“Azərbaycan qürur duya bilər” Siyasət

“Azərbaycan qürur duya bilər”

“Prezident İlham Əliyev modul tipli ilk daşınan xəstəxana açılışında koronavirusla mübarizədə Azərbaycanın hansı nöqtədə olduğuna və hansı perspektivə doğru getdiyimizə dair mənzərəni aydın şəkildə xalqımıza çatdırdı. Azərbaycan Prezidenti burada dövlət orqanlarının və vətəndaşların ümumi qələbə naminə etdiklərini və etməli olduqlarını detallarına qədər izah etdi”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. Aydın Quliyev bildirdi ki, ölkə səhiyyəsinin ağır bir vəzifənin öhdəsindən gəlməkdə bütün potensiallardan istifadə etdiyini, eyni zamanda həkimlərin böyük səylə mübarizəyə qoşulduqlarına obyektiv qiymət verildi: “Prezidentin fikirləri bir daha göstərdi ki, Azərbaycan səhiyyəsi bu müddətdə ölkədə həm pandemik proseslərin yönümünü dəyişməkdə və yavaşıtmaqda böyük rol oynayıb, həm də səhiyyənin özü qarşıdakı vəzifələrin həllinə uyğun olaraq özünü təkmilləşdirərək dəyişib. Qısa müddətdə yüzlərlə müasir müalicə üsullarına malik xəstəxana yerlərinin, laboratoriyaların və münasib karantin şəraitlərinin yaradıldığı buna sübutdur. Bir daha əmin olduq ki, Azərbaycan bu ağır şəraitlərdə milli tibbi istehsal sahələrinin yaradılması və ya transformasiyası vəzifəsini də uğurla icra edir. Prezidentin fikirlərindən sonra indi bir daha əminlik yaranıb ki, Azərbaycan gündəlik test saylarının artırılmasında, virusun yayılma dinamikasını pozitiv şəkildə tərsinə ilk olaraq döndərə bilmiş ölkələr sırasındadır. Prezidentin çıxışı sübut etdi ki, Azərbaycan pandemiyanın ilk mərhələsini böyük zəhmətlər və yaradıcı işlər hesabına uğurla başa vura bilib”.
Onun fikrincə, Prezidentin fikirləri ölkəni ikinci dalğa pandemiyadan qorumaq üçün daha dərin səfərbər olunmaqda da öz təsirini göstərir: “Məhz bu çıxışla xalqa daha təsirli və bəlkə də sonunculardan biri sayılan mesajlar verildi. Prezidentin cəmiyyətə son mesajlarında pandemiyanın ikinci dalğasından ən səmərəli və ən qısa qorunmaq üsulları öz əksini tapır. Prezident “cəzalar sərtləçdirilməlidir” mesajı ilə indi cəmiyyətimizin nə qədər ağır və məsul keçid anında olduğunu ifadə edir. Ya pandemiyanın ikinci dalğasına da birlikdə və yüksək məsuliyyət hissinin nümayişi ilə qalib gələcəyik,ya da vəziyyətin yenidən daha ağırlaşması qaçılmaz olacaq və bunun əsas məsuliyyəti ilk növbədə məsuliyyətsiz davranışların üzərinə düşəcək. Bu xəbərdarlıq Prezidentin cəmiyyətimizə anlatmaq istədiyi məntiqin ən klassık ifadə formasıdır.
10 ölkənin kömək üçün Azərbaycana müraciət etməsi və onların əslində bu müraciəti alternativsiz vəziyyətdə etdiklərinə dair Prezidentin sözləri ölkəmizin humanist siyasətini nümayiş etdirmək baxımından çox əhəmiyyətlidir. Bu fikrin tibb personalı ilə söhbətdə ifadə edilməsinin ayrıca mənası var. O mənada ki, milli tibb personalımız Azərbaycanın həm özünə, həm də başqalarına gərək olmaq gücünə yetişməsində öz səylərinin əhəmiyyətli olmasına görə qürur duya bilər .
Pandemiya ilə mübarizənin bu ana qədərki mərhələsinin uğurla getdiyi Prezidentin bu çıxışında inamlı şəkildə nümayiş etdirildi”.