Kerrinin Qarabağ revanşı Siyasət

Kerrinin Qarabağ revanşı

Qərb vasitəçilik təşəbbüsünü Rusiyanın əlindən almaq istəyir

Cavid

Uelsdə Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyan arasında ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə baş tutan görüş Qarabağ münaqişəsi ilə bağlı yeni müzakirələrə yol açıb. Azərbaycan və Ermənistan prezidentlərilə ayrı-ayrılıqda bir araya gələn Fransa prezidenti Fransua Ollandın da qısa zaman sonra prezidentlərin yeni görüşünü Fransada reallaşdırmaq barədə razılıq əldə etməsi də bu yöndə müəyyən qənaətlərə səbəb olub.
Belə görünür, Qərb Ukraynadakı olaylardan gec də olsa dərs alaraq, Qarabağ kimi təhlükəli və üzücü münaqişəni Rusiyanın iradəsini gözləmədən həll etməyi qarşıya məqsəd qoyub. Con Kerrinin "bundan sonra danışıqlara özüm də qatılacağam" bəyanatı bu qənaət fonunda xüsusda anlam qazanır.
Deyəsən, Moskvada da bunun fərqindədirlər. Məsələn, "Vestnik Kafkaza" nəşrinin eksperti Andrey Petrov hesab edir ki, NATO sammiti çərçivəsində Minsk qrupu həmsədrləri olan ABŞ və Fransanın səyləri Qarabağ təşəbbüskarlığında Rusiyaya çatmaq cəhdlərindən xəbər verir: "Bunun təsdiqlərindən biri də prezidentlərin Con Kerri ilə üçtərəfli görüşünün əvvəldən planlaşdırılmaması sayıla bilər. Görüş haqda informasiya yalnız ötən həftənin cümə axşamı, Dövlət Departamentinin saytında peyda olub".
Bu da o deməkdir ki, son ana kimi, Birləşmiş Ştatlar görüşün baş tutacağına elə də əmin olmayıb, yaxud belə bir görüşün Rusiya tərəfindən pozula biləcəyindən ehtiyatlanaraq, açıqlama verməyib. Buna kimi yalnız Ceyms Uorlikin təşəbbüsü olmuşdu ki, bu da prezidentlərə Uelsdə bir araya gəlməklə bağlı ünvanlanan ümumi çağırış idi.
Politoloqa görə, Qərbin təşəbbüskarlığı ələ almağa çalışmasının başqa bir təzahürü görüş vaxtının və yerinin seçilməsindən görünür: "Cəmi bir ay qabaq və Soçidə Putinin iştirakı ilə raund keçirilmişdi. Diqqət edin, əgər Azərbaycan və Ermənistan prezidentlərini görüş vaxtı və yeri xüsusi olaraq uzun müddət müzakirə edilir, razılaşdırılırsa, konkret halda Kerri və Olland sözün hərfi mənasında fürsət bilib Əliyev və Sərkisyanla görüşdülər ki, sadəcə, danışıqlar aparsınlar..."
Lakin Soçi görüşü kimi, prezidentlərin üçtərəfli Uels təması da konkret bir sənədin və ya heç olmasa, ortaq bəyanatın qəbul edilməsi ilə nəticələnmədi. Qısa müddət sonra Fransa prezidentinin vasitəçiliyi ilə reallaşacaq növbəti görüşdən də real nəticə gözləməyə dəymir. Ən azı, iki mühüm səbəbdən: 1. Qarabağ məsələsi vasitəçi güclər arasında əfsuslar olsun ki, hələ də nüfuz savaşı, psixoloji savaş predmeti qismindədir.
2. Qərb Rusiya kimi Ermənistanla da işğalçı kimi davranmağa hazırlaşmır.
Prezidentlərin görüşü ilə bağlı ABŞ Dövlət Departamentinin saytında da münasibət bildirilib. Saytda verilən rəsmi məlumatda qeyd olunub ki, ABŞ dövlət katibi bir müddət əvvəl cəbhə xəttində yaranmış şiddətli gərginliklə bağlı dərin narahatlığını ifadə edib.
ABŞ-ın rəsmi məlumatında əlavə olunub: "Birləşmiş Ştatlar inanır ki, toqquşmaların səngiməsi və əlaqələrin normallaşdırılması Azərbaycan və Ermənistan arasında sülh yaradacaq. Bu, hər iki ölkənin xalqlarının gələcəyini təmin edəcək, həmçinin Cənubi Qafqazda sabitliyin bərpası üçün mühüm addım olacaq".
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də Tvitter açıqlamasında görüşü ciddi hesab edib.
Beləliklə, Rusiyanın Soçi görüşü ilə münaqişənin həllində əsas dövlət olmasını nümayiş etdirmək cəhdinin ardınca ABŞ və Fransa da təşəbbüsü ələ almağa çalışıb.
Maraqlıdır ki, Ermənistan prezidenti Serj Sarkisyan görüş ərəfəsində keçirilən NATO sammitində NATO-nu Dağlıq Qarabağ problemi ilə ehtiyatlı olmağa səsləyib. O həyasızcasına deyib: "Bu zalda mənim xalqımın təhlükəsizliyinə və bizim regionda sülhə dəxli olan sənəd qəbul ediləcək. İki variant var. Ya Qarabağ münaqişəsi ilə bağlı ixtisaslaşmış yeganə beynəlxalq struktur olan Minsk qrupunun ritorikasından, ABŞ və Fransanın dəstəklədiyi ritorikadan istifadə ediləcək, ya da NATO-nun digər üzvü Türkiyənin lobbiçiliyi baş verəcək. Ya sağlam düşüncə, sülhə can atımı qalib gələcək, ya da ksenofobiya, müharibə ritorikası, insan itkilərinə gətirən təxribatlar şirnikləndiriləcək. İkinci variant yaxşı nəticəyə gətirməyəcək. Belə sənədlər Azərbaycana qol-qanad verir".
Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ dövlət katibi Con Kerri, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüşün detalları barədə danışarkən deyib ki, öncədən planlaşdırılmayan bu görüş C.Kerrinin təklifi ilə baş tutub.
N.Məmmədov bildirib ki, görüşdə prezident İlham Əliyev Azərbaycanın mövqeyini bir daha açıqlayıb: "Azərbaycanın mövqeyi ədalətlidir, beynəlxalq hüquqa əsaslanır. Dövlət başçısı münaqişənin həlli ilə bağlı ən konstruktiv, müasir beynəlxalq münasibətlərin ruhuna uyğun variantı təklif etdi. Ermənistan prezidenti Serj Sarkisyan isə əvvəlki dövrlərdə olduğu kimi situasiya ilə əlaqəsi olmayan bir variantda Ermənistanın mövqeyini ifadə etdi və iddialarını nümayiş etdirdi. Mənim üçün maraqlı olan o idi ki, Con Kerri doğurdan da məsələlərə ciddi yanaşırdı. ABŞ dövlət katibinin Azərbaycan prezidentinin mövqeyini qəbul etdiyi qənaətinə gəldim. ABŞ dövlət katibinin sözlərindən, bəyanatından bu qənaətə gəldim ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti daha da artıracaq. Çünki digər görüşlərdə müqayisədə ABŞ tərəfindən ilk dəfə bu görüşdə münaqişənin həllinə daha ciddi maraq gördüm. Con Kerri suallar verirdi, görürdüm ki, Azərbaycanın mövqeyi onun tərəfindən daha ədalətli, düzgün görünürdü".
Politoloq Qabil Hüseynlinin fikrincə, Kerrinin Azərbaycan və Ermənistan prezidentlərirlə görüşünün əsas məqsədi Moskvaya mesaj ötürmək olub: "Sərkisyanla İlham Əliyevin görüşü Kerrinin vasitəçiliyi baş tutdu. Bu görüş sanki növbəti görüş xarakteri daşıyırdı. ABŞ bununla deməyə çalışırdı ki, Cənubi Qafqazda proseslərin həll edilməsində Rusiyanın təkbaşına qalmasına imkan verilməyəcək. Proses Minsk qrupu çərçivəsində həll edilməlidir və bu məsələdə Amerika yaxından iştirak edəcək. Bu, Amerikanın İrəvana, Bakıya və Moskvaya mesajıdır. Uels sammiti tarixə həm də ona görə düşəcək ki, bu tədbirdən sonra dünyada ictimai-siyasi proseslərin hərəkəti sürətlənəcək və yeni dövlətlərin əmələ gəlməsi ehtimalı artacaq".
Təhlükəsiz Enerji Tədqiqat Mərkəzinin rəhbəri, politoloq Ceyhun Mahmudlu Uels deyib ki, ümumiyyətlə Uels sammitində Azərbaycan və Ermənistan dövlət başçılarının iştirakı və ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə baş tutan görüş nəticə etibarilə cəbhə xəttində baş verən gərginliyin artmasının önlənməsi istiqamətində böyük əhəmiyyət kəsb edir: "Məsələnin həlli yönündə hələlik konkret qəti addımlar atılmasa da, görüşü cəbhə xəttində artan gərginliyin azaldılması yönündə danışıqların gedişatı baxımından önəmli hesab etmək olar. Həmçinin Azərbaycan və Ermənistan tərəfinin Uelsin Nyuport şəhərində reallaşan sammitdə iştirakı BMT Baş Məclisinin sentyabrda keçiriləcək sessiyasında üçtərəfli görüş üçün yol açdı. Xüsusi olaraq vurğulamaq lazımdır ki, BMT-nin sentyabrın təxminən 3-cü həftəsinə təsadüf edəcək növbəti sessiyasında Qarabağ məsələsinin sülh yolu ilə həlli istiqamətində atılacaq konkret addımlarla bağlı dəqiq fikir söyləmək çətindir".