“Müsavatın parçalanmaq təhlükəsi var” Siyasət

“Müsavatın parçalanmaq təhlükəsi var”

Hüseyn Məlik: "Mən Arif Hacılını başqan kimi qəbil etmirəm"
Novella Cəfəroğlu: "Arif Hacılı 1-2 ilə özünü doğrultmasa partiya toplanıb yenidən sədr seçəcək"

Qurultaydan sonra Müsavatda yaranan gərginlikdən sonra əksər siyasilər bildirirlər ki, bu tendensiya parçalanmalara səbəb olacaq. Hər gün qarşılıqlı ittihamlar və bunun artıq təhqir müstəvisinə keçməsi söylənilənlərin özünü doğruldacağı ehtimalını gücləndirir. Son günlər Müsavat Partiyasının yeni başqanı Arif Hacılıya və onun tərəfdarlarına qarşı sərt ittihamlar səsləndirilir və tərəflər arasındakı münasibət tamamilə pozulub.
Xatrladaq ki, Müsavat funksioneri Vurğun Əyyub "Əhrar" Partiyasının sədri, Müsavat Partiyasına yeni seçilmiş başqan Arif Hacılının qardaşı Vaqif Hacıbəyli digər müsavatçı funksioner - başqanlığa namizəd olmuş Qubad İbadoğlunun tərəfdarı Vurğun Əyyubun onu tərbiyəsiz adlandırmasına "fasebook" vasitəsilə yazdığı münasibətində bildirib. Vaqif Hacıbəyli Vurğun Əyyuba eyham vuraraq, vaxtilə onun öz yoldaşları haqqında istintaqa yalan ifadə verməkdə suçlayıb: "İndi də keçək tərbiyədəki qüsurlar məsələsinə. Tərbiyəsizlik hərəkatda olan yoldaşların barədə istintaqa yalan ifadə verməkdi, onlar barəsində şər-şəbədə danışmaqdı..."
Müsavat rəsmisi Mustafa Hacıbəyli başqanlığa namizəd olmuş Qubad İbadoğlunun və onun tərəfdarlarının onları davamlı şəkildə ittiham etmələrinə münasibətini bildirərkən "mən Arif Hacılıya qarşı fikir bildirənləri səbirli olmağı arzulayıram",- deyib: "Çünki biz onları səbrlə dinləyirik və onları da səbrli olmağa dəvət edirik, vəssəlam". Mustafa Hacıbəyliyə qarşı tərəfin ittihamları davam edərsə susmayacağı barədə açıqlama verdiyini xatırlatdıqda isə o bildirib ki, həmin ifadəni digər mənada işlədib: "Mən susmayacağam, yaxud da cavab verəcəyəm deməmişdim. Sadəcə, Cəmil Ünal qurultaydan sonra çıxış elədi və orada da dedi ki, hər kəs bir-birini qucaqlayacaq, əl-ələ tutacaq. Kimsə fitnə toxumu səpirsə, onlara qapını göstərəcəksiniz. Yəni mən ondan bir sitat gətirmişdim sadəcə. Ona görə də səbrli olub, qarşı tərəfi axıra kimi dinləyəcəyik".
Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu isə növbəti dəfə müsavatçılara çağırış edib. O, bu barədə facebook hesabında yazıb: "...Son vaxtlar ayrı-ayrı müstəvilərdə, xüsusən sosial şəbəkələrdə müsavatçılar arasında qarşılıqlı ittiham üzərində qurulan müzakirələri zərərli hesab etdiyimdən Müqəddəs Qurban Bayramı öncəsi Sizə səslənirəm. Son nəticədə Müsavat üçün zərərli olan bu müzakirələri dayandırmağın bu əziz gündə edəcəyimiz ən böyük savablardan biri kimi taleyimizə yazılacağına inanıram".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini, Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətinin üzvü İbrahim Vəliyev sentyabrın 27-də Arif Hacılının Müsavat partiyasına yeni başqan seçilməsi məsələsini şərh edərkən deyib ki, Müsavat partiyasına yeni başqanın seçilməsi vacib və gözlənilən idi: "Çünki İsa Qəmbər uzun illər idi ki, Müsavat partiyasının başqanı idi. Ona görə də yeni başqanın seçilməsi zərurətə çevrilmişdi".
Müsavatın 8-ci qurultayında başqanlığa namizədlər arasında keçirilən seçkiləri də qiymətləndirən Vəliyev deyib: "Müsavatda seçkinin necə keçməsindən xəbərim yoxdur. Bilmirəm ki, bu seçki nə qədər demokratik, şəffaf, açıq və ədalətli keçirilib. Əgər bu seçki demokratik və ədalətli keçirilibsə, o zaman biz qurultay nümayəndələrinin iradəsinə hörmət etməliyik. Yox, əgər seçki zamanı saxtakarlığa yol verilibsə, bu xoşagələn hal deyil". İbrahim Vəliyev qeyd edib ki, Müsavatda başqanlığa Qubad İbadoğlu layiqli namizəd idi: "Mən Qubad İbadoğlunu 1988-ci ildən tanıyıram. İndiyədək onun hərəkətlərində hər hansı ciddi nöqsan görməmişəm. Amma nə üçün o seçilmədi, əvəzində isə Arif Hacılı seçildi, bu barədə də hər hansı fikir bildirə bilmirəm. Çünki əlimdə hər hansı fakt yoxdur. Şəxsən mən Müsavat partiyasına başqan olaraq Qubad İbadoğlunu layiq görürəm. Doğrudur, Arif Hacılı və Qubad İbadoğlu İsa Qəmbərə bağlı adamlardır. Amma Qubad İbadoğlu daha layiqli idi. Qurultayın səsverməsinin nəticələrinə görə də onların arasında çox az fərq olub. Bu isə o deməkdir ki, partiya üzvlərinin yarısı bir tərəfdədir, yarısı da digər tərəfdə. Yəni, Müsavatda ortaq fikir yoxdur. Mənim əlacım olsaydı, bu seçimlərdə cüzi səsvermə əvəzinə əksər səsvermənin nəticələrini əsas götürərdim. Bu isə o deməkdir ki, Müsavat partiyasının parçalanmaq təhlükəsi var. Çünki səsvermənin nəticələri, demək olar ki, yarı-yarıdır. Bu isə artıq ciddi narazılıq deməkdir. Əgər bu narazılıq davam edərsə, o zaman ciddi təhlükələr ortaya çıxa bilər. Yəni, partiyanın bölünməsi və parçalanması ola bilər. Çünki partiya üzvlərinin əksəriyyəti nə Arif Hacılını, nə də Qubad İbadoğlunu dəstəkləyir".
Bir müddət bundan öncə Müsavat Partiyasının lideri İsa Qəmbərin şəxsi sərəncamı ilə müsavir postundan azad edilən Hüseyn Məlik bildirib "mən Arif Hacılını başqan kimi qəbil etmirəm",- deyə bildirib. O, Arif Hacılını Müsavat Partiyasının başqanı kimi görmək istəmədiyini vurğulayıb.
Hüseyn Məlik Müsavat Partiyasının başqan namizədlərindən olan Qubad İbadoğlunun oktyabrın 6-na təyin etdiyi mətbuat konfransında hansı məsələlərin müzakirə olunacağına da aydınlıq gətirib: "Oktyabrın 6-da mətbuat konfransımız var. Ona kimi mətbuata olacaqlarla bağlı açıqlama vermək yasaq olunub. Nəyə görə? Çünki biz indidən bu barədə danışsaq, həmin mətbuat konfransı maraqsız olar. Biz bu barədə ancaq oktyabrın 6-da danışacağıq. Yəni, Qubad İbadoğlu tərəfdarları nə istəyir? Tələblərimiz nədir? Oktyabrın 6-da razılaşdırılmıs qaydada məsləhətləşib bir yerdə qərar çıxaracağıq".
Müsavat Partiyasının üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, Arif Hacılı 1-2 il özünü doğrultmasa partiya toplanıb yenidən sədr seçəcək: "Seçki hər kəsin gözü qarşısında baş tutdu. Ondan əvvəl nə olub olmayıb dərinliyinə varmıram". Partiyadaxili fikir ayrılıqlarının olduğunu deyən Cəfəroğlu etiraz edənləri qınayıb: "Müsavat Partiyasında da hər bir partiyada olduğu kimi söz-söhbətlər də olacaq, narazı qalanlar, seçkidə pozuntunun olduğunu deyənlər də olacaq. Narazı insanlar öz fikrini deməlidirlər...". O, hesab edir ki, əgər Arif Hacılı 1-2 il özünü doğrultmasa partiya toplanıb yenidən sədr seçəcək:
"Bu gün Arif Hacılı seçilib, ola bilər sabah Qubad İbadoğlu seçilsin, o da potensial namizəddir bu vəzifə üçün. 4 nəfər namizədliyini vermişdi, hamısını eyni vaxtda seçmək olmazdı axı. Qubad bəy ağıllı və çox sanballı insandır, ona görə də inanmıram ki, o, Müsavatdan getsin".

Əli