“Bütün məsələlərdə Azərbaycanın məruz qaldığı haqsızlığı düşünürük” Siyasət

“Bütün məsələlərdə Azərbaycanın məruz qaldığı haqsızlığı düşünürük”

Türkiyənin keçmiş müdafiə naziri: "Azərbaycanın yaxın gələcəkdə torpaqların işğaldan azad edilməsi istiqamətində uğurlar qazanacağına inanıram"

"Qarabağ probleminin həllində hörmətli İlham Əliyev düzgün siyasət yürüdür". Bu sözləri APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin keçmiş müdafiə naziri (2002-2011), Ədalət və İnkişaf Partiyasının (AKP) Antalya millət vəkili Vəcdi Gönül deyib.
APA-nın "Son həftələrdə Ermənistan yenidən Azərbaycana qarşı işğalçı planlarını işə salmağa çalışsa da, Azərbaycan ordusu lazımi cavabı verdi. Proseslərlə bağlı siz nə düşünürsünüz?" - sualına keçmiş bu müdafiə naziri belə cavab verib: "Mən müdafiə naziri olarkən Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edilməsi üçün daima Bakı ilə birlikdə çalışdıq. Türkiyə bundan sonra da hər məsələdə olduğu kimi, Qarabağ probleminin ədalətli şəkildə həll edilməsi üçün də Azərbaycanın yanında olmağa davam edəcək. Qarabağ probleminin həll edilməsi üçün Rusiya faktorunun önəmini də unutmamaq lazımdır. Başqalarının dəstəyi olmadan Ermənistanla Azərbaycan üzbəüz qalarsa, Azərbaycanın bu problemi hərbi, siyasi və diplomatik baxımdan rahatlıqla həll edəcəyinə heç kimin şübhəsi olmamalıdır. Prezident İlham Əliyev Azərbaycanın getdikcə artan iqtisadi gücünü hərbi gücə çevirərək son dərəcə düzgün addım atır, çünki Qərb ölkələri bu işlərdə humanizmdən yox, iqtisadi mənfəətlərdən anlayırlar. Avropanın enerji təminatı və təhlükəsizliyi sahəsində Azərbaycanın təsirli vəziyyətə gəlməsi Bakının mövqeyini hər gün daha da gücləndirməkdədir, buna şübhəniz olmasın. Zakir Həsənovu yaxından tanıyıram, son dərəcə peşəkar bir hərbçidir. Torpaqların işğaldan azad edilməsi istiqamətində Azərbaycanın yaxın gələcəkdə uğurlar qazanacağına inanıram".
"Ermənistan uzun müddətdən bəri Azərbaycan torpaqlarını işğal altında saxlamaqla qalmır, Türkiyəyə qarşı da torpaq və təzminat iddiaları irəli sürür, 1915-də cərəyan etmiş hadisələrin "soyqırım" kimi tanınmasını tələb edir. Təcrübəli dövlət adamı və siyasətçi kimi Türkiyənin bu məsələlərdə hansı addımları atmasının zəruriliyinə inanırsınız?"- sualını V. Gönül belə cavablandırıb:
"İkitərəfli münasibətlərdəki qardaşlıq duyğusu öz yerində, bu, münasibətlərimizin hər gün daha da inkişaf etməsinə səbəb olur, buna paralel olaraq, regional məsələlərdə də Türkiyə və Azərbaycanın bir-birindən fərqli mövqelərə sahib olması qəbul edilə bilməz. Bəzən Türkiyənin atdığı müəyyən addımlar Azərbaycan tərəfindən tənqidə məruz qalır. Biz qəti şəkildə əmin olmalıyıq ki, atdığımız bütün addımlar ortaq mənafeyimizə xidmət edəcək, ona görə də istənilən addımı atmazdan əvvəl daima geniş məsləhətləşmələrimiz olmalıdır. İstər Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi, istərsə də Ermənistanın Türkiyəyə qarşı iddialarının bərtərəf edilməsi məsələsində bizim müştərək addımlar atmaqdan başqa yolumuz olmamalıdır. Türkiyənin Ermənistanı öz təsiri altına alması çox çətin olmaz, ancaq bütün məsələlərdə Azərbaycanın məruz qaldığı haqsızlığı düşünürük".