“Dövlət başçısı haqlı olaraq bu iradları bildirdi” Siyasət

“Dövlət başçısı haqlı olaraq bu iradları bildirdi”

Əziz Əlibəyli: “Avropa institutları Azərbaycana qarşı səmimi deyillər”

“Keçən ay Strasburqda Avropa Şurası Parlament Assambleyasının toplantısında Türkiyə nümayəndələri tam heyətlə Azərbaycanın haqq işinə öz dəstəyini göstəriblər, bir daha həmrəylik nümayiş etdiriblər. Bir daha göstəriblər ki, onlar həqiqətin, ədalətin yanındadırlar. Azərbaycan nümayəndə heyəti də öz növbəsində, hər zaman Türkiyəni dəstəkləyir”.
Bu fikirləri Prezident İlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, Avropa Şurası Azərbaycanı və Türkiyəni hədəf seçib. “Biz sizinlə Avropa Şurasının Parlament Assambleyasında fəaliyyət göstərən insanlar kimi bu təşkilatı yaxşı tanıyırıq. Əfsuslar olsun ki, 20 il ərzində bu təşkilat Azərbaycanı hədəf seçib, Türkiyəni isə daha uzun müddət ərzində. Xatırlayıram, ilk dəfə mən Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimə başlayanda mənim ilk addımım Azərbaycan heyətini Türkiyə heyəti ilə görüşdürmək idi. Biz elə birinci gün görüşüb razılaşdıq, anlaşdıq ki, bütün məsələlərdə bir-birimizə daim dəstək olacağıq. Əfsuslar olsun ki, hesab edirəm o illərdən bəri Avropa Şurasında deqradasiya prosesi gedir. Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Avropa Şurasının dünyada gedən proseslərə heç bir təsir etmək gücündə olmadığını bildirən ölkə başçısı deyib ki, təşkilatın nüfuzu çox aşağı düşüb və bunun başlıca səbəbi qurumda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir.
Politoloq Əziz Əlibəyli bildirib ki, Avropa İnstitutları Azərbaycana qarşı hər zaman hansısa həssas məqamlarda ikili standartlarla çıxış edirlər: “Əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda son illərdə regional və qlobal layihələr üzrə tədbirlər keçirilir. İndi də seçkilər vaxtına çox az bir müddət qalıb. Açıq-aydın görünür ki, Azərbaycanın imicinə xas olmayan formalarda çıxışlar edirlər. Ona görə də dövlət başçısı haqlı olaraq bu iradları bildirdi. Gətirdiyi arqumentlər də göstərir ki, Avropa institutları Azərbaycana qarşı səmimi deyillər. Məsələn, Avropa Şurası hər il hesabatlarında bir sıra ölkələrdə olan problemləri göstərirlər. Onlar içərisində Ermənistan da, hansısa digər Avropa ölkəsidə var. Lakin Azərbaycanla bağlı problemlərə münasibətdə fərqli mövqelər ortaya qoyulur. Ona görə də Avropa Şurasına olan inam artıq azalır”.
Politoloq Şəbnəm Həsənovanın sözlərinə görə, uzun müddətdir ki, AŞ PA Azərbaycan haqqında absurd bəyanatlar səsləndirir, əsassız ittihamlarla çıxış edir, eyni zamanda ölkəmizə qarşı ikili standartlar mexanizmini tez-tez işə salır. Onun sözlərinə əsasən, elə bu səbəbdəndir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edən Prezident İlham Əliyev də haqlı olaraq artıq bu təşkilata olan ümidlərimizin çoxdan sarsıldığını söylədi: “Bəli, cənab Prezidentin də səsləndirdiyi kimi Avropa Şurası Parlament Assambleyasının "Azərbaycanda siyasi məhbuslar" adlı qərəzli qətnaməni və AŞ Nazirlər Komitəsinə tövsiyəni səs çoxluğu ilə qəbul etməsinin kökündə qurumda ermənipərəst deputatların üstünlük təşkil etməsi və AŞ PA-nın bu dəfə də Azərbaycana qarşı qərəzli olduğu bizdə şübhə doğurmadı.
Hətta inkişaf etmiş ölkələrdə də siyasi gərginlik, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, kütləvi etiraz aksiyalarının baş verməsinə baxmayaraq, Azərbaycanda bu gün inkişaf, sabitlik hökm sürür, demokratik dəyərlərə mütənasib olaraq müsbət dəyişikliklər baş verir. Bütün bunları gözü götürməyən qüvvələr də elə insan hüquqları, demokratiya və siyasi məhbuslar kimi alətlərdən istifadə edərək ölkədə gedən demokratik proseslərə və təqdirəlayiq dəyişikliklərə kölgə salmaq istəyirlər”.
Politoloq AŞ PA-nın Azərbaycana və Ermənistana fərqli münasibət göstərməsini də vurğulayıb: “Gəlin Azərbaycana qarşı ikili standartlar və məkrli siyasət yürüdən AŞ PA-nın Azərbaycana və Ermənistana fərqli münasibət bəsləməsi fonunda bu iki ölkəni sadəcə bircə cəhətdən müqayisə edək. Bu gün Ermənistanın keçmiş prezidentləri indiki iqtidarın fəaliyyətini tənqid etməsi nəticəsində həbsə atılırlarsa, demokratik dəyərlərə ən ali səviyyədə xidmət edən Azərbaycanda eks-prezidentlərə qarşı bu qədər nifrət və zalım münasibət yoxdur. Hətta ən yüksək insani dəyərlər çərçivəsində eks-prezidentlərin özlərinə və ailə üzvlərinə hörmət, diqqət və qayğı mövcuddur.
Başqa bir fakt: bu gün Ermənistanda olan mövcud iqtidara alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır. Azərbaycanda isə hər sahədə demokratik cəmiyyətin mövcudluğunun şahidi oluruq. Elə bunun məntiqi izahıdır ki, ölkəmizdə 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərinə müxtəlif siyasi partiyalar fəal şəkildə qatılıb, öz namizədlərini irəli sürüblər. Heç bir təzyiq altında qalmadan bütün partiyalar və namizədləri fəal şəkildə təbliğat-təşviqat kampaniyalarını aparır, eyni zamanda onlar üçün yaradılmış demokratik və ədalətli şəraitdən razılıqlarını ifadə edirlər. Çünki növbədənkənar parlament seçkilərində də hər bir namizədə bərabər hüquq və imkanlar yaradılıb”.
Politoloq əlavə edib ki, rəsmi Bakını daim hədəf seçən AŞ PA guya Azərbaycanda jurnalistlərə, mətbuat işçilərinə təzyiq mövcuddur, hətta guya mövcud hakimiyyət jurnalistləri evlə təmin etməklə, onları ələ alır və mətbuatı idarə edir kimi absurd fikirlər səsləndirirlər:
“Bəs o zaman AŞ PA nəyə görə Ermənistanda mətbuat sahəsində buraxılan ciddi nöqsanları dilə gətirmək, onlar barəsində ölçü götürmək əvəzinə daim səssiz qalır? Elə bu barədə də bircə faktı demək kifayətdir. "Erməni qartalları: "Vahid Ermənistan" Partiyasının sədr müavini və "Haynews.am" saytının koordinatoru Mqer Yegizaryan 2019-cu il yanvarın 26-da İrəvanda "Nubaraşen" həbsxanasındakı kamerada iki aylıq aclıq aksiyasından sonra ölüb. Bəs Avropa Şurası və AŞ PA buna niyə reaksiya verməyib? Məgər aclıq aksiyası və bunun nəticəsində ölüm hadisəsi susula biləcək işdir?
Bu gün nəinki Ermənistan iqtidarı ilə xalq arasında uçurum, eyni zamanda ölkənin rəsmi şəxslərinin bu və ya digər məsələ barədə fikir ayrılıqlarının şahidi oluruqsa, Azərbaycanda bunun tam əksinə tendensiya müşahidə olunur. Bu gün xalq ölkə başçısı cənab Prezident İlham Əliyevə inanır və onun yürütdüyü siyasəti birmənalı olaraq dəstəkləyir. Azərbaycanda gözlə görünən dərəcədə xalq-iqtidar birliyi mövcuddur. Lakin AŞ PA bütün bu müsbət halları nədənsə görə bilmir”.
“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Olaylar”a deyib ki, Azərbaycan Avropa üçün çox vacib bir dövlətdir və Azərbaycan Avropanın inkişafında, Avropanın enerji təhlukəsizliyində çox əhəmiyyətli rol oynayan bir ölkədir: “Eyni zamanda, Azərbaycanı Avropa üçün vacib edən amillərdən biri də Azərbaycanın geo-siyasi mövqeyi, coğrafi xəritədə yerləşdiyi məkandır ki, Azərbaycan həm Avropadır, həm də Avropanın Asiyaya qapısıdır. Azərbaycan Avropanın mədəni həyatında çox mühüm rol oynayır". R.Quliyev onu da bildirib ki, Azərbaycan Avropanın Asiya qapısı olduğu üçün aparacı və həlledici dövlətdir. Bu gün Azərbaycan Avropanı Asiya ilə birləşdirən böyük nəqliyyat kommunikasiyasının mərkəzində dayanır və bu, bütün yükü, bütün kommunikasiya xətlərinin əsas kəsişmə nöqtəsini Azərbaycan öz üzərində cəmləşdirə bilib. Bu da Azərbaycanın milli mənafeyinə uyğun apardığı siyasətinin tərkib hissəsidir. Azərbaycan bu islahatlarla daim yenilənən, inkişaf edən siyasəti həyata keçirərək həm öz milli mənafeyimizə uyğun olaraq inkişafımızı təmin edir, həm də Avropanın iqtisadi həyatına öz töhfəsini verir. Belə qənaətə gəlmək olar ki, Azərbaycan Avropa üçün çox önəmli ölkələrdən biridir.
"Bəs bunun müqabilində Avropa Şurası nə edir" sualına gəlincə isə, ekspert qeyd edib ki, İlham Əliyev Azərbaycan 2001-ci il yanvar ayının 25-dən Avropa Şurası Parlament Assambleyasına tam hüquqlu üzv qəbul edildikdən sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq AŞPA-nın fəaliyyətinə kifayət qədər yaxından bələd olan siyasətçi kimi AŞ haqqında Onun səsləndirdiyi fikirlər cox ciddi anonsdur. Yəni AŞ-nın riyakar, ikili standartlarını Azərbaycanın ən yüksək rəsmisi səviyyəsində səsləndirilməsi AŞ-nın hazırkı durumuna verilən qiymətdir. Sözsüz ki, Azərbaycan Avropa dövlətləri ilə birbaşa ikitərəfli münasibətləri olan dövlətlərdəndir və bu faktor daim diqqətdə saxlanmalıdır. Ancaq Avropa Şurası bir qurum olaraq bu tərəfdaşlığı heç vaxt nəzərə almayıb, daim şantaj, təhdid və hədələyici tonda danışmağa üstünlük verib: "Eyni zamanda, Cənab Prezidentin həmin görüşdə səsləndirdiyi fikirlərdən biri də bu idi ki, Azərbaycanla Türkiyə həmin AŞ-nın nümayəndə heyətinin rəhbəri olarkən görüşlərində iki nümayəndə heyətinin qarşılıqlı razılığı əsasında bizim mövqelərimizin uzlaşdırılması hələ o zamandan əsası qoyulub və bu, belə də davam edir. AŞ-nın Azərbaycana qarşı olan riyakar ikili standartlı mövqeyi tək Azərbaycana qarşı deyil həm də Türkiyəyə qarşıdır. Sözsüz ki, bunun arxasında da başqa məqsədlərin olduğu görünür. Buna misal olaraq deyə bilərəm ki, qonşuluğumuzda olan dövlətlərdən Ermənistanda, Gürcüstanda və yaxud da keçmiş MDB ölkələrində Avropa ölkələrində belə baş verən siyasi həbslərə, siyasi qətillərə və digər bu qəbildən olan hadisələrə göz yumulduğu halda, Azərbaycan isə böhtanla, şantajla təhdid olunursa, sözsüz ki, bunun arxasında həmin qurumun qərəzli münasibəti dayanır. Buna görə də Azərbaycan Prezidenti çəkinmədən, açıq və çox ciddi münasibət bildirdi".
Eyni zamanda ekspert onu da əlavə edib ki, artıq həmin qurumun münasibəti, Azərbaycana qarşı bir kağız parçası qədər dəyərləndirilirsə, rəsmi səviyyədə də belədirsə, deməli Azərbaycan üçün o qurumun bir əhəmiyyəti yoxdur. Bu qurumun hansı mövqeyindən asılı olmayaraq Azərbaycan öz siyasətini milli mənafeyinə uyğun davam etdirirsə, ən müasir Avropa standartlarına cavab verirsə və bunu dünyanın başqa beynəlxalq qurumları qəbul edirsə, deməli Avropa Şurasının Azərbaycan haqqında hər hansı bir ləkələmə, qarayaxma kampaniyası Azərbaycanın dövlət siyasətinə elə də təsir göstərə bilmir. Avropa Şurası öz daxilində gedən deqradasiya proseslərini həll etsə daha yaxşı olar.