“Bu dəfə də Ərdoğan qalib gələcək” Siyasət

“Bu dəfə də Ərdoğan qalib gələcək”

Niyaməddin Orduxanlı: "Ancaq Türkiyənin nə daxilində, nə də regionda baş verən siyasət dəyişməyəcək"
Fərhad Mehdiyev: "Ərdoğanın birinci mərhələdən keçəcəyinə inanmıram"

Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca siyasi səhnədə gərginlik artır və bu, müxtəlif qalmaqallarla yadda qalır.
Tərbiyyəçilər Birliyinin tərtib etdiyi imtahana hazırlıq kitablarında indiki baş nazir Rəcəb Tayyib Ərdoğan səlahiyyəti 2014-dən başlayan prezident kimi göstərilib. Qeyd edək ki, kitabda 1922-2014 illər Türkiyə Respublikası prezidentlərinin siyahısı verilib. Bu səbəbdən də CHP İstanbul millət vəkili Mahmut Tanal onları məhkəməyə verib. İstanbul Ədalət sarayı qarşısında media üçün açıqlama verən millət vəkili Tanal bunun bir cinayət olduğunu söyləyib
Daha bir qalmaqal isə səs faizləri ilə bağlıdır. Səsvermənin başlamasına 3 gün qalmış artıq Ərdoğanın 54 faiz səs çoxluğu ilə irəlidə olduğu iddia edilir. Seçki eksperti kimi tanınan Adil Gürun şirkəti səsvermə ilə bağlı verdiyi proqnozda baş nazir Ərdoğanın səs çoxluğu ilə digər namizədlərdən irəlidə olduğunu qeyd edib.
Türkiyə mətbuatı isə bu proqnozu qanun pozuntusu adlandırıb.
Türkiyə baş nazirinin müavini Əmrullah Gülər isə hesab edir ki, prezident seçkilərinin ikinci turuna ehtiyac olmayacaq. Onun sözlərinə görə, prezident seçkilərində müxaliftədən olan yeganə namizəd Ekmələddin İhsanoğlu Baş nazir Rəcəb Tayyib Ərdoğana rəqib deyil. İşlər, həmçinin qeyd edib ki, İhsanoğlu istisnasız olaraq ABŞ-da yaşayan ictimai din xadimi Fətullah Gülənin təlimatına uyğun hərəkət edir: "İhsanoğlu və Gülən hərəkatı dindən siyasi məqsədlər üçün istifadə edirlər". Onun sözlərinə görə, Türkiyədə Baş nazir prezident seçkilərində qalib gəldikdən sonra ölkədə dindən öz məqsədləri üçün istifadə edən qüvvələrlə məsələni həll edəcək. Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib. Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək.
Ümumiyyətlə Ərdoğanın prezident seçilməsi Türkiyə daxilindəki və regiondakı proseslərə necə təsir göstərə bilər? Ərdoğan tərəfsiz prezident ola biləcəkmi?
bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Hiyaməddin Orduxanlı bildirdi ki, Türkiyə dövləti üçün Ərdoğan təzə şəxs deyil. Onun sözlərinə görə, 10 ildən artıqdır ki, Ərdoğan Türkiyə hökumətinin başındadır və bütün idarəçiliyə nəzarət edir: "Türkiyə kimi seçəcək sualına gəldikdə isə, AKP hökumətinin son seçkilərdə 50 faiz səs toplaması faktı var. Məncə, bu dəfə də Ərdoğan qalib gələcək. Ancaq Türkiyənin nə daxilində, nə də regionda baş verən siyasət dəyişmiyəcək. Bunu gözləmək lazım deyil. Ərdoğan heç vaxt tərəfsiz prezident ola bilməyəcək. Baş nazir olduğu dövrdə kifayət qədər Türkiyə daxilində gərgin münasibətlər yaradıb. Demək olar ki müxalifətin əsas siyasi qüvvələri ilə, həmçinin də keçmiş hərbiçilərlə düşmənçilik münasibətindədir. Keçmiş müttəfiqi Fətullah Gülənlə də yolları ayrılıb və münasibətləri çox pisdir. Bu adam heç vaxt birləşdirici şəxs ola bilməyəcək...".
Konfliktoloq Elxan Mehdiyev diqqətə çatdırıb ki, Türkiyədə seçkilərdən öncə əksər insanlar düşünürlər ki, Ərdoğan prezident seçiləcək: "Səbəb isə Ərdoğan hökumətinin hüquq, qanunverici və icraedici orqanlarının hamısını öz nəzarətinə götürməsidir". Onun sözlərinə görə, Ərdoğanın başçılığı altında Türkiyədə avtoritar bir sistem yaranıb: "Türkiyənin televiziya kanallarının böyük əksəriyyəti AKP hakimiyyətinin nəzarəti altında fəaliyyət göstərirlər. Eyni halda ölkə daxilində seçkidən öncə insanların pulla alınmasına dair narahatlıqlar var. Təsəvvür edin ki, belə bir şəraitdə seçki keçiriləcək". Türkiyədə polis qüvvələrinin kütləvi şəkildə həbs edildiyini söyləyən ekspert, "yəni bu cür vəziyyətdə keçirilən seçkilər heç də diktatorların mövcud olduqları ölkələrdəki seçkilərdən fərq etmir. Bir sözlə avqust ayının 10-da Ərdoğanın prezident seçilməsi gözlənilir" , - deyə bildirib.
Politoloq Fərhad Mehdiyev isə Ərdoğanın birinci mərhələdən keçəcəyinə inanmadığını söyləyib: "Ancaq hesab edirəm ki, seçkilərin sonunda Ərdoğan qalib gələcək. Bu isə onun Dəmirtaşla razılaşaraq kürdlərin səsini almasından sonra mümkün olacaq". Politoloq bildirib ki, müxalifət tərəfindən ortaya atılan rüşvət və digər məsələlər Ərdoğana səs verənlərin sayına təsir etməyəcək: "Bunu biz 30 mart bələdiyyə seçkilərində də müşahidə etdik. Həmin seçkilər ərəfəsində çox aktual olan "rüşvət məsələsi" Ərdoğana verilən səslərə təsir etmədi. Məlum olduğu kimi o bu seçkilərdən qalib çıxdı. Çünki sağda alternativ partiya yoxdur. Ancaq hesab edirəm ki, Soma hadisələri Ərdoğana verilən səslərin sayının azalması ilə nəticələnəcək. Bir də nəzərə alaq ki, Dəmirtaş namizəddirsə kürdlərin hamısı ona səs verəcək".
Türkiyə mətbuatında yazılan xəbərlərə görə, AKP yeni baş nazirlik binasındakı vəziyyətlə bağlı da fikirləşir. Yaxın günlərdə baş nazirlik tikintisi başa çatacaq binaya köçəcək. Bununla bağlı hazırlıqlar artıq başlanıb. Əgər baş nazir Rəcəb Tayyib Ərdoğan prezident seçilərsə, onun indiki baş nazirlik binasındakı əşyaları Çankaya Köşkünə daşınacaq.
Seçkidə müxalifət namizədi qalib gələrsə, qarşıdakı dönəmi Ərdoğan yeni binada keçirəcək. AKP-dən verilən açıqlamada deyilir ki, avqustun 28-də yeni baş nazirlik binasının istifadəyə açılması gözlənilir. AKP dəhlizlərində binanı "prezident Ərdoğanın" açmağa hazırlaşdığı haqqında söhbətlər dolaşır. Hələlik baş nazirlik binasının çalışanları 12 illik baş nazirliyi dönəmində Ərdoğana hədiyyə edilən əşyaların - mükafatların, xatirə hədiyyələrin toplanması, daşınmaq üçün qablaşdırılması ilə məşğuldur.
Siyasi ekspert Azər Rəşidoğlu isə deyir ki, Ərdoğan artıq siyasi uğur qazanmaq üçün tarana gedir: "Ərdoğan nisbətən yumuşaq siyasi kurs götürsə və cəmiyyətlə barışığa getsə onun seçki təbliğatına ziyan gələ bilər. Ərdoğan qarşısına böyük məqsədlər qoyub. O artıq avtoritar lider kimi gündəmdədir. Bu baxımdan onun tarana getməkdən başqa yolu yoxdur. Türkiyə cəmiyyəti tam demokratik cəmiyyət və ya avtoritar rejimdə yaşamaq haqqında ciddi olaraq düşünməlidir. Artıq Ərdoğan avtoritarizmin irəli çıxartdığı namizəddir. Uzun müddət hakimiyyətdə qalmaq ona başqa çıxış yolu qoymayıb. Bu baxımdan onun cəmiyyətə verdiyi mesajlar da aydındır. Düşünürəm ki, yenə də heç kəsə güzəşt olmayacaq və həbslər davam etdiriləcək. Bu baxımdan Türkiyə cəmiyyəti populist və avtoritarizmin tərəfdarı olacaqsa, yaxın illər ərzində Ərdoğanın hakimiyyəti ilə də barışmalı olacaq. Əgər müqavimət gücü çoxalacaqsa, bu vaxat həbslər dalğası son nəticə olaraq, Ərdoğanın özünə qarşı çevrilə bilər.
Lakin reallıq onu deməyə əsas verir ki, prezident seçkilərində Ərdoğanın seçilməsi qaçılmaz olacaq".

Əli