“Hüquq-mühafizə sistemində polisin rolu isə həmişə xüsusi əhəmiyyət kəsb edib” Siyasət

“Hüquq-mühafizə sistemində polisin rolu isə həmişə xüsusi əhəmiyyət kəsb edib”

Anar Məmmədov: “Qanunun aliliyi təmin edilmədən sabitliyə, inkişafa nail olmaq mümkün deyil”

“Hüquq-mühafizə sistemi müstəqil dövlətin ən mühüm təsisatlarından biridir. Dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə birbaşa bağlıdır. Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur, vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla əhatə olunanda azad olur. Azərbaycanın dövlətçilik tarixində bu ənənələr daim əsas götürülüb. Tarixən mövcud olan klassik cəmiyyətlərdən tutmuş müasir demokratik cəmiyyətlərə qədər olan bütün dövrlərdə mövcud dəyərlər həmişə həmin dövrə müvafiq olan hüquqla tənzimlənib. Hüquq-mühafizə sistemində polisin rolu isə həmişə xüsusi əhəmiyyət kəsb edib”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov səsləndirib: “Bildiyimiz kimi, polis dövlət idarəçiliyi sisteminin ana xəttini təşkil edir. Çünki qanunun aliliyi təmin edilmədən ictimai asayişi, təhlükəsizliyi qorumaq, sabitliyə, inkişafa nail olmaq mümkün deyil. 2 iyul - Polis Günü daxili işlər orqanlarının yaradılması və peşə bayramı kimi qeyd edilir. Bu əlamətdar günün qeyd olunmasının əsası ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 iyun tarixində imzaladığı Sərəncamla qoyulmuşdur. Ümummilli lider hər zaman hazırkı Azərbaycan Respublikasını 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hüquqi və siyasi varisi hesab edirdi. Ona görə də ölkəmizdə polis orqanlarının yaradılmasının tarixi də AXC-nin yaranması ilə təqribən üst-üstə düşür. Bu gün yaradılmasının 102-ci ilini bayram edən Azərbaycan polisi gərgin və şərəfli inkişaf yolu keçib. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçərək, həm cümhuriyyət, həm də sovetlər birliyi dövründə öz şərəfli missiyasını layiqincə yerinə yetirib, cinayətkarlıqla mübarizənin ön sıralarında duraraq daxili asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayıb, böyük təcrübə qazanıb, təşkilati cəhətdən möhkəmlənib. Təbii ki, polisin şanlı tarixinin ən mühüm mərhələləri, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra Daxili İşlər Nazirliyinə dövlət qayğısı güclənməklə xalqa sədaqətli kadrların irəli çəkilməsinə, vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildi. Bunun nəticəsi idi ki, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Ermənistanın təcavüzünə qarşı mübarizənin ön sıralarında mərdliklə döyüşən polis yüzlərlə şəhid versə də, öz vətəndaşlıq borcunu sonadək yerinə yetirdi”.
A.Məmmədov bildirib ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli liderin başladığı böyük quruculuq işləri digər sahələrdə olduğu kimi, daxili işlər orqanlarının fəaliyyətində də öz əksini tapdı: “Azərbaycan polisi Heydər Əliyevin rəhbərliyi altında qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində fəal iştirak edərək xidməti vəzifələrin öhdəsindən fədakarlıqla gəldilər. Ölkənin hüquq-mühafizə orqanları ilə çiyin-çiyinə dövlət çevrilişinə cəhdlərin və terror aktlarının qarşısının alınmasında, mütəşəkkil cinayətkar qrup və dəstələrin ləğv edilməsində, əllərdə qanunsuz saxlanılan odlu silahların yığılmasında qətiyyət və peşəkarlıq nümayiş etdirdilər.
Ümummilli lider yaxşı bilirdi ki, sağlam vətəndaş cəmiyyəti qurmaq, güclü Azərbaycan dövləti yaratmaq üçün başlıca amil sabitlik və əmin-amanlıqdır. Yalnız ictimai asayişin bərqərar olduğu cəmiyyətdə inkişaf mümkündür. Buna görə də əsaslı islahatlar davam etdirilərək qanun yaradıcılığı sahəsində ciddi nailiyyətlər əldə olundu. 1994-cü ildə “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanın imzalanması ilə dövlət quruluşunun mühafizəsinə və insan hüquq və azadlıqlarına yönələn cinayətkar qəsdlərə qarşı mübarizədə əsaslı dönüş yarandı. Aparılan islahatlar nəticəsində ölkədə cinayətkarlığın sayı, demək olar ki, minimuma endirildi. Bununla yanaşı Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul “Azərbaycan Polisi günü” elan olundu. Sonrakı dövrlərdə isə ulu öndərin ölkə həyatının bütün sahələrində böyük uzaqgörənlik və müdrikliklə həyata keçirdiyi islahatlar, imzaladığı fərman və sərəncamlar idarəetmədə təkmilləşmənin başlanğıcını qoydu. Nazirlik sistemində yeni struktur qurumlar yaradıldı. Maddi-texniki təminatın yaxşılaşdırılması üçün zəruri tədbirlər görüldü. Şəxsi heyət dövlət qayğısı ilə əhatə olundu.
Bütövlükdə Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş qanunlar və imzalanan fərmanlar müstəqil Azərbaycanda demokratik cəmiyyət quruculuğu istiqamətində möhkəm hüquqi bazanı formalaşdırdı. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir və zənginləşdirilir. Bu, hüquq- mühafizə sistemində, habelə polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artırır və bu şərəfli peşədə çalışmaq üçün hər bir polis əməkdaşına stimul verir. Son aylarda isə xüsusən də koronavirus pandemiyası dövründə polisin şücaətini, qətiyyətini, eyni zamanda, humanistliyini, sələflərinin ənənələrinə sədaqətliliyini hər bir Azərbaycan vətəndaşı gördü. Hər kəs bir daha əmin oldu ki, Azərbaycan polisi bu çətin günlərdə şərəf və ləyaqətlə öz vəzifə borcunu yerinə yetirir. Arxada qoyduğumuz illərin danılmaz həqiqətlərindən biri də budur ki, artıq heç bir qüvvə daxili işlər orqanlarına vətənə xidmət borcunu yerinə yetirməkdə mane olmaq iqtidarında deyil!”.