“Türkiyənin nüvə dövlətinə çevrilmək imkanları var” Siyasət

“Türkiyənin nüvə dövlətinə çevrilmək imkanları var”

Niyaməddin Orduxanlı: "Türkiyənin Qərbdən və qonşu ölkələrin təzyiqindən qurtulmağının yeganə yolu budur"
Əli Orucov: "Türkiyə nüvə dövləti olmasa çətin durumda qalacaq"
Azər Həsrət: "Türkiyənin bu istiqamətdə atdığı və ya atacağı addımları dəstəkləyirəm"

"Gələcəkdə Türkiyə təhdid olunarsa ABŞ prezidentinin indikindən daha cəsarətli və fərqli mövqe nümayiş etdirəcəyinə heç kim təminat verə bilməz". Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bir müddət əvvəl mətbuata açıqlamasında belə deyib. BAXCP sədri əlavə edib ki, Azərbaycanın Türkiyədən umacağının çox olduğunu bildirib: "Çünki onlar bizim qan qardaşlarımızdır. Bu baxımdan hesab edirəm ki, Türkiyə Azərbaycan torpaqlarının içğal altında qalmasına öz torpaqlarının işğal altında qalması faktı kimi yanaşmalıdır. Güclü Azərbaycan həm də güclü Türkiyə deməkdir". Qüdrət Həsənquliyev açıqlamasında Türkiyənin Rusiyadan qorxusunu başa düşdüyünü də qeyd edib: "Əgər ABŞ-ın qarant durduğu Ukrayna torpaqlarını Rusiya işğal edirsə və super dövlət ləyaqətinin bu şəkildə alçaldılması ilə barışırsa, bu halda Türkiyə də Qarabağın işğalı ilə barışmaq zorundadır. Bütün bunlara anlayışla yanaşsam da, heç bir halda Ərdoğanın Ermənistanla ticarət əlaqələrini genişləndirməsini qəbul edə bilmərəm".
BAXCP sədri qeyd edib ki, Türkiyə nüvə dövlətinə çevrilməlidir və Azərbaycan da qardaş ölkəyə bu istiqamətdə hər cür dəstək verməlidir: "NATO artıq qeyri ciddi quruma çevrilib. Orada qərar qəbul etmək mümkünsüzdür və bu qurum Türkiyənin təhlükəsizliyinə təminat verə bilməz. Nüfuzlu dövlət olub öz sözünü deməsi üçün Türkiyə nə ABŞ-a, nə də bir başqa dövlətə deyil, öz gücünə güvənməlidir".
BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bildirdi ki, Türkiyənin nüvə dövlətinə çevrilməsi həddindən artıq vacibdir: "Nüvə dövlətinə çevrilməsinə isə Türkiyənin bütün imkanları və potensialı var. BAXCP sədri Qüdrət Həsənquliyev bu yaxınlarda Türkiyənin nüvə dövlətinə çevrilməsinə dair Azərbaycan mediasında açıqlamaları olmuşdu. Bu gün Türkiyə dünyada nüfuzlu dövlət olmaq istəyirsə, mütləq nüvə dövlətinə çevrilməlidir. 75 milyondan artıq əhalisi olan bir dövlətin nüvə dövlətinə çevrilməsi, həm də dövlətin təhlükəsizliyinin təminatıdır. Türkiyənin Qərbdən və qonşu ölkələrin təzyiqindən qurtulmağının yeganə yolu budur. Bu gün hansı dövlətin əlində nüvə varsa, Qərb o dövlətlə "hörmət"lə danışır. Onun dövlət maraqlarına zərbə vurmağa ehtiyat edir. Artıq Ukrayana rəsmiləri də nüvə dövləti olmaq haqqında düşünürlər və bu istəklərini dilə gətirirlər. Fikirləşirlər ki, bu vasitə ilə Rusiyanın təzyiqini azalda bilərlər. Hal-hazırda indiki vəziyyətdə Türkiyəyə Qərb istənilən vaxt istədiyi oyunu onun başına aça bilər, ondan ikinci bir Liviya və ya Suriya düzəldə bilər. Hal-hazırda Türkiyə öz gücündən böyük görünməyə çalışır və bunun da əslində ölkəyə çox böyük zərəri dəyir. Türkiyənin İsraillə bağlı son hadisələrinə nəzər yetirək. Türkiyə vətəndaşlarını qətlə yetirdilər, heç nə edə bilmədin. İqtisadi əlaqələri belə kəsməyə gücün çatmadı. Səfiri geri çağırıb, təzədən İsrailə qaytardın. AKP hakmiyyəti ağıllı siyasət apara bilsə, ölkə daxili müxalifətlə münasibətlərində yumşaltma etsə, yersiz təkəbbür aradan qalxsa, yaranmaqda olan şəxsiyyətə pərəstiş dayandırılsa ağıllı siyasət nəticəsində Türkiyə günlərin bir günü nüvə dövləti ola bilər. Yəni bu istiqamətdə işlərin görür, dinc məqsədlərlə nüvə reaktorları qurur və texnologiyaları əldə etdikdən sonra Azərbaycan, Pakistan və digər türk respublikalarının köməyi ilə Türkiyə bunu edə bilər. Təbiiki ki, Azərbaycan qardaş Türkiyənin nüvə dövləti olmasında istənilən köməyini edə bilər".
Siyasi ekspert Əli Orucov dedi ki, nüvə dövləti omağın müsbət və mənfi tərəfləri var: "Nüvə dövləti olmaq həm də böyük məsuliyyət deməkdir. Harahat bölgə olan Şərqdə nüvəyə sahiblik və onu tam nəzarətdə saxlamaq asan məsələ deyil: "Üstəlik də Türkiyə tektonik zonadır. Burda yeraltı təknalar fəaldır. İstər hərbi sənayedə, istərsə də mülki sahədə nüvədən istifadə edilməsindən planetin özü zərər çəkir. Bir sıra Avropa ölkələri nüvə enerjisindən imtina etmək barədə düşünür və alternativ yollar axtarışındadır. Lakin əgər İsraildə nüvə silahı varsa, İran dövləti də nüvə silahı əldə edəcəksə bu artıq regionda balansın pozulması olacaq və Türkiyə çətin durumda qalacaq. Ona görə də, Türkiyənin nüvə dövləti olması zərurəti var".
Siyasi şərhçi Azər Həsrət diqqətə çatdırdı ki, dünyada nüvə dövlətlərinin sayının artması arzuolunan deyil: "Bununla belə, qardaş Türkiyənin dünyanın ən güclü 8-ci ordusuna sahib olması ona haqq verir ki, ABŞ, Rusiya, Çin kimi ənənəvi antitürk dövlətlərlə bərabər nüvə silahına sahib olsun. Bu baxımdan Türkiyənin bu istiqamətdə atdığı və ya atacağı addımları dəstəkləyirəm".
Yeri gəlmişkən əlavə edək ki, Almaniyanın "Die Welt" qəzeti Türkiyənin atom bombası əldə etmək üçün hazırlıqlara başlaması haqqında məqalə dərc edib. Federal Təhlükəsizlik Nazirliyinin Planlama Şöbəsinin keçmiş müdiri Hans Rühlenin imzası ilə dərc edilmiş yazıda Türkiyənin nüvə silahı əldə etməsində texniki bilgilərin Pakistan tərəfindən ötürüldüyü bildirilir. Hətta bir müddət öncə bu ərazidən İraq və Suriyaya gedən islamçı, kürd silahlıları və narkotik qaçaqmalçılığı bəhanəsilə Türkiyə yetkililərinin telefon danışıqlarının dinlənilməsi məsələsinin gündəmə gətirliməsinin də əsas məqsədinin məhz bu olduğu iddia edilir. Bundan başqa, xəbərdə Türkiyənin İrandan nümunə götürdüyü ifadə edilir. Məqalədə iddia olunur ki, bununla bağlı Qərb dövlətləri həmfikirdirlər və bu səbəbdən İran və Şimali Koreyanın nüvə məsələsi daim gündəmdə olduğu halda, Türkiyə ilə bağlı susmağa üstünlük verilib. Müəllif fikrini əsaslandırmaq üçün Türkiyənin iqtisadi inkişafını və enerjiyə olan tələbatını ödəmək üçün nüvə proqramlarına başladığını önə çəkir.
Məqalə müəllifi Türkiyənin Rusiya ilə yanaşı Yaponiya və Fransa ilə də iki Atom Elektrik Stansiyasının tikilməsi ilə bağlı müqavilə bağladığını xatırladır. Müəllif qeyd edir ki, həmin müqavilələrə Türkiyə tərəfindən nüvə tullantılarının geri qaytarılmaması il bağlı maddə əlavə edilib. "İstifadə olunan yanacaq çubuklarının 90 faizi sadəcə çöpdü. Ancaq o çubuklardan uran və platinium əldə etmək mümkündü. Hətta o çubukları reaktorlarda təkrar istifadə etmək də olar. Halbuki bu, yenisini almaqdan daha bahalı prosesdi. O zaman Türkiyənin yanmış yanacaq çubuqlarını təhvil verməməsinin səbəbi nə ola bilər - Atom bombası üçün material toplamaq", - deyə müəllif iddia edir. Yazıda Ərdoğanın tapşırığı ilə Türkiyədə 2010-cu ildən uranın zəngilləşdirilməsi prosesinə başlanıldığı da qeyd olunur.

Əli