Hulusi Kılıç:"Bizi birləşdirən ortaq soy, mədəniyyət və milli dəyərlərdir" Siyasət

Hulusi Kılıç:"Bizi birləşdirən ortaq soy, mədəniyyət və milli dəyərlərdir"

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ABŞ-dakı səfirləri və Şuranın Baş katibi Bağdad Amreyevin iştirakı ilə paytaxt Vaşinqtondan videokonfrans keçirildi.

Sözügedən konfransla bağlı Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç TRT/Azerbaycan saytına eksklüziv müsahibə verərək bunları söylədi:

“Aprelin 10-da Türk Şurası dünyada videokonfrans yoluyla dövlət başçıları səviyyəsində “Covid-19” pandemiyasına həsr olunmuş fövqəladə zirvə görüşü keçirdi. Bu, dünya miqyasında dövlət başçıları səviyyəsində pandemiya ilə bağlı zirvə görüşünü keçirən ilk beynəlxalq tədbir kimi tarixə düşdü. Türkdilli Dövlətlər Əməkdaşlıq Şurasının sədri, Azərbaycan prezidenti İlham Əliyevin tarixi təşəbbüsü bu təşkilatın dostluq və qardaşlıq təməlləri əsasında qurulduğunu nümayiş etdirdi.

Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlərdir. Azərbaycan korona virusuna qarşı çevik və zəruri addımlar atdı, məhdudlaşdırıcı tədbirlər gördü. Cənab İlham Əliyev zirvə görüşünün əsas məqsədinin milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə dəstək göstərilməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsi olduğunu vurğuladı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində Türk Şurasının fövqəladə zirvə görüşünün korona virusu pandemiyası ilə mübarizədə türkdilli ölkələr arasında həmrəyliyi möhkəmləndirəcəyini bəyan etdi. Ərdoğan onu da qeyd etdi ki, Türkiyə ilə Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün istifadə edilən dəmir yolu xəttini Orta Asiyayadək uzada bilərik.

Türk Şurası ölkələrinin belə ali səviyyə və geniş tərkibdə yığılması, sürətli və çevik hərəkət etməsi, pandemiya ilə mübarizədə birgə əməkdaşlığı davam etdirməsi, bunu müvafiq komissiyalar, böhran mərkəzləri və korona virusuyla mübarizə üzrə operativ qərargahlar arasında qarşılıqlı işbirliyinin fəaliyyəti ilə qurması dünyaya bir nümunə oldu.

Türk Şurası 11 il əvvəl yaradılıb, gənc təşkilat sayılır. Lakin gənc təşkilatın qısa müddətdə getdikcə böyüdüyünün şahidi oluruq. Bu da Türk Şurasının gələcəyi baxımından önəmli göstəricidir.

Türk millətinə böyük qüruru yaşatdıqları üçün bu cür tarixi zirvə görüşünü təşkil edən can Azərbaycanımızın prezidenti cənab İlham Əliyevə, Türk Şurasının baş katibi Bağdad Amreyevə və bütün heyətlərinə öz minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, aprelin 24-də ABŞ-ın paytaxtı Vaşinqtonda təşkil edilən konfrans Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının aprelin 10-da təşkil edilmiş fövqəladə Zirvə görüşündə müzakirə edilən məsələlərin davamı olaraq keçirilib.