ABŞ Azərbaycana diqqətini artırır Siyasət

ABŞ Azərbaycana diqqətini artırır

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə məktubu iki ölkə arasında münasibətlərin yüksək templə inkişaf etdiyinə işarədir və ABŞ-ın Azərbaycana diqqətindən irəli gəlir.
Bunu "Xalq Cəhəsi" qəzetinə ALDP sədri Fuad Əliyev bildirib. Onun sözlərinə görə, ABŞ-Azərbaycan münasibətlərində heç bir narazılıq olmayıb. ABŞ həmişə Azərbaycanın suverenliyi və müstəqilliyinin dəstəkləyib: "Trampın Prezidentimizə məktubu elə bu fikirlə başlayıb. Məktubun məzmunundan da aydın olur ki, ABŞ 30 ildir ki, Azərbaycanla bütün sahələrdə əməkdaşlıq edir, bu əməkdaşlığa kölgə sala biləcək hər hansı bir mövzu yoxdur. Digər bir məqam isə Trampın məktubunda ABŞ-ın Azərbaycanın müstəqilliyi və suverenliyini dəstəkləməsidir. Dağlıq Qarabağ münaqişəsi başlayan andan rəsmi Vaşinqton Bakının maraqlarından çıxış edib, Azərbaycanın ərazi bütövlüyü dəstəklənib". Tramp Azərbaycan Prezidentinə məktubunda həm də beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfələrini yüksək dəyərləndirir, bu sahələr üzrə iki ölkə arasında 30 illik əməkdaşlığı xüsusi qeyd edir: "Həqiqətən, bu istiqamətlərdə Azərbaycanın onilliklər ərzində oynadığı mühüm rol danılmazdır. Azərbaycan beynəlxalq terrorçuluq, radikalizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq, Əfqanıstan da daxil olmaqla dünyanın həssas bölgələrində çoxtərəfli sülhməramlı əməliyyatlara dəstək, qlobal inkişafa yardım, enerji infrastrukturlarının genişləndirilməsi kimi istiqamətlər üzrə ABŞ-la sıx əməkdaşlıq edir, öz töhfələrini verir". F.Əliyev məktubda Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna işarə edilməsi məqamını da qabardaraq qeyd edib ki, enerji sahəsində əməkdaşlığın, eləcə də Birləşmiş Ştatların Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə davamlı dəstəyi iki ölkə arasında münasibətlərin inkişafına, regional və qlobal təhlükəsizliyə töhfələr sırasındadır: "Avropa qitəsinin enerji təminatının gücləndirilməsi üzrə həyati vacib layihələrdən biri olan Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılması ABŞ-ın və şəxsən Prezident Trampın Azərbaycana verdiyi böyük siyasi dəstəklə bağlıdır".