Xəzər Sammitinin sənədləri razılaşdırılıb Siyasət

Xəzər Sammitinin sənədləri razılaşdırılıb

Xüsusi işçi qrupunun növbəti iclası Bakıda keçiriləcək

Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 38-ci iclası də başa çatıb.
Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasa Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov, İran İslam Respublikası xarici işlər nazirinin müavini İbrahim Rəhimpur, Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyyə Amanjolova, Rusiya Federasiyası prezidentinin dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov və Türkmənistan prezidenti yanında Xəzər dənizi məsələləri üzrə dövlət müəssisəsinin sədri Murad Atacanovun başçılıq etdikləri nümayəndə heyətləri qatılıb.
İqor Bratçikovun sədrliyi ilə keçirilən iclasda Dördüncü Xəzər Sammitinin yekun sənədlərinin hazırlığına xüsusi diqqət yetirilib. Yüksək səviyyəli görüşdə imzalanması nəzərdə tutulan, Xəzər dənizində sərhədyanı ölkələrin əməkdaşlığının hüquqi bazasının möhkəmlənməsinə yönəlmiş beştərəfli hökumətlərarası sazişlərin mətnlərinin hazır olduğu qeyd edilib.
Xüsusi işçi qrupunun növbəti iclası Bakıda keçiriləcək. İclasın keçirilmə vaxtı diplomatik kanallarla razılaşdırılacaq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birlikdə keçirdiyi brifinqdə bildirib ki, onlar Xəzərin hüquqi statusu ilə bağlı məsələni müzakirə ediblər: "Qonşular Xəzəryanı dövlətlərin maraqları çərçivəsində Xəzərin sülh və sabitlik ərazisi olmasında maraqlıyıq. Həştərxanda keçiriləcək IV Xəzər sammitinə hazırlıq barədə danışdıq. Sammitə hazırlıq çox yüksək səviyyədə gedir. Dünən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin hüquqi statusuna dair xüsusi işçi qrupunun 38-ci iclasında sammitin yekun sənədlərinin razılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub".