“Hələ də köhnə təfəkkürlə işləyən məmurların sayı çoxdur” Siyasət

“Hələ də köhnə təfəkkürlə işləyən məmurların sayı çoxdur”

Nəsib Məhəməliyev: “ Cənab Prezident nöqsanları sadalamaqla korrupsiyanın kökünün kəsilməsinə yönəlmiş addımların atılmasının vacibliyini bildirdi”

“Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni Baş prokuror Kamran Əliyevi video bağlantı vasitə ilə qəbul edərkən, prokurorluq və ümumiyyətlə hüquq mühafizə orqanları qarşısında müasir dövrün tələblərinə uyğun konkret tapşırıqlarını verdi. İlk növbədə diqqətimi çəkən məqam ölkə başçısının ictimaiyyət qarşısında tam şəffaflıqla mövcud problemlərin həlli ilə bağlı verdiyi tapşırıqlar oldu”.
Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Millət vəkili əlavə etdi ki, cənab Prezident nöqsanları sadalamaqla, dövlətin inkişafına mane olan, xalqı hakimiyyətdən narazı salan neqativ halların aradan qaldırılması, cəmiyyətin mənəvi saflaşmasına, rüşvətxorluğun, korrupsiyanın kökünün kəsilməsinə yönəlmiş addımların atılmasının vacibliyi, hüquq mühafizə orqanlarında da islahatların aparılması zərurətini qəti şəkildə bildirdi: “Qanunun aliliyinin təmin olunması, sosial ədalət prinsiplərinin hər bir məmur tərəfindən qorunması, dövlətin güclənməsinə, vətəndaş həmrəyliyinə, məmnunluğuna səbəb olmaqla bərabər ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşması baxımından da olduqca vacibdir. Dövlət başçısı növbəti dəfə qəti siyasi iradə göstərdi. Cəmiyyətdə tutduğu statusundan asılı olmayaraq, vətənini sevən hər kəsin borcudur ki, aparılan siyasəti dəstəkləsin”.
Nəsib Məhəməliyev dedi ki, aparılan islahatlar ölkə əhalisi tərəfindən müsbət qarşılanır və tam dəstəklənir: “Son dəfə keçirilən sorğular bir daha sübut etdi ki, ölkə əhalisinin 94,7 faizi Prezidentin siyasətini dəstəkləyir. Kadr islahatları bundan sonra da davam etdirilməlidir. Dəfələrlə ən yüksək səviyyədə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də köhnə təfəkkürlə işləyən məmurların sayı çoxdur. Hüquq mühafizə və məhkəmə orqanlarında da köklü islahatların aparılmasına ehtiyac var. Cəmiyyətdə korrupsiyanın və rüşvətxorluğun aradan qaldırılması üçün, ilk növbədə qanunun aliliyi təmin olunmalı, bütün sahələr üzrə ictimai imici müsbət, psixologiyası korlanmamış gənc, təhsilli kadrlar vəzifələrə təyin olunmalıdır. Harada işləməsindən asılı olmayaraq, məmur sahibkarlara, iş adamlarına potensial gəlir mənbəyi, ovçunun şikarına baxdığı kimi baxmamalıdır. Etiraf etmək lazımdır ki, hər yeni təyin olunan məmur ilk növbədə ərazidə fəaliyyət göstərən iş adamlarını, imkanlı şəxsləri neytrallaşdırmaqla məşğul olur. Bu praktikaya son qoyulmalıdır. Bəzi hallarda isə baş vermiş hadisələrin araşdırılmasında obyektivlik yox, kimin daha sərfəli təkliflərlə çıxış etməsi əsas götürülür. Adətən belə şirnikləndirici təkliflər haqsız tərəfdən gəldiyi üçün qanunsuz, ədalətsiz qərarların qəbul olunması ilə nəticələnir. Nəticə etibarı ilə vətəndaşın dövlətə olan inamı azalır. Buna yol vermək qəti şəkildə olmaz. Prezidentimiz möhkəm siyasi iradə nümayiş etdirib. Daha da güclü Azərbaycanımız üçün ona dəstək verməliyik”.

Əli