Müharibə başlayarsa... Siyasət

Müharibə başlayarsa...

Hansı tərəfin qalib gələ biləcəyi məlumdur

Cavid

Azərbaycan prezidenti İlham Əliyev Qarabağ bölgəsinə səfərinin ardından özünün rəsmi Twitter səhifəsində müharibənin yenidən başlaya biləcəyi barədə tvitlər yazıb.
"Müharibə hələ bitməyib. Yalnız birinci mərhələsi başa çatıb. İkinci mərhələ də başlaya bilər" -deyə Azərbaycan prezidenti Twitter-də ingilis dilində mesaj verib.
Qeyd edək ki, avqustun 8-9-da Rusiyanın Soçi şəhərində Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Prezidentlərin görüşündə gözlənildiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması, eləcə də son zamanlar cəbhə xəttindəki gərginlik əsas müzakirə predmeti olacaq.
İlham Əliyev Soçi görüşü öncəsi Twitter səhifəsində ingilis dilində bir daha bəyan edib ki, Azərbaycan Respublikası bütün işğal edilmiş və dağıdılmış şəhərlərini azad edib, orada bərpa işləri aparacaq.
"Biz o torpaqlara qayıdacağıq, bu amalla yaşayırıq" - deyə İlham Əliyev Twitter-də vurğulayıb.
Xatırladaq ki, avqustun əvvələrində erməni diversiya kəşfiyyat qruplarının Azərbaycan Ordusu əsgərləri tərəfindən zərərsizləşdirilməsi, tərəflər arasında baş verən atışmalarda xeyli itki və yaralıların olması Qarabağda yenidən müharibənin başlaya biləcəyi anonsunu verir. Ermənistan tərəfi isə rəsmi Bakının müharibəyə başlayacağı təqdirdə işğal edilən torpaqlarını tez bir zamanda geri qaytara biləcəyi qorxusunu yaşamaqdadır.
Erməni ictimaiyyəti və mediası hər gün bu məsələyə toxunur.
Erməni ekspertlərinin fikrincə, Rusiya-Ermənistan münasibətlərində soyuqluğun yaranması, Kremlin Azərbaycana 1 milyard dollarlıq silah satması, son günlər ermənilərin böyük itkilər verərək geri çəkilməsi müharibə ehtimalına əsas yaradıb.
Maraqlıdır ki, Ermənistan ordusunun rəhbərliyi ölkədə demoqrafik problemlərlə əlaqədar yaranmış çağırışçı çatışmazlığını aradan qaldırmaq üçün müqaviləli heyətin sayını artırmaq qərarına gəlib. Bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan cəbhə bölgəsinə səfəri zamanı bildirib. Jurnalistlərə açıqlama verən nazir təmas xəttində müqavilə əsasında xidmət göstərən hərbçilərin sayının artılacağını deyib. Danılmaz faktdır ki, Azərbaycanın öz hərbi potensialını gücləndirməsi və durmadan ordunu ən müasir, güclü silahlarla təchiz etməsi düşmən ölkədə qorxu atmosferi yaradıb. Bu, istər başda prezident Serj Sərkisyan olmaqla Ermənistan rəhbərliyinin, istərsə də erməni ictimaiyyətinin nümayəndələrinin, o cümlədən Qarabağ müharibəsinin erməni iştirakçılarının çıxışlarında özünü göstərir.
S.Sarkisyan "Exo Moskva" radiostansiyası ilə yayımlanan müsahibəsində deyib ki, Azərbaycanın hərbi əməliyyatlara başlaması təhlükəsi var.
Bu arada Ermənistan Dövlət Statistika Komitəsinin ölkə iqtisadiyyatının durumu ilə bağlı açıqladığı son rəqəmlər də düşmən ölkənin Qarabağda başlayacaq mümkün müharibədə duruş gətirə bilməyəcəyini göstərir.
Bu rəqəmlərə görə, ölkədə ərzaq malları kəskin bahalaşır, iqtisadi artımdan isə danışmaq mümkün deyil.
Ermənistanın "Lragir" saytının məlumatına görə, Rusiya Dövlət Dumasının informasiya texnologiyaları və informasiya siyasəti komitəsinin rəhbəri, Ədalətli Rusiya Partiyasının üzvü Aleksey Mitrofanov da Ermənistan-Azərbaycan müharibəsinin yaxınlaşdığını bildirib.
Rusiyalı deputat bildirib ki, müharibə uzunmüddətli deyil, yüksək dəqiqliklə hədəfi vurmaq gücünə malik silahlarla qısamüddətli olacaq.
Qeyd edək ki, bəzi beynəlxalq ekspertlər də yeni bir müharibə ehtimalının yüksək olduğunu bildirirlər. "Lragir" Ermənistan Müdafiə Nazirliyi tərəfindən son günlər cəbhə xəttinin Azərbaycan tərəfində hərbi hərəkətliliyin müşahidə edildiyini, həmçinin Ermənistanda yerləşdirilmiş Rusiya qoşunlarının dağlıq ərazilərdə təlimlər keçirdiyini, yeni texnikanın sınaqdan keçirildiyini yazıb.
Artıq təşvişə düşən Ermənistan əhalisi də ölkənin xunta hakimiyyətinin tətbiq etdiyi sərt rejimə baxmayaraq, etirazlarını ifadə etməkdən çəkinmirlər. Elə dünən İrəvanda Respublika meydanından Azadlıq meydanına doğru yürüş keçirilib. Aksiya iştirakçıları son günlərdə Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən insidentlərlə bağlı bu addımı atıblar.
Əllərində Ermənistan və Avropa Birliyinin bayraqları olan yürüş iştirakçıları "Sülməramlılar tərəfləri silahlandırmamalıdır!", "Müharibəyə yox!" və "Bu bizim müharibə deyil, iqtidarların müharibəsidir!" kimi şüarlardan istifadə ediblər. Ermənistanın bir sıra ictimai xadimlərinin təşkilatçılığı ilə keçirilən küçə yürüşü Rusiya səfirliyinin qarşısında başa çatıb.
Politoloq Vüqar Zifəroğlunun fikrincə, Azərbaycan bir dövlət olaraq hər zaman işğal olunmuş torpaqlarımızın sülh yolu ilə qaytarılmasının tərəfdarı olub: "20 ildir ki, biz bir dövlət olaraq sazişdə göstərilən bəndələrə daim əməl etmişik və atəşkəs rejiminin pozulmaması üçün əlimizdən gələni bu gün də etməkdəyik. Lakin hamı, o cümlədən guya ki, bu münaqişənin həlli üçün çalışan ATƏT-in Minsk qrupuna üzv dövlətlər və işğalçı Ermənistan da gözəl anlayır ki, münaqişənin bu cür dondurulmuş və nəticəsiz şəkildə saxlanılması bizim bir dövlət olaraq maraqlarımıza cavab vermir. Əgər atəşkəs barədə yeni bir saziş imzalanacaqsa, bu, konkret olaraq Azərbaycanın şərtləri və tələbləri nəzərə alınmaqla imzalanmalıdır. Digər tərəfdən, biz artıq ATƏT-in Minsk qrupuna üzv dövlətlərin də nə bizim problemə səmimi yanaşdıqlarına, nə də öz aralarında bu cür problemlərə beynəlxalq hüquq müstəvisində obyektiv mövqe sərgilədiklərinə inanırıq. ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya, 21-ci əsrdə beynəlxalq hüququn bütün normalarına məhəl qoymadan, bu hüququn subyekti olan müstəqil bir dövlətin torpaqlarından bir hissəsini özünə birləşdirir və 9 mayda ən yüksək səviyyədə orada hərbi parad qəbul edir. Digərləri isə, əməli addımlar atmaq əvəzinə, siyasi demaqogiya ilə məşğuldurlar. ABŞ-ın ən böyük ştatı qondarma erməni soyqırımını tanıması ilə bağlı qərar qəbul edir. 1994-cü ildə sazişin imzalanması labüd idi və bu bizə lazım idi, indi isə bizə lazım olan ya qanla, ya danışıqlarla torpaqlarımızı qaytarmaqdır!"
Erməni politoloq İqor Muradyan "Galam.am"a açıqlamasında deyib ki, heç şübhəsiz müharibə olacaq: "Müharibə olacağı təqdirdə ABŞ və NATO Ermənistana kömək etməyəcək. Savaşda bizim Rusiyanın timsalında sürüşkən tərəfdaşımız olacaq.
Ermənistan beynəlxalq təcrid vəziyyətindədir. Bu amil müharibə başlayarsa Azərbaycan və Türkiyə üçün vacib fakt olacaq. Nə vaxta qədər Ermənistan Rusiyadan asılı vəziyyətdə olacaq, o vaxtadək də qoşulduğumuz heç bir müharibədə qalib gələ bilməyəcək".
"Əgər Azərbaycan Madrid prinsiplərini qəbul etsə, Ermənistan bundan uzun müddət imtina edə bilməyəcək. Bundan sonra hadisələr çox sürətlə cərəyan edəcək. Ermənistan öz prinsiplərini yeridən kiçik kalibrli oliqarxların ölkəsinə çevrilib. Bu isə faciə öncəsi son mərhələdir", - deyə İqor Muradyan fikirlərini yekunlaşdırıb.
Yeri gəlmişkən, elə buradaca Azərbaycan və Ermənistan ordusunun müqayisəsinə, hər iki ordunun gücü, imkanları, sahib olduğu texnikaya nəzər salaq.

Hərbi büdcə
Azərbaycan:

2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edib. 2014-cü il üçün hərbi büdcəmiz 3 milyard 800 milyon dollar civarındadır.

Ermənistan:

2013-cu il dövlət büdcəsinin bütövlükdə gəliri 2,9 mlrd. dollar (Azərbaycanın yalnız hərbi büdcəsindən 900 milyon ABŞ dolları az), xərcləri isə 3,1 mlrd. dollar olub. Həmin il Ermənistan dövlət büdcəsində hərbi xərclər 495,3 mln ABŞ dollarına (149,6 mlrd. dram) çatdırıb.

Canlı qüvvə
Azərbaycan:

126.400 əsgər hərbi qüvvəsi var. Ehtiyat əsgərlərin sayı 550 mindir. Muzdlu əsgəri yoxdur.

Ermənistan:

60 min əsgərə və 320 min nəfər əlavə ehtiyat qüvvəyə malikdir. Məlumatlara görə, işğal olunmuş Azərbaycan ərazilərində ermənistanlı çağırışçılarla yanaşı, 3.200 muzdlu da xidmət edir. Xaricdəki erməni diasporunun xətti ilə maliyyələşən muzdlu əsgərin hər birinə ayda 300 ABŞ dolları məvacib verilir. Xaricdəki diaspor tərəfindən maliyyələşdirilən bu muzdluları erməni hərbi ekspertlər özləri də qüvvə hesab etmirlər. Onların fikrincə, savaş başlayacağı təqdirdə muzdlular daha çox pula Azərbaycanın tərəfinə keçə bilərlər.

Texnika
Azərbaycan:

Helikopterlər:
Mi-35M: 24 ədəd döyüş helikopterləri Dövlət Sərhəd Xidmətinin arsenalına daxil olunur. Mi-24: 70 ədəd hücum helikopteri, T-129 ATAK: 60 - ədəd hücum helikopterləri (Türkiyə istehsalı),
Mi-2: 10 - ədəd
Mi-6: 15 - ədəd
Mi-8: 18 ədəd
Mi-17-1V: 72 ədəd
Mi-17-1Ş: 14 ədəd
Mi-172: 1 - ədəd
Ka-32: 12 - ədəd
Eurocopter Super Puma: 2 - ədəd
AW-139: 8 - ədəd (İtaliya ilə bağlanılan müqaviləyə əsasən,
2 ədədi təhvil alınıb, 6-sı isə gətiriləcək) AW-189: 2
Təyyarələr:
MiG-29: 49 ədəd kəşfiyyat təyyarələri,
Su-24: 8 ədəd bombardımançı təyyarə
Su-25: 33 - ədəd (11 ədədi Belarusiya istehsalı)
JF-17: 24 ədəd qırıcı təyyarə
L-39: 22 ədəd təlim döyüş təyyarəsi
İl-76: 3 ədəd (nəqliyyat təyyarəsi)
An-12: 1 ədəd (nəqliyyat təyyarəsi)
An-24: 1 ədəd (nəqliyyat təyyarəsi)
Tu-134A: 1 ədəd (nəqliyyat təyyarəsi).
Pilotsuz təyyarə
Aeronautics Orbiter: 45 ədəd
Aeronautics Aerostar: 60 ədəd
Searcher - 42: ədəd
Hermes 450: 40 ədəd
Heron: 5 - ədəd.
Yerli istehsallar: Snayperlər: "İstiqlal", "Yalquzaq", "Mübariz" Zirehli texnika: Matador, Marauder, Gürzə patrul maşını. Avtomatlar: "Xəzri", "Hücum" (tüfəng), "Şimşək" Tapança: "Zəfər", "Zəfər-K", "İnam". Minaatanlar: HE Mortar Bomb 120 mm. Reaktiv yaylış atəş sistemləri: Çoxtərəfli 107 mm kalibrli raketlər. TR-107 və TRB-107 raketləri 11 km-ə qədər yerləşən hədəfi vura bilir.

Ermənistan:

Su-25: 15 ədəd (hücum təyyarəsi)+ 6 ədəd (səhih deyil). Su-27: 4 ədəd MiQ-25PD: 1 ədəd. İl-76 - 2 ədəd (yük təyyarəsi). Mi-24 helikopteri - 12 ədəd. MiQ-29: 18 ədəd (Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyaya məxsus təyyarələrdir).
Qeyd: Ermənistan 2005-ci ilin sentyabr ayında Slovakiyadan əlavə 10 ədəd Su-25 hücum təyyarəsi əldə edib. Bəzi məlumatlara görə bunun 3 və ya 4-ü Su-27 olub. Amma maraqlısı odur ki, heç Sovetlər Birliyi dönəmində də SSRİ havaya qalxması və manevrləri üçün şəraitin olmaması səbəbindən Cənubi Qafqazda Su-27 saxlamayıb. Azərbaycandan fərqli olaraq, Ermənistan ordusunda pilotsuz uçan qırıcılar yoxdur, bundan başqa, Ermənistanın hərbi sənayesi yerli silah və texnika istehsalı baxımından çox aşağı səviyyədədir.