Cey Di Vens İranla danışıqlara rəhbərlik edə bilər Dünya

Cey Di Vens İranla danışıqlara rəhbərlik edə bilər

ABŞ-ın Vitse-prezidenti Cey Di Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayiyə ünvanladığı məktubda İslam Respublikası ilə danışıqlarda Amerika tərəfinə şəxsən rəhbərlik etməyə hazır olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vens mesajı Qətər vasitəsilə çatdırıb. Vitse-prezident yaxın vaxtlarda ABŞ və İran nümayəndələrinin görüşünün keçirilməsini təklif edib və Vaşinqton tərəfindən danışıqlara rəhbərlik edə biləcəyini qeyd edib. Qəzetin verdiyi xəbərə görə, İran hakimiyyəti hərbi əməliyyatlara son qoymağa qadir nüfuzlu fiqur hesab etdiyi Vensin təklifini müsbət qarşılayıb.

Daha əvvəl "The Wall Street Journal" qəzeti Vensin sözügedən məktubu ABŞ Prezidenti Donald Trampın tapşırığı ilə göndərdiyini xəbər vermişdi. Nəşrin iddiasına görə, vitse-prezident Tehran və Vaşinqton arasında Trampı yaxın həftələrdə hərbi əməliyyatlara qayıtmamağa inandırmağa imkan verəcək kifayət qədər ortaq nöqtələrin olub-olmadığını öyrənməyə ümid edirdi. Nəşr qeyd edirdi ki, Vensin göndərdiyi məktubda konkret sülh təklifləri yer almayıb.

Sonradan Tramp mətbuatın bu mövzudakı xəbərlərini şərh edərkən ABŞ hakimiyyətinin İran tərəfinə dərman vasitələri təqdim etməyi təklif etdiyini bəyan etmişdi.

Məryəm Quliyeva