“Biz bu ideologiya ətrafında birləşərək güclü Azərbaycanı qurmaqdayıq” Gündəm

“Biz bu ideologiya ətrafında birləşərək güclü Azərbaycanı qurmaqdayıq”

“Azərbaycançılıq ideologiyası Azərbaycan Respublikasının dövlət ideologiyasıdır, Azərbaycan Respublikasının vətəndaşı olan xalqları bu ideologiya ətrafında birləşdirən mühüm bir amildir, faktordur. Nəinki Azərbaycan Respublikasının vətəndaşı olan, mən deyərdim ki, dünya azərbaycanlıları azərbaycançılıq ideologiyası ətrafında birləşirlər, birləşmələri lazımdır”.

Bu fikirləri xalqcebhesi.az-a “Müasir İnkişaf” İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

O vurğulayıb ki, Azərbaycançılıq vətən anlayışıdır: “Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının varlığının qorunması, inkişafı, dünya azərbaycanlarının birliyi ideyasıdır. Biz məhz bu ideologiyanın ətrafında birləşərək torbaqlarımızı işğaldan azad etdik, Qarabağı azad etdik. Azərbaycançılıq ideologiyası bizi bu işğaldan azad etməyə səslədi. Azərbaycan xalqı toparlandı, işğalla barışmadı və biz bugünkü nəticələri əldə etdik. Azərbaycançılıq Azərbaycan dövlətini gələcəyə doğru aparan ideologiyadır”.

M.Göyüşlünün sözlərinə görə, gələcəkdə güclü milli dövlətin qurulmasında məhz Azərbaycançılıq ideologiyası mühüm rol oynayır: “Yəni bu məsələ Azərbaycançılıq ideologiyasının mahiyyətindədir. Bu ideologiyanın həyata keçməsi Azərbaycan dövlətinin daha da güclənməsi ilə nəticələnəcək bir prosesdir. Biz bu ideologiya ətrafında birləşərək güclü Azərbaycanı qurmaqdayıq”.

Röya İsrafilova