“Avropa Şurası zamanında Ermənistana təzyiq etsəydi...” Siyasət

“Avropa Şurası zamanında Ermənistana təzyiq etsəydi...”

Qənirə Paşayeva: "...yaşanan faciələr bəlkə də baş verməzdi"

Avropa Şurası Parlament Assambleyasında məruzəçi M. Schennachın hazırladığı "Assambleyanın monitorinq prosedurunda irəliləyişlər" adlı məruzəsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva assambleyanın işğalçı Ermənistana təzyiq göstərməməsini kəskin tənqid edib.
APA-nın xəbərinə görə, Q. Paşayeva məruzədə son aylar bölgədə gərginləşən vəziyyətin öz əksini tapmamasından narazılığını bildirib: "Cənab məruzəçi, mən sizin və assambleya üzvləri həmkarlarımızın diqqətinə sənəddə öz əksini tapmayan bəzi çox vacib məsələləri çatdırmaq istəyirəm və assambleyanı təcili addımlar atmağa çağırıram. Azərbaycan və Ermənistan Avropa Şurasına daxil olan zaman Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üzərlərinə öhdəlik götürüblər. Neçə illər keçməsinə baxmayaraq, heç bir nəticə və irəliləyiş yoxdur. Heç bir nəticənin əldə olunmamasının səbəbi Ermənistanın asambleyanın qəbul etdiyi 1416 saylı qətnaməni uzun illərdir ki, yerinə yetirməkdən imtina etməsidir. Məhz bunun nəticəsində də bölgədə vəziyyət getdikcə daha da gərginləşir. Mən sizin diqqətinizə son günlər bölgədə baş verən bəzi hadisələri çatdırmaq istəyirəm və assambleyanı onlara ciddi diqqət yetirməyə çağırıram. Sentyabr ayında Ermənistanın atəşkəs rejimini mütəmadi olaraq pozaraq mülkü insanları snayperlərlə hədəfə alması nəticəsində bir neçə mülkü vətəndaş öz evində, öz həyətində yaralandı. Ermənistanın atəşkəsi pozduğu zaman mülkü vətəndaşları erməni snayperlərindən, atəşlərindən qoruyan 13 Azərbaycan əsgəri şəhid oldu. 13 gənc insan Ermənistanın təxribatlarının qarşısını alarkən öz həyatlarını itirdi. Avropa Şurası bu məsələyə laqeyd yanaşmamalıdır. Əgər Avropa Şurası vaxtında, indiyə qədər işğalçı Ermənistana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəliklərin, 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində ciddi təzyiqlər etsəydi, bəlkə də belə böyük faciə baş verməyəcəkdi. Mən ümid edirəm ki, məruzəçi də daxil olmaqla, sizin hər biriniz regionda vəziyyətin daha da gərginləşməsini, gənc insanların öldürülməsini, gənc insanların həyatlarını itirməsini istəmirsiniz və bu məsələyə çox ciddi yanaşaraq önəmli addımlar atacaqsınız. Biz sizi işğalın bitməsi, Azərbaycan torpaqlarının azad olunması istiqamətində ciddi addımlar atmağa, Ermənistana ciddi təzyiq göstərməyə çağırırıq".
Qeyd edək ki, AŞPA-nın iclasında dünən çıxış edən Ermənistan nümayəndə heyətinin üzvü Aprine Hovhannisyan bütün çıxışını Azərbaycanın əleyhinə yönəldib. Yalan, qərəzli məlumatlar və ittihamla çıxış edən Ermənistan nümayəndəsi Azərbaycanda insan haqları ilə də bağlı qərəzli fikirlər səsləndirib.
Qənirə Paşayeva onun çıxışını da cavabsız qoymayıb. Millət vəkili bildirib ki, bir milyon azərbaycanlının evinə dönməsinə imkan verməyən işğalçı Ermənistan təmsilçisinin AŞPA-da insan haqlarından danışmaq haqqı yoxdur.
Müzakirələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistan nümayəndə heyətinin üzvünün çıxışına kəskin etirazını bildirib: "Təəssüf edirəm ki, Ermənistan nümayəndə heyətinin üzvü bütün çıxışını Azərbaycana həsr edərək yanlış, qərəzli məlumat və fikirlər səsləndirib. Qonşusunun, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən və bu gün də işğal altında saxlayan Ermənistanın təmsilçisinin bu Assambleyada hər hansı bir ölkəni tənqid etmək haqqı yoxdur. Bir milyon azərbaycanlını öz evindən qaçqın və məcburi köçkün salan və bu gün də onların öz evlərinə dönməsinə imkan verməyən bir ölkənin millət vəkilinin Avropa Şurası Assambleyasında insan haqlarından danışmaq haqqı yoxdur".
Qənirə Paşayevanın sözlərinə görə, işğalçı bir ölkənin, bir milyon insanın haqlarını 20 ildən artıqdır ki, tapdalamaqda davam edən Ermənistanın insan haqlarından dəm vurub kimlərəsə dərs keçmək haqqı yoxdur və çox gülünc görünür: "Ermənistan nümayəndə heyətinin üzvü Aprine Hovhannisyan bunlardan danışsa daha yaxşı olardı. Yaxşı olardı ki, o, yalan, qərəz dolu məlumatlarla bütün çıxışını Azərbaycana həsr etməkdənsə öz ölkəsində insan haqlarının vəziyyətindən və ümumiyyətlə ölkəsindəki vəziyyətdən danışaydı. Avropa Şurası, Parlament Assambleyası da daxil olmaqla çox sayda beynəlxalq təşkilatlar Ermənistanı insan haqlarının tapdalanması da daxil olmaqla çox məsələlərdə tənqid edirlər. Ermənistan millət vəkili Hovhannisyan onlardan danışsa daha yaxşı olardı. Onun Azərbaycan haqqında səsləndirdiyi fikirlər qərəzdən və yalandan başqa bir şey deyil və çox təssüf edirik ki, onlar bu kimi addımlara əl atırlar".
Qənirə Paşayeva AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırıb: "Ermənistan AŞ qarşısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəlik götürüb. Heç bir addım atmayıb. AŞPA 1416 saylı qətnamə qəbul edib amma Ermənistan bu günə kimi bu qətnaməni yerinə yetirməkdən imtina edir. Ona görə də AŞPA artıq Ermənistanın bu addımlarına öz sərt münaibətini bildilməli, ona qarşı sərt addımlar atmalıdır. Öz evinə dönə bilıməyən və insan haqları işğalçı Ermənistan tərəfindən tapdalanmaqda davam edən azərbaycanlı qaçqın və məcburu köçkünlər sizdən bunu gözləyir və sizi buna çağırırlar".