayaraq radikal müxalifət internetdə şəhid ailələrini təhqir edir, dövlət başçısı ilə görüşmələrinə görə onları qınayırlar: "Xalqımız bilməlidir ki, həmin şəxslər hakimiyyətə müxalif deyillər, onlar xalq, Azərbaycan dövlətinə nifrətlə yanaşırlar. Əgər zamanında heç olmasa öz yaşadıqları ərazini qoruya bilsəydilər, bu qədər şəhid verməzdik. Naxçıvan blokada olsa da Ulu Öndər Heydər Əliyev oranı qorudu. Lakin bu insanlar isə heç öz kəndlərini belə qoruya bilmədilər".