Azərbaycan hökuməti icra və kommunikasiya planları hazırlayır Siyasət

Azərbaycan hökuməti icra və kommunikasiya planları hazırlayır

“Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qruplarının rəhbərlərindən xahiş olunub ki, bu ilin II yarısına qədər icra və kommunikasiya planları hazırlansın”.

Bunu Prezident Administrasiyasının (PA) nümayəndəsi Vüsal Şıxəliyev Komissiyanın “Ekvita” audit şirkəti ilə birgə keçirdiyi “Dövlət-özəl sektor dialoqu” mövzusunda “dəyirmi masa”da deyib.

“Burada səsləndirilən bütün təklifləri ciddi şəkildə təhlil edərək icra və kommunikasiya planlarında əks olunmasına çalışacağıq ki, artıq növbəti yarımillikdə onların həllinə nail olaq", - o qeyd edib.

V.Şıxəliyev həmçinin deyib ki, bu addımlar bütövlükdə Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılmasına xidmət edir: "Xatırlayırsınızsa, 2018-ci ilin sonunda cənab Prezident 40-dan çox normativ sənəd, o cümlədən 20-dən çox qanun, fərman və sərəncam imzalayıb. Bunlar biznes nümayəndələrinin tövsiyələri nəzərə alınmaqla, onların qarşılaşdıqları məsələlərin həllinə yönəlmiş paket sənədlər idi”.