“Trampın məktubu dövlət başçısının liderlik səylərinin yüksək qiymətləndirilməsinin göstəricisidir” Siyasət

“Trampın məktubu dövlət başçısının liderlik səylərinin yüksək qiymətləndirilməsinin göstəricisidir”

Hikmət Babaoğlu: “ABŞ-Azərbaycan münasibətləri bütün istiqamətlər üzrə yüksək tərəfdaşlıq münasibətləri səviyyəsindədir”

ABŞ Prezidenti Donald Tramp Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda önəmli mesajlar verib. Məktubda iki dövlət arasında olan münasibətlər və digər məsələlər yer alıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib ki, ABŞ Prezidenti Donald Trampın Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərməsi dövlət başçımızın liderlik səylərinin yüksək qiymətləndirilməsinin göstəricisidir. H.Babaoğlu bildirib ki, ABŞ-Azərbaycan münasibətləri bütün istiqamətlər üzrə yüksək tərəfdaşlıq münasibətləri səviyyəsindədir. Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi qlobal layihələr istər Avropanın, istərsə də Şimali Atlantika ölkələrinin qarşılıqlı mənafeləri və təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir: “Bütün bunlarla bərabər, ABŞ və Azərbaycan beynəlxalq münasibətlər sistemində bir sıra strateji istiqamətlər üzrə, o cümlədən hərbi-siyasi istiqamətlərdə geniş tərəfdaşlıq imkanlarına sahibdirlər. NATO yüklərinin Əfqanıstana daşınmasında, dünyada sülhün bərqərar olunmasında, təşkil olunmuş sülhməramlı missiyanın yerinə yetirilməsində ABŞ Azərbaycanla tərəfdaşlıq edir. ABŞ həm də dünya siyasətini müəyyən edən güc mərkəzlərindən biri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindəndir. Bütün bunlar ABŞ-Azərbaycan münasibətlərinin qarşılıqlı maraqlar kontekstində olduqca mühüm strateji əhəmiyyətə malik olmasını şərtləndirir”.
H.Babaoğlu deyib ki, bu günlərdə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda da məhz mühüm strateji istiqamətlərə toxunulması, dövlətimizin ərazi bütövlüyü ilə bağlı məsələləri önə çəkməsi və onu dəstəklədiyini bildirməsi hər iki ölkə arasında olan yüksək münasibətlərin göstəricisidir:"Bu, həm də Azərbaycanın beynəlxalq münasibətlərin müstəqil aktoru olaraq, bu münasibətlər sistemində nüfuzu kimi qiymətləndirilməlidir. Şübhəsiz ki, bu məktub həm də bundan sonrakı mərhələdə yeni dünya nizamı yaranması prosesində ABŞ və Azərbaycanın qarşılıqlı münasibətləri ilə bağlı əsas istiqamətləri müəyyən edən fikirlərdir. Belə proqnozlaşdırmaq olar ki, iki ölkə arasında münasibətlər bundan sonrakı mərhələdə də bütün sahələr üzrə inkişaf dinamikasına malik olacaq”.
Millət vəkili Nizami Cəfərov deyib ki, Amerika Prezidenti Donald Tramp həmişə Azərbaycanın Mütəqillik Gününü təbrik edib və Azərbaycan Prezidentinə həmişə çox dəyərli məktub göndərib və o məktubda da həmişə deyib ki, "Azərbaycan bizim dostumuzdur".
O, ABŞ Prezidenti Donald Trampın Respublika Günü münasibəti ilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunu Azərbaycanın dünya miqyasında gördüyü işlərin nəticəsi kimi səciyyələndirib: "Ona görə də, əlbəttə, bu, Azərbaycanın dünya miqyasında gördüyü beynəlxalq səviyyəli, beynəlxalq standartlara cavab verən həm daxili siyasətində, həm xarici siyasətində işlərin nəticəsidir. Çünki dünyanın super dövlətinin Azərbaycana, Azərbaycan Prezidentinə bu cür dəyər verməsi, həmişə vaxtından əvvəl Azərbaycanın Müstəqillik Gününü təbrik eləməsi, əlbəttə, çox böyük hadisədir və bundan sonra da Azərbaycan yalnız daxili məsələlərdə - insan hüquqları, Azərbaycan insanının həm maddi, həm mənəvi hüquqlarının qorunması, həm də dünyada baş verən hadisələrdə həmişə ən mütərəqqi mövqe tutması, demək olar ki, bütün beynəlxalq təşkilatlarda, sadəcə, iştirak etməsi yox, həm də onların hərəkatına ton verməsi, bunlar hamısı bir göstəricidir ki, Azərbaycan belə yüksək qiymətləndirilir".
Nizami Cəfərov Azərbaycanın işinin bütün daxili çətinlikləri aradan qaldırmaqdan və dünyada da baş verən böhranlarda həmişə yol göstərməkdən ibarət olduğunu qeyd edib: "Təbii ki, bu, böyük bir hadisədir və Azərbaycanın bu mövqeyi yüksəlir. Azərbaycan Prezidenti də həmişə onu deyib ki, "Bizim siyasətimiz bizim işimizdən ibarətdir, hansısa diplomatik kondikturalara getmək deyil". Azərbaycanın işi bütün daxili çətinlikləri aradan qaldırmaqdan, böyük uğurlara imza atmaqdan və dünyada da baş verən böhranlarda həmişə yol göstərməkdən ibarətdir. Bunun da külli miqdarda nümunəsini göstərmək olar. Bunu da yalnız biz daxildən görmürük, həm də dünyada, xaricdən görürlər".
Millət vəkili Aydın Mirzəzadə diqqətə çatdırıb ki, bu, sadəcə təbrik deyildi, bu, Azərbaycan-ABŞ münasibətlərinə verilən bir xarakteristikadır: “ABŞ sıradan bir ölkə deyil, dünya siyasətinin əsas aparıcı fiqurlarından biridir və onun ayrı-ayrı ölkələrlə münasibəti dünyada təhlükəsizliyin qorunmasında, iqtisadi inkişafın yüksəlməsində, dünya qarşısında duran böyük problemlərin həllində böyük rol oynayır.
Bu gün ABŞ da daxil olmaqla, dünyanın iri ölkələri Azərbaycanla münasibətə böyük əhəmiyyət verirlər. Ərazimizin kiçk, müstəqillik tariximizin qısa olmasına baxmayaraq qısa zamanda Azərbaycan dünya birliyində yüksək nüfuz qazana bilib”.
Deputat bildirib ki, Azərbaycan təhlükəsizliyin qorunmasına tövhəsini verir, milli dövlət quruculuğunda böyük nailiyyətlər əldə edir, regionda stabilliyin və sülhün əsas faktoruna çevrilir: “Bu baxımdan bugün ayrı-ayrı dövlətlərin, konkret olaraq ABŞ-ın Azərbaycanla münasibətlərinə çox böyük diqqət yetirirlər. Birgə fəaliyyət, Azərbaycanın təbii ehtiyatlarının istifadə etmə təcrübəsi böyük diqqətdədir. Aydın məsələdir ki, bu gün Dağlıq Qarabağ münaqişəsi Azərbaycan rəhbərliyinin səyi nəticəsində dünya gündəliyinin əsas problemlərindən biridir. ABŞ prezidentinin bu məsələyə diqqət yetirməsi, bu problemin həllini dəstəkləməsi əlbəttə vacib məsələdir. Hesab edirəm ki, bu gün Azərbaycanla ABŞ-ın əməkdaşlığı, dostluğu, strateji müttəfiqliyi hər iki ölkənin bir-birinə verdiyi qiymətlə bağlıdır”.
Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Cənab Prezidentin son illərdə beynəlxalq səviyyədə Azərbaycanın müstəqilliyini müdafiə etməsi, Qarabağ məsələsində daimi hücum möqeyində durması və Azərbaycanın beynəlxalq mövqeyinin gündən-günə güclənməsi Amerika kimi dünyanın super dövlətinin də Azərbaycana öz münasibətini bu cür ifadə etməsinə səbəb olub. Millət vəkili Amerika Azərbaycan münasibətlərinin artıq artan xəttlə inkişaf etdiyini bildirib: "Xüsusilə koronavirus pandemiyası dövründə Azərbaycan dünyanın bu sahədə ən aktiv və çevik fəaliyyət göstərən, nüfuz əldə edən dövlətlərindən biri kimi diqqəti cəlb etdi. İki zirvə toplantısının - həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının sədrliyini edən Azərbaycan prezidenti iki zirvə toplantısını videokonfrans şəklində koronavirusla mübarizəyə həsr etmiş oldu. Eyni zamanda, pandemiya ilə mübarizədə ÜST-ə Azərbaycan iki dəfə, hər dəfə 5 milyon dollar olmaqla ianə keçirtdi. Bundan başqa, digər ehtiyacı olan dövlətlərə də Azərbaycan öz köməyini göstərdi. Digər tərəfdən Amerika Azərbaycan münasibətləri artıq artan xəttlə inkişaf edir və get-gedə Azərbaycan həqiqətləri, xüsusən Ermənistan Azərbaycan Dağlıq Qarabağ konflikti Amerika siyasi dairələrində, o cümlədən Ağ Evdə və Amerika Senatında artıq daha düzgün dəyərləndirilir. Cənubi Qafqazda Azərbaycan Amerika Birləşmiş Ştatlarının etibarlı portniyoruna çevrilməkdədir".
Musa Quliyev Donald Trampın bu məktubunu Qarabağ konfliktinin yaxın vaxtlarda Azərbaycanın irəli sürdüyü şərtlər daxilində sülh yolu ilə çözüləcəyinə bir işarə adlandırıb: “Bütün bunlar hamısı onu göstərir ki, dünyanın bir super dövlətinin başçısının Azərbaycana bu cür məktub göndərməsi və məktubun Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi fikri ilə başlanması şübhəsiz ki, Qarabağ konfliktinin də yaxın vaxtlarda Azərbaycanın irəli sürdüyü şərtlər daxilində sülh yolu ilə çözüləcəyinə bir işarədir. Azərbaycan da qeyri-qanuni və qeyri-hüquqi heç bir şərt irəli sürmür. Azərbaycan dəfələrlə bəyan edib ki, BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə uyğun olaraq Azərbaycan bu konfiliktin öz ərazi bütövlüyü çərçivəsində həllinin istənilən variantını müzakirə etməyə hazırdır. Amerika da Minsk Qrupunun həmsədr dövlətlərindən biridir və söz sahibi kimi ola bilsin ki, yaxın vaxtlarda Dağlıq Qarabağ konfliktinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin yeni mərhələsinə qədəm qoymuş olacaq".